Keçmişin yükünü gələcəyə daşımaqmı , gələcəyi keçmişin yükündən xilas etməkmi ?
- Home
- Xəbərlər
- Keçmişin yükünü gələcəyə daşımaqmı , gələcəyi keçmişin yükündən xilas etməkmi ?
Keçmişdə müsbət və mənfi bir çox hadisələr yaşayırıq. Müsbət yaşantılarımızı “xatirə”, mənfi yaşantılarımızı isə “dərs” adlandıraraq gələcəyə addımlayırıq.
Bəs bunu bacarırıqmı?
Keçmişdə yaşadığı neqativ hadisələrə təcrübə gözü ilə baxıb, “bunu yaşamağım mənə nə öyrətdi?” sualını cavablandıraraq dərs çıxarıb, etdiyi səhvləri ilə üzləşməyi bacarmayanlar keçmişin yükünü gələcəyə daşımaq məcburiyyətində qalır və bu yük ilə gələcəyə addımlamaqda çətinlik çəkirlər.
Getdiyiniz bir yolu düşünün, əlinizdə daşımalı olduğunuz ağır yük varkənmi daha rahat addımlayıb yolu yorulmadan, rahat şəkildə qət edə bilərsiniz, yoxsa əlinizdə daşımalı olduğunuz heç bir şey olmadan daha rahat gedə bilərsiniz?
Zənnimcə, bu suala cavab vermək o qədər də çətin olmadı.
Keçmişdə yaşadığınız neqativ hadisələri də yol gedərkən əlinizdə daşıdığınız o ağır yük kimi düşünün. Dünənizi qaraldan neqativ hadisələrin bu gününüzü və sabahınızı da qaraltmasına icazə verməyin.
Keçmişdə yaşadığınız neqativ hadisə hər nədirsə, onu oradan götürüb onunla üzləşmək, hesablaşmaq, qəbullanmaq və onu orada qoyub yolumuza qaldığımız yerdən davam edə bilmək iradəsini göstərməliyik.
Yəni keçmişə gedib hekayəni dəyişib geri qayıtmalıyıq.
Keçmişdə yaşananların əsiri olmaq əvəzinə gələcəyimizin qəhrəmanı olmağı seçmək bizim öz əlimizdədir.
Bizi bloklayan, gücümüzü azaldan, gələcək enerjimizi əlimizdən alan keçmiş yüklərimizdən azad olub yaralarımızı sağaltmaq mövzusunda qərarlı olmalıyıq.
Keçmişdəki səhvlərimiz, onlardan çıxardığımız təcrübələr gələcəyimizi inşa etmək üçün ehtiyacımız olan materiallardır.
Qüsurlu keçmişimizdə ilişib qalaraq qüsursuz gələcək inşa edə bilmərik.
Unutmayaq ki, həyatımızda əldə etdiyimiz uğurlar və gözəl olan nə varsa, keçmişdəki səhvlərimizin və təcrübələrimizin əsəridir.
“Heç kim keçmişini satın ala biləcək qədər zəngin deyildir” ( Oscar Wilde ).
Devizimiz birdir: “Üzləş, hesablaş, bağışla, qəbul et, yoluna davam et”.