Araya məsafələr girdiyində sağlam münasibəti qorumaq mümkündürmü?
Niyə də olmasın?
Bu gün uzaq məsafəli münasibətlərdə sağlam balansı qorumaq üçün diqqət edilməli olan məqamları diqqətinizə çatdırmaq istərdim:
1. Ehtimalları sıfırlayın.
İnsan beyni öncəliklə ən pis ehtimalları düşünə bilən bir mexanizmdir, pis ehtimalları ən başda düşünür. Məsələn, zəngə cavab vermir, mesaja gec baxırsa, deməli nəsə pis bir işlə məşğul olduğunu, zəng etdiyinizdə məşğuldursa, deməli başqası ilə danışdığını düşünürsünüz. Halbuki bəlkə işlə bağlı telefonla danışır, ona görə mesajınızı da görməmişdir. Beyninizdə mənfi ehtimallar qurmaq əvəzinə, zənginizə və ya mesajınıza cavab verdiyində “Gec cavab verdin, narahat oldum, hər şey yolundadırmı?” deyə soruşmağınızda fayda var.
2. Hər münasibətdə mübahisələr və gərginliklər yaşanır. Bütün mövzularda eyni fikirdə ola bilməzsiniz. Fikir ayrılıqları yaşandığı və mübahisəyə doğru istiqamət aldığı zaman aranızda məsafələr olduğunu unutmayın. “Bu haqda görüşdüyümüz zaman danışarıq, indi uzadıb aramızı pozmayaq, aramıza hər hansı pis fikir, ya da şübhənin girməsinə icazə verməyək” deyib mövzunu yumşalda bilərsiniz.
3. Hər gün zəng edib danışmaq, səsini eşitmək, hətta görüntülü zəng edib üzünü görmək münasibətinizi sağlam tutacaq.
Aranızda məsafələr varkən zəng etməmək, maraqlanmamaq, diqqət göstərməmək sizi bir-birinizdən uzaqlaşdırıb aranızı soyuda bilər. Zəng edib danışmaq mesajlaşmalarda yarana biləcək yanlış anlaşılmaların qarşısını alar. Məsələn, mesajda bir ifadə işlətdin, halbuki demək istədiyin bu deyildi. Bu cür yanlış anlaşılmalara yol verməmək üçün zənglə həm səs tonunuzu, həm vurğunuzu, həm emosional vəziyyətinizi ortaya qoymuş olacaqsınız.
4. Sürprizlər. Bəli, kiçik, gözlənilməyən sürprizlər münasibətdə sağlam balansı qoruyar. Desəniz ki, hər kəs sürpriz sevmir, bəli, haqlısınız. Kişilərin demək olar ki, 80%-i sürprizləri xoşlamır. Bunun səbəbi isə budur ki, kişilər situasiyaları kontrol altında saxlamağı, yəni dominantlıq etməyi sevirlər. Sürprizlə qarşılaşdıqda isə ağıllarına “Vəziyyət mənim idarəetməmdən çıxdımı? Mənim niyə xəbərim olmadı bundan?” -kimi fikirlər gəlir.
Bunun əksi olaraq qadınların böyük əksəriyyəti isə sürprizləri sevirlər, haqsız da sayılmazlar. Çünki həyatındakı qadına xoşuna gələ biləcək sürprizlər etmək kişinin ona dəyər verdiyini, onu önəmsədiyini və xoşbəxt etməyə çalışdığını göstərər.
Texnologiyanın sürətlə inkişaf etdiyi bu dövrdə uzaq məsafədən sürpriz etmək çox asandır. Alış-veriş saytlarından xoşuna gələcəyini bildiyiniz bir geyim və ya aksessuar, o cümlədən gül mağazasından üzərində özəl bir notla ünvanına gül göndərməyiniz ona olan diqqətinizi göstərəcək və özünü dəyərli hiss edəcək.
5. Ən önəmlisi bəlkə də budur. Uzaq məsafədən sağlam münasibətinizi nə qədər qorusanız da, müəyyən aralıqlarla üz-üzə görüşməyiniz də lazımdır. 15 gündən bir və ya ən az ayda 1 dəfə görüşmək sağlam balansı qoruyacaq. 4-cü hissədə qeyd edildiyi kimi bu görüşmələri də ona xəbər vermədən, gözləmədiyi vaxtda qarşısına çıxıb sürpriz halına gətirməyiniz lap əla olacaq.
Görüşdüyünüzdə bir-birinizin gözlərinə baxmaq, darıxdığınızı hiss etdirəcək qucaqlaşmalar, əl-ələ tutmaq, təmas etmək ( müəyyən sərhədlər çərçivəsində) aranızdakı bağlılığı daha da gücləndirəcək və ondan uzaq olduğunuz zamanlarda da sizə güc verəcək.
Son olaraq uzaq məsafə münasibəti yaşayan bütün cütlüklərə təməlində qarşılıqlı hörmət, güvən, etibar dayanan sağlam münasibət arzu edirəm.
Müəllif : Leyla Əliyeva – Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu