Hər insan həyatı boyunca enişlər və çıxışlar yaşayar.Yaşanan münaqişələr , tərsliklər və xəyal qırıqlıqları yaşayaraq şəxs özünü qəmgin, ümidsiz hiss edə bilər. Bu kimi hallarda depressiv reaksiyalar vermək tamamilə normaldır.Ancaq bir çox insan belə bir hallarla qarşılaşdıqda yaşadığı üzüntü halını “depressiya” kimi qəbul edə bilər.Lakin depressiya üzüntüdən daha dərin bir problemdir.
Bəzi insanlar depressiyanı “qaranlıq bir həyatda yaşamaq” kimi qiymətləndirirlər.Bununla birlikdə boşluq hissi, ümidsizlik, halsızlıq, aqressiya və narahatlıq hissi görülə bilir.
Depressiya şəxsin həyatına ciddi şəkildə mənfi təsir göstərir.Şəxs dərs oxumaq,işləmək hətta yemək və yuxu gündəlik rituallarını həyata keçirməkdə şətinlik çəkər.İnsanın əylənmək və zövq almaq hissi sanki itir.
Depressiyada olduğunuzu necə müəyyən edə bilərsiniz?
Əgər aşağıdakı əlamətləri özünüzdə görürsünüzsə və bu uzun müddətdir davam edirsə, depressiyada olma ehtimalınız yüksəkdir :
Az ya da çox yatırsınızsa!
Diqqəti toplamada çətinlik çəkirsinizsə;
Ümidsizlik hissi varsa;
Çarəsizlik hissi varsa;
Qəmgin hiss edirsinizsə;
Qorxularınız varsa;
Dəyərsiz hiss edirsinizsə;
Sizi heç kimin başa düşmədiyini görürsünüzsə;
Daha əvvəl gördüyünüz işləri indi görməkdə çətinlik çəkirsinizsə;
İştahsızlıq və ya çox iştah varsa;
Əsəbi və aqressiv hiss edirsinizsə;
Səbəbsiz baş ağrılarınız varsa;
İntihar düşüncələriniz varsa.
Nə vaxt mütəxəssisə müraciət etməlisiniz?
Depressiya özünüzü günahlandıracağınız və ya utanacağınız bir xəstəlik deyildir.Çünki cəmiyyətdə ən çox rast gəlinən xəstəlik məhz depressiyadır.
Əgər depressiv hiss edirsinizsə və bu ən az 2 həftə davam edirsə, vaxt itirmədən mütəxəssisə müraciət etməyiniz tövsiyə olunur.
Depressiya simptomları öz-özünə keçməyə bilər və əgər terapia olunmasa daha da kəskinləşə bilər.Bu zaman həm fizioloji, həm psixoloji narahatlıqlar yaşaya bilərsiniz.
Depressiya gücsüz hiss etdirdiyi üçün dəstək almaq və ya bununla mübarizə aparmaq ilk başda sizin üçün çətin görünə bilər.Lakin özünüzə qapanmağınız vəziyyəti daha da ağırlaşdırar.Çarəsiz və ümidsiz hiss etməyiniz depressiya əlamətidir.Bu sizin zəif və ya aciz olduğunuz mənasına gəlməz.Vacib olan depressiyanın fərqində olmaq və bunu aradan qaldırmaq üçün cəhd göstərməyinizdir.Unutmamalıyıq ki, depressiya ən çox görülən xəstəliklərdən biridir və aradan qaldırmaq üçün zaman itirmək sağalma müddətini daha da uzadır.
Müəllif : Gülər Zaman – Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin klinik psixoloqu