Şükür etmək və arzulamaq

dua

İnsan övladı niyə bu qədər naşükürdü görəsən? Hər səhər oyanıb bu gözəllikləri görə, ətrafdakı səsləri eşidə biliriksə, düşünə biliriksə, düşündüklərimizi, fikirlərimizi insanlara çatdıra biliriksə və sadalamaqnan bitməyən bu gözəlliklərə sahibiksə bizdən daha xoşbəxti varmı bu dünyada???

Bütün bunlar bizdən soruşulmadan verilib və tam olaraq pulsuz şəkildə. Biz bunlara sahib olmaq üçün heç bir cəhd etməmişik, heç bir qarşılıq verməmişik. Bütün bunların fərqinə varmadan bəzən bir ömür yaşıyıb gedirik. Sahib olduqlarımızn qədrini bilmək onlar üçün Şükür etmək bu qədərmi çətindir? Axı niyə? Sizdən bir gözünüzü böyük bir məbləğ müqabilində istəsələr nə edərdiniz? Yəgin ki çox böyük əksəriyyətiniz “Yox dünyanı versələr də verə bilmərəm” deyəcək.

Niyə axı ancaq bu zaman necə gözəl dəyərlərə malik olduğumuz yadımıza düşür? Bir kor insan görəndə gözümüz olduğu üçün Şükür etmək yadımıza düşür. Ancaq o zaman nə qədər şanslı olduğumuzu xatıralayırıq. Sahib olduqlarımızın fərqinə varmaq üçün mütləqdirmi ki onlara ehtiyac duyan insanları görək sonra fərqinə varaq? Dünyanın ən zəngin insanlarından biri olduğunuzu bilirsinizmi? Sizə sizin nə qədər zəngin biri və nə qədər şanslı biri olduğunuzu qısa misallarla izah etməyə çalışacam.

Bədənimizdə 100 trilyon hüceyrə var. Hər dəqiqədə bunlardan 300 milyonu ölür. Əgər daima bu yenilənmə prosesi getməsəydi 230 günə bütün hüceyrələrimiz məhv olardı. Beynimizdə 13 milyard sinir hüceyrəsi var. Dünya əhalisinin sayından təxminən 2.5 dəfə çox. Bunların sayəsində beynimiz bizim orqanizmimizdə gedən bütün reaksiayalara nəzarət edir, bizim özümüzü ətrafımızda olan hadisələri dərk etməyimizi təmin edir. Bədənimizdə 4milyon ağrıya həssas 500.000 toxuma dedektoru vardır. Gözlərimizin arxasında 150milyon ayrı-ayrı işıq qəbuledicilər vardır. Bu qəbul edicilər milyardlarca fotonu nəzərdən keçirir. Əgər insan gözünə bənzər bir cihaz düzəltmək mümkün olsaydı buna 68 milyon dollar vəsait lazım olardı və bu cihazın ölçüsü təxminən bir ev böyüklüyündə olardı. Bizi digər canlılardan fərqəndirən şüurumuz var. Bunun sayəsində biz qərarlar qəbul edirik. Müzakirələr edirik. Düşünə, arzulaya, xəyal edə bilirik. Zənnimcə, düşünə bilməyin özü bir möcüzədir. Bu tip çox saylı misallar çəkmək mümkündür. Düşünürəm ki, bu qədəri hər şeyin fərqinə varmağımığız üçün kifayət edər. Bizə bu gözəllikləri verdiyi üçün ALLAHa hər an Şükür etsək belə yenə də azdır. Bizə bu möhtəşəm sərvət, əvəzi olmayan gözəlliklər biz bunları Ondan istəmədən sadəcə bizi düşündüyü üçün verilib. Biz istəmədən bizə bunları verən Rəbbim biz istəsək gör bizə nələr verər…Bəlkə biz istəməyi bacarmırıq…Bəlkə də nə istəyimizi bilmirik…Bəlkə də istəklərimizi özümüzə layiq bilmirik…Məncə bu haqda biraz düşünək…Bəzən nəyisə arzulamağa belə qorxuruq. Qorxduğumuz üçün çox azını arzulayırıq və arzuladığımız reallaşan zaman isə mən bu qədər azına layiqəmmi deyə sual veririk özümüzə. Amma bu qədər azını biz özümüz özümüz üçün istədik. İlk başdan özümüzə bunu layiq bildiyimiz üçün çoxunu arzulamadıq…

Bir rəvayətdə qeyd olunur ki, bir kasıb və halal adam varmış.Bu kasıb insan hər zaman işləyər, bütün günü çörək pulu qazanmaq üçün bir şeylər edərdi. Bununla yanaşı ibadətindən də qalmazdı. Hər gün də ALLAHa “ALLAHım mənə bir tikə çörək pulu qazanmağa yardımçı ol. Səndən çox şey istəmirəm. Hər gün çörək pulumu qazanım mənə bəsdi” deyə dua edərmiş. Və beləcə günləri keçərmiş. Bir gün bu kişi dünyasını dəyişir və Cənnətə düşür. Görür ki, Cənnətdə ALLAH ona bir gözəl villa hədiyyə edib.Villanın həyətində də gözəl güllər, çiçəklər, quşlar, hovuz bir sözlə insan övladının düşünə biləcəyi hər cür gözəllik var. Kişi bunları görüb əl açıb ALLAHa belə deyir: “Ey uca RƏBBİM, mənə bu gözəllikləri axı niyə o dünyada vermədin mən ki sənə hər zaman dua edirdim.” ALLAHdan səs gəlir ki, “Ey qulum düzdü sən hər zaman mənə ibadət etdin, dua etdin mən də sənə qarşılığında bunları mükafat olaraq verdim. Amma sən mənə o dünyada dua edərkən hər zaman bir tikə çörək pulu istədin, Mən də sənə verdim. Sənə Məndən istədiyini verdim.”

Biz daima Şükür etməyi və nə istədiyimizi bilməliyik. Əlimizdə olanların və istədiklərimizin fərqində olmalıyıq. Sahib olduqlarımızın dəyərini itirdikdən sonra deyil indidən bilməliyik. Arzularımıza da diqqətlə yanaşmalıyıq. Mən bunu niyə? nə üçün? arzulayıram. Bu arzuladığım həqiqətən də mənə lazımdırmı? Bunun mənə və ətrafımdakılara faydası nə olacaq? Əldə etmək istədiyimi əldə etdikdən sonra həyatımda nə kimi müsbət dəyişikliklər olacaq? Özümüzə bu sualları verməklə fərqindəliyimizi artıraraq həyatımızı daha da rahat bir hala gətirə bilərik. Son olaraq sizlərə tövsiyyə edirəm ki, Şükür etməyi unutmayın. Heç düşündünüzmü sahib olduqlarınız bəlkə də yüzlərlə insanın xəyalıdı. Sizin sahib olduğunuz üçün nə qədər şanslı olduğunuzu belə düşünmədiyiniz şeylər bəlkə də kimlərinsə duasıdı, kimlərinsə həyatını dəyişə biləcək möcüzələridi…

Həkim-pediatr,psixoterapevt

Cəmalə Əlirzayeva

Share to Odnoklassniki

Tags: