Utancaqlıq insanın sağlamlığına mənfi təsir etməsə də, onu rahat yaşamağa, şəxsi həyatını qurmağa, karyerada uğur qazanmağa imkan vermir. Belə ki, utancaq adamlar özlərinə qapanır, yeni tanışlıqlardan, yeni mühitlərdən və həyacana səbəb olan yerlərdən qaçırlar.
Utancaq şəxslər
Cəmiyyət içində özünü göstərə bilməmək, aşağı mənlik düşüncəsi və ictimai əlaqələrdə çatışmazlıq ilə özünü göstərir. Başqalarının özünü qəbul etməyəcəyi, bəyənməyəcəyi, tənqid edəcəyi fikri daima mövcuddur. Davamlı olaraq öz özünü tənqid edir, özünü bəyənmir və davamlı olaraq özü ilə maraqlanır.İctimai əlaqələrdən uzaqlaşmaq, qrup yığıncaqlarında iştirak etməmək, şifahi ünsiyyətə girməmək tipik davranış formalarıdır. Başqalarının fikirləri onlar üçün çox əhəmiyyətlidir və davamlı olaraq özlərini təsdiq etməyə ehtiyac duyurlar. Başqa şəxslərlə ünsiyyət qurmaq ,qruplarda iştirak etmək istəsələr də bunu edə biləcək ünsiyyət bacarıqlarına sahib olmadıqlarından heç cür buna cəsarət edə bilmirlər.
Özlərini tək, bədbəxt, çarəsiz hiss edirlər. Davamlı ətrafındakıları özündən daha yaxşı , gözəl, yaraşıqlı, müvəffəqiyyətli, təşəbbüskar olaraq görürlər. Müsbət istiqamətlərini əsla görmürlər və başqalarının onların ən kiçik bir səhvini görəcəyindən və onunla lağ edəcəyindən narahat olurlar. Ümumiyyətlə tək qalmağı ya da bir tək adam ilə yoldaşlıq etməyi seçirlər. Özlərinə inamları yoxdur.
İnsanlarla əlaqəyə girdikdə böyük bir həyəcan hiss edirlər , əlləri titrəyə və üzləri qızara bilər. İctimai fobiya və depressiya ilə üzləşə bilərlər. Onlarda əsasən aşağıdakı xüsusiyyətlər müşahidə olunur:
- Münasibət qurarkən ən kiçik bir mənfiliklə qarşılaşdıqda geri çəkilə bilərlər.
- Sevildiyindən əmin olmadıqca insanlarla əlaqəyə girmək istəməzlər.
- Lağ mövzusu olacağı qorxusu ilə yaxın əlaqələrdə özünə qapalılıq göstərirlər.
- Daima cəmiyyət arasında tənqid olunacaqları ya da xaric olunacaqları barədə düşünürlər.
- Yeni insanlarla eyni mühitdə olduqda gərginlik hiss edirlər.
- Özlərini ictimai işlərdə bacarıqsız, ya da başqalarından aşağı görürlər.
- Səhv edəcəklərini,etdiklərinin yaxşı qarşılanmayacağını düşündüklərinə görə yeni fəaliyyətlərə qatılmaq istəmirlər.
Əslində utancaqlıq kiminsə nəyisə bacarmaması, pis bilməsi və eybəcər olması ilə bağlı bir hiss deyil. Çox vaxt bunun əksinə olaraq utancaq adamlar çox ağıllı olur, bir çox sahədə bacarıqları ilə fərqlənirlər. Lakin öz davranışlarına görə narahatlıq onlara ictimai yerlərdə öz fikirlərini deməyə imkan vermir. Onlar öz qərarlarını səsləndirməkdən qorxaraq kütlədə heç bir diqqət çəkmirlər.Utancaq insanlar adətən diqqət əskikliyindən də əziyyət çəkirlər. Ona görə ki, təlaşdan onlar söhbətin məğzini anlamır və çox şeyi unudurlar. Yaxşı olar ki, belə adamlar fikrini baş verən hadisəyə yönəldib tərləməsi, üzlərinin qızarması, əl-ayaqlarının əsməsi və səsinin titrəməsi əvəzinə danışılan söhbəti dinləsinlər. Öz hisslərinə qapanmaqdansa, ətrafda baş verənlərə nəzər salmaq və diqqəti bu istiqamətdə cəmləmək lazımdır. “Əgər fikrinizi cəmləyə bilmirsinizsə, yanınızdakı insanlardan onlar barəsində nəsə soruşun, çalışın onlarla danışasınız. Onların dediklərini diqqətlə dinləyin. Onda görəcəksiniz ki, söhbət edib və söhbəti dinləyəndə diqqət utanmağınıza deyil, söhbətin məğzinə yönələcək. Nəticədə özünüzü rahat hiss edəcəksiniz”.
Utancaqlığın səbəbləri arasında ana- atanın səhv tərbiyə forması, böyümə və inkişaf dövründə davamlı olaraq tənqid etmə,uşaqlarla kobud rəftar,rədd etmə mövqeyi göstərməsi kimi səbəblər göstərilir.
Utancaqlıq duyğusundan azad ola bilərsiniz
Utancaqlıqla mübarizə aparmaq üçün insan, ilk növbədə, özünü olduğu kimi qəbul etməli və bu cür də görünməkdən utanmamalıdır.Daim öz hərəkətlərinizi analiz etməkdən, özününüzü günahlandırmaqdan,özünüzə qarşı tələbkar olmaqdan da çəkinin.Özünüzün təkrarolunmaz olduğunuzu və heç kimə bənzəmədiyinizi anlayın.Ən əsası özünüzə güvənin və bu hissi inkişaf etdirərək başqalarına da nümayiş etdirin.Əgər utancaqlıqdan qaça bilmirsizsə, onda bunu başqalarına da etiraf edin.Bunu etiraf etmək, nə qədər qəribə olsa da, utancaqlığı və həyəcanı minimuma endirir.
Nəzərlərin sizə yönəldiyini hiss etdiyiniz anda üzünüzün qızarmağının qarşısını ala bilmirsinizsə, utancaqlıq problemi ilə necə başa çıxacağınızı bilməlisiniz. Özünüzdən bunu soruşun: səhnə işıqları üzərinizdəykən narahatlıq hiss edirsinizmi? Səhnə işıqları dedikdə,tək başınıza göz önünə çıxıb, bütün nəzərlərin üzərinizdə cəmləndiyi anlardan bəhs olunur. Bunlar sizin başa çıxa bilmədiyiniz, həyəcandan titrəməyinizin qarşısını ala bilmədiyiniz anlardır? Bir an əvvəl, oradan sakit bir otağa keçmək və rahatlaşmaq istəyirsiniz? Bu suallara cavabınız “ Bəli “ dirsə, amma səsli şəkildə dilə gətirməyə çəkinirsinizsə, qorxmayın, siz tək deyilsiniz. Çünki dünyada bir çox insanın utancaqlıq problemi var. Və əlbəttə o bir çox insan, bu çəkingənlik probleminini aradan qaldırmaq üçün mübarizə aparır. Qabığı qırmaq bir sehirli dəyənək toxunuşu ilə mümkün deyil. Biraz zaman, səy və dəyişiklik üçün istək lazımdır.
Sizi nəyin utancaq hiss etdirdiyini müəyyənləşdirin
Kimlərinsə tamaşaçı olaraq sizi izlədiyi bir yerdəmi utancaq hala gəlirsiniz?Yeni bir vərdiş öyrənərkənmi? İnsanlar ətrafınıza toplaşdıqda və sizi günahlandırdığındamı? Heç kimi tanımadığınız bir yerdə tək başınıza qaldığınızdamı?
Konkret olaraq hansı düşüncənin sizi utancaqlığa sövq etdiyini müəyyənləşdirin. Bu düşüncəni ağılınızdan çıxarmaq üçün, ” mən ” mübtədasından istifadə edərək öz özünüzə bəzi cümlələri təkrarlayın. ” Mən bunu edə bilərəm “, ” Mənim bəzi təkliflərim var ” kimi. ” Utancaq bir uşaq ” – dan daha çoxu olduğunuzu ətrafa göstərin.
Özünüzə etibarınızı bərpa edin
Bir kütlə qarşısındaykən, necə göründüyünüz, səsiniz ya da paltarınızdan daha çox; nə bildiyinizi, nə edə bildiyinizi və nəyi bacardığınızı düşünün. Ətrafınızdakı hər kəsin bəzi əskiklikləri ola biləcəyini düşünün. Onların problemləri onları utandırmazkən sizinki niyə sizi utandırsın?
Gözlərinizi bağlayın və necə bir situasiyada utana biləcəyinizi gözünüzdə canlandırın. Zehninizdəki gözlər, özünüzə etibarınızı bərpa edəcək. Bunu tez-tez təkrarlayın. Çox mənasız görünə bilər lakin özünə güvən yaratmaq üçün bunun çox təsirli bir üsul olduğunu unutmayın. İdmançılar qabiliyyətlərini inkişaf etdirmək üçün gözdə canlandırma üsulundan istifadə edərkən, siz niyə bunu istifadə etməyəsiniz?
Bədən dilinizi inkişaf etdirin
Bədən dilinizə açıq və ünsiyyətcil xüsusiyyəti yerləşdirin. Gülümsəyin və göz kontaktından qaçmayın. Tanımadığınız birisi də olsa bir başqasının gözünün içinə baxıb kiçik amma səmimi bir gülümsəyişlə, həm sizin həm də qarşınızdakının günü gözəl keçəcək. Gülümsəmək, gözəl bir dialoq başlatmaq üçün də yaxşı bir yoldur. Buzlarınızı qırar və üz əzələlərinizi rahatlaşdırar.Dik dayanma və dəqiq danışmanı praktikadan keçirin. Dik dayanmaq, ətrafa, özünüzə güvən duyduğunuz təəssüratını verir. Dəqiq danışmaq utanma potensialını, zümzümə etmə və çox səssiz danışma problemini aradan qaldırmağa kömək edir.
Gülməkdən qorxmayın
Sizin üçün gülməli olan şeylərə gülün. Ciddi görünmə istəyinizi bir geyim halına gətirib özünüzü sıxmayın. Unutmayın, gülmək, rahatlaşmağınıza kömək edər.
Yeni münasibətlər qurun
Adi vaxtlarda danışacağınızı düşünmədiyiniz insanlarla danışın. Ortaq maraq sahələriniz olan, bu səbəbdən paylaşacağınız bir şeylər tapa biləcəyiniz insanlarla yoldaş olmağa çalışın. Səmimi bir dialoqu başlatmaq üçün sadə cümlələrlə giriş edə bilərsiniz.
Maraqlı təcrübələr yaşayın
Xəyal belə edə bilmədiyiniz qeyri – adi sahələrlə maraqlanın. Həqiqətən sizin üçün fərqli ola biləcək şeylər edin. Paraşütlə tullanmaq kimi…
Təbii ki, bu qədər şişirdilmiş olması şərt deyil. Amma insanlarla söhbət edərkən izah edə biləcəyiniz, maraqlı mövzular yaratmaq üçün bir şeylər edin.
Özünüzü başqalarıyla müqayisə etməyin
Özünüzü başqalarıyla müqayisə etmək, özünüzü qeyri – kafi hiss etmək, bundan dolayı da daha utancaq hala gəlməyiniz üçün sizə zəmin hazırlayar. Bu səbəbdən özünüzü yalnız öz şərtləriniz içində qiymətləndirin.
Xəzər Universitetinin psixologiya fakültəsinin II kurs tələbəsi
Arzu Rzayeva