Sağlam olmayan ana-övlad münasibətlərində ən çox rast gəlinən, ananın həddindən artıq təzyiqçi və qoruyucu davranışları ilə müşahidə olunan bu məqamı “Aşiq Ana Sindromu” və ya “Hegemon Ana Sindromu” adlandırırlar.
Belə analar öz övladları üzərində tam hökmranlıq qurur, onları diktator kimi idarə edir, “əl üstündə” böyüdürlər. Övladı üzərində nəzarəti itirdikdə, narahatlıq, huşunu itirmə, bayılma, ağlama atakları, xəstələnmə və kədər döngüsünə girmə kimi isterik reaksiyalar göstərirlər.
Övladlarına son dərəcə bağlı olan hegemon analar əslində onları təmizə çıxarmaq istəyirlər. Öz analarından görə bilmədikləri yaxınlığı, diqqət, maraq və sevgini övladlarına göstərməyə çalışaraq, psixoloji inkişaf mərhələlərindəki itkilərini kompensasiya etmək üçün şüursuz bir səy göstərirlər. Öz anaları tərəfindən emosional aclıq çəkən hegemon analar, əslində övladlarının istəklərini yerinə yetirərək, ehtiyaclarını qarşılayaraq öz emosional aclıqlarını qarşılamağa çalışırlar.
Övladının hər hansı bir neqativ hal yaşamaması üçün onun yerinə qərar verən, onun üçün hər şeyi edən hegemon analar övladlarını fiziki olaraq böyüdə bilsələr də, psixoloji olaraq böyüməsinə mane olurlar. Bu anaların övladlarının müstəqilliyi və özünə inamı tam olaraq inkişaf etmir və onlar yetkinlik dövründə özgüvən əskikliyi fonunda bir sıra psixoloji problemlərlə baş-başa qalırlar.