İntihar problemi hər zaman və bütün cəmiyyətlərdə mövcud olan problemlərdəndir. İntihar digər insanların iştirakı olmadan özünü könüllü şəkildə həyatdan məhrum etməkdir. Hər bir intihar ailələrə, icmalara və bütün ölkələrə təsir edən faciədir və bu faciə əhaliyə uzunmüddətli təsir göstərir. İntihar həyat dövrü boyunca baş verir və dünyanın bütün regionları üçün xarakterikdir.
Araşdırmalara görə, intiharı planlaşdıran insanların 75% – i bu və ya digər şəkildə öz niyyətlərini bildirməyə meyyli olurlar. Bu həm açıq hədələr, həm də zəif sezilən işarələr olur. Planlaşdırılan intiharın əlamətləri söhbət zamanı üzə çıxır və qarışıq hisslərlə özünü göstərə bilər: bir tərəfdən ümidsizlik, digər tərəfdən, xilasa ümid.
Bəzən sadə dəstək sözləri kömək edə bilər, buna görə planlaşdırılan intihar haqqında anlaya biləcəyiniz əlamətləri bilmək çox vacibdir. Bu əlamətlər davranış, şifahi və sosial ola bilər. Birinci əlamət qrupunda ölümlə bağlı davamlı ifadələr və qeyri-sağlam zarafatlar qeyd olunur, davranış nümunələri şəxsi əşyaların qəfil paylanması ilə özünü göstərə bilər. Bu həmçinin adət edilmiş davranışın kəskin dəyişməsini nəzərdə tutur. Situasiya əlamətləri ailədə, alkoqolizmdə, sosial təcriddə, gözlənilməz böhranda özünü göstərir. İntiharların səbəblərini təhlili göstərir ki, onların arasında əsas olanlar aşağıdakılardır: yaş böhranı; şəxsiyyətin psixi pozuntuları; boşanma; ailənin olmaması; sağalmaz xəstəlik; işin olmaması; tənhalıq. Statistik məlumatlara görə, intihar cəhdlərinin 30% – i bir müddətdən sonra təkrarlanır, 10% – i isə həyata keçirilir. Bundan əlavə, intihar cəhdləri tamamlanmış intihar hallarından daha tez-tez müəyyən edilir.
İntihar davranışı deviant davranışın formalarından biridir və subyektdə intihara dair fikirlərin yaranması, onların düşünülməsi, intihar planının hazırlanması kimi patoloji düşüncə tərzinin olması deməkdir. İntihar davranışı da özünü həyatdan məhrum etmək cəhdlərini bilavasitə yerinə yetirməyi nəzərdə tutur.Ümumdünya Səhiyyə Təşkilatının verdiyi statistik məlumatlara görə, tamamlanmış intihar aktlarının sayı orta hesabla ildə səkkiz yüz min hal təşkil edir. 15 milyondan çox insan müxtəlif səbəblərdən intihara yönəlmiş hərəkətlər edir. Hər il intihar hərəkətləri nəticəsində ölüm halları qeydə alınmış bütün ölüm hallarının təxminən 1% – ni təşkil edir.
Sosioloqlar müəyyən ediblər ki, əksər hallarda 15 yaşdan 25 yaşa qədər olan yeniyetmə və gənc insanlar intihar qurbanı olurlar. İkinci pik yetkin yaşa – 40-dan 60-a qədər olan dövrə düşür. İntihar hərəkətlərinin bir çox təsnifatları var. İntihar niyyətləri intihar düşüncələrini, fikirlərini, təcrübələrini, meyllərini əhatə edir. İntihar davranışın şiddətinə görə fərqlənə bilər.· Birinci dərəcə – passiv intihar düşüncələridır. İnsan öz ölümü mövzusunda təsəvvürlərlə, fantaziyalarla xarakterizə olunur. Məsələn, “ölsəydim daha yaxşı olardı”, “kaş yatıb oyanmamaydım” və s .sözləri ola bilər.
İkinci dərəcə-intihar planlarıdır. Bu, intihara cəhdlərin fəal təzahürüdür. Reallaşdırma planının inkişaf dərəcəsi paralel olaraq dərinləşir. İntihar yolları, hərəkətin vaxtı və yeri düşünülür. Üçüncü dərəcə-intihar niyyətləridir. Onlar fikirlərdən irəli gəlir və iradəli qərarlarla tamamlanır. İntihar fikirlərinin ortaya çıxmasından onların həyata keçirilməsi cəhdinə qədər olan dövr bəzən dəqiqələrlə (kəskin presuisid), bəzən aylarla (xroniki presuisid) hesablanır. Bəzən bunu görmək olar, amma bu cür ardıcıllıq heç də həmişə müşahidə edilmir, xüsusilə kəskin presuisidlərlə “impulsiv” intihar hallarından danışmaq məqsədəuyğun deyil. İntihar başqaları üçün tamamilə gözlənilməz olduğu halda hərəkətin motivsız olduğu anlamına gəlmir.
İntihar növlərini üç kateqoriyaya bölürlər:nümayişkaranə intihar-psevdosuisidlər;həqiqi intihar;gizli intihar.
Demonstrativ intihar. O, tez-tez qısamüddətli, spontan, qəflətən baş verən intensiv affekt halında baş verir. Həm də psevdosuisid, başqalarının diqqətini özünə cəlb etmək niyyəti ilə intihar etməyə çalışdığı zaman hipertrofik isterik reaksiyaların təzahürüdür. Belə olan halda intihar tədbirləri cəmiyyətə özünü tanıtmaq və ya ondan lazımi səmərə əldə etmək cəhdidir. Nümayişkaranə intihar bir şantaj növüdür. Ölüm, bir qayda olaraq, bir təsadüf nəticəsində baş verə bilər.
İkinci növ -həqiqi intihardır. Bu, nümayişkaranə parasuisidin tam əksidir. Həqiqi intihar fərdin həyatını dayandırmaq, ilkin hazırlıq tədbirləri keçirmək və dəqiq plan hazırlamaq barədə qeyd-şərtsiz qərar qəbul etməsini nəzərdə tutur. Həqiqi intiharların məqsədi-istənilən yolla və istənilən vasitələrlə həyatına son qoymaqdır. Bu zaman subyekt yalnız öz qərarını rəhbər tutur, yaxınların fikirlərinə və reaksiyalarına fikir vermir. Bəzi hallarda intihar etmək qərarı şəxs tərəfindən müstəqil qəbul edilmir, ona kənardan hər hansı bir təzyiqin nəticəsidir. Həmçinin, bir şəxs tərəfindən təkbaşına həyata keçirilmədiyi, öz xahişi ilə digər şəxslərin köməyi ilə baş tutan intihar həqiqi intihar adlanır.
Üçüncü növ-dolayı(gizli) intihardır. Bu, insanların qəsdən intihar şərtləşdirilmiş davranışı seçdiyi bir vəziyyətdir. Bu davranış modeli dərhal ölümlə nəticələnmir, lakin subyektin bütün əməlləri real ölümlə nəticələnmənin ehtimalı ilə müşayiət olunur.Gizli intihara bir insanın zərərli meyllərinin (alkoqolizm və narkomaniya). mövcudluğunu aid etmək olar: Gizli intihar növünə ağır xəstəlik zamanı tibbi yardımdan şüurlu şəkildə imtina da aiddir. İntihar hərəkətlərinin gizli növlərinə həm avtomobili idarə edərkən yol hərəkəti qaydalarına qəsdən məhəl qoymamaq, həm də təhlükəsizlik texnikasına nümayişkaranə şəkildə etinasızlıq daxildir. Bunlar ekstremal idman növləri ilə müvafiq hazırlıq olmadan və lazımi avadanlıq olmadıqda məşğuliyyətlərdir. Qaynar nöqtələrdə hərbi münaqişələrdə könüllü iştirak və ölümcül təhlükəli əyləncələrdə iştirakı da qeyd etmək olar.
Postsuisidal vəziyyyətin tipləri :
1) Tənqidi tip. Münaqişə aktuallığını itirir. Bir insanın utanc hissi var. İntiharın təkrarlanması ehtimalı minimaldır. Yardım istiqaməti-rasional psixoterapiya.
2) Manipulyativ tip. Münaqişənin aktuallığı azalmışdır. İntihar hərəkətlərinin məqsədlərə nail olmaq və ətrafdakılara təsir vasitəsi ola biləcəyi aydınlaşır. Əsl sui-qəsdlərin nümayişkaranə şantajlara çevrilməsi tendensiyası var. Yardım istiqaməti – intihara qarşı mənfi münasibətin inkişaf etdirilməsi, təkrar intiharların qarşısını almaq üçün cavab şablonunun dəyişilməsidir.
3) Analitik tip. Münaqişə hələ də aktualdır. Əməllərinə görə peşmançılıq hissi. Lakin münaqişə aktuallığını itirmədiyindən çıxış yolu axtarılır və tapılmazsa, təkrar intihar ehtimalı çox yüksəkdir. Yardım istiqaməti-hüquqşünasların və digər xidmətlərin köməyinə cəlb edilməsi ilə münaqişənin aradan qaldırılmasıdır.
İntiharların profilaktikası vaxtında psixoloji yardım və dəstəkdən ibarətdir. Bundan əlavə, insanlar, xüsusuilə yeniyetmələr, özlərini tabutda, ailəsini kədər içində, eləcə də onların günah hisslərini təsəvvür edirlər. Bu obrazın dağıdılması üçün onları intihar yerindən tapıldıqdan sonra necə görünəcəyini göstərmək vacibdir. Belə metodlarla hərəkət edərkən, onarın son dərəcə həssas olduğunu və hər hansı bir sözə reaksiya gözlənilməz ola biləcəyini xatırlamaq vacibdir.
Niyyətlərini etiraf edən bir insana yardım etmək çox vacibdir. Səmimi maraq və anlayış intihara qərar verən insan üçün ən vacib hissdir. Dialoq elə aparmalıdır ki, insan öz hərəkətinin mənasızlığını, eləcə də onun yaxınları üçün kədərli nəticələrini dərk etsin. Qınamadan, problemi açıq ifadə etməsinə görə təşəkkür edib, vəziyyətdən çıxış yolu tapmağa çalışacağınızı vurğulamaq olar. Belə bir söhbət insana dərin depressiya vəziyyətindən çıxmağa və ən azı intihar planlarını təxirə salmağa kömək edə bilər. Bu, ona niyyətlərini tamamilə unutmağ üçün bir şans verə bilər.
Müəllif : Gültəkin İsmayılova – AMEA Fəlsəfə İnstitutu “Sosial psixologiya” şöbəsinin kiçik elmi işçisi, Psixoloji Xidmət və Reabilitasiya Mərkəsinin psixoloqu