Baxdığınız fallar çox vaxt düz çıxır? Bürcləriniz sizə uyğun gəlir? Sosial şəbəkələrdə şəxsiyyət testləri işləyərkən haqqınızda doğru təxminlər yazılır? O zaman bu yazını oxumağa davam edin.
Aşağıda sizə aid bir sıra təhlillərim olacaq. Tam olaraq sizə uyğun gəlməsə də haqqınızda təxmini düşündüklərimi yazacam. Görək doğru təxmin etmişəm?
Başqalarının sizi bəyənməsinə, sizə heyran olmasına ehtiyac duyursunuz, lakin eyni zamanda özünüzə tənqidi yanaşmağa meyllisiniz.
Xarakterinizin bəzi zəif tərəfləri var amma əksər hallarda bunu gizlətməyi və ya başqa güclü tərəflərinizlə əvəzləməyi bacarırsınız.
Öz xeyrinizə çevirə biləcəyiniz halda istifadə etmədiyiniz çox önəmli tutuma sahibsiniz.
Kənardan özgüvənli və disiplinli göründüyünüz halda içdən içə qayğılı və güvənsizsiniz. Bəzən doğru qərarı verib vermədiyiniz, doğru hərəkəti edib etmədiyinizlə bağlı beyninizdə ciddi şübhələr yaranır.
Müəyyən miqdarda dəyişikliyə və fərqliliyə üstünlük verirsiniz. Məhdudiyyətlər, qadağalar içində yaşamaq sizi xoşbəxt etmir.
Müstəqil düşüncəli olduğunuz üçün özünüzlə qürur duyursunuz və başqalarının iddialarını qane edici faktlar olmadan qəbul etmirsiniz. Ancaq özünüz haqqında danışarkən çox səmimi dürüst olmağı ağıllı hərəkət hesab etmirsiniz:)
Bəzi zamanlarda çox ünsiyyətcil, sosial, hər şeylə maraqlanan, bəzən də özünə qapanan, sakit səssiz bir yerdə özüylə baş başa qalıb düşünən biri olursunuz.
Çox qeyri-adi gerçəkliyə uyğun olmayan arzularınız var.
Yuxarıdaki təhlil psixoloq Bertram R. Forer tərəfindən 1948-ci ildə bir tədqiqat üçün tədqiqatın keçirildiyi günə aid bir astroloji proqnozdan götürülmüşdür. Daha sadə dildə desək hər gün izlədiyimiz bürclər haqqında yazılan mətnin qısa parçasıdır. Forer tədqiqat üçün tələbələrinə içərisində yuxarıdaki yazılar olan zərflər vermişdir. Tədqiqatın sonundaki göstərici 4,26 (uyğun gəlib gəlmədiyini 0-5 arası qiymətləndirmə ilə müəyyənləşdirib) olmuşdur.
Bu cür təhlil və təfsirlər hər insanın şəxsinə uyğun gələcək şəkildə yazıldığı üçün bizə çəkici görünür. Ümumiyyətlə belə açıqlamalar bütün variantları özündə birləşdirir.
Müəllif : Mətanət Əliyeva – Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin Uşaq Psixologiya bölməsinin rəhbəri, psixoloq