Günahkarlıq neqativ bir hissdir. Bu hissin müxtəlif nəzəriyyələrdəki izahına baxaq. Ziqmund Freyd yaşadığımız bir çox hisslərin şüuraltında yaşandığını irəli sürmüşdür.
Günahkarlıq hissi ilk münaqişələrdə yaranan bir sıra hisslərdən azad olmaq üçün yaranmışdır. Məsələn, valideynlərindən birinə olan əsəb şüuraltı günahkarlıq hissi yaradır.
Erikson 3-5 yaş inkişaf dövrünə təşəbbüskarlıq qarşısında günahkarlıq dilemması adı vermişdır. Bu baxımdan yeni yeni kəşf və maraq içində olan uşağın təşəbbüskarlığı əngəlləndiyində, mühakimə olunduğunda , günahlandırıldığında , gələcəkdə yaşadığı bir çox hadisədə özünü günahkar hiss edir. Bu yaş dövründə valideynin yanlış yanaşmasının uşaqda günahkarlıq hissinin toxumlarını əkdiyini söyləyə bilərik.
Koqnitiv nəzəriyyənin əsas fərziyyəsinə görə əgər insan günahkarlıq hiss edirsə , bunun qaynağı zehindən keçən neqativ düşüncələrdir. Məsələn , insan fikirləşir ki, başqalarının yaşadığı talehsizliklərin, acıların, pis hadisələrin məsuliyyətini daşıyır. Bu zaman hadisələri ya ifrat fəlakətləşdirir, ya da ifrat ümumiləşdirir.
Bu səbəbdən insan koqnitiv olaraq bu düşüncələrinin yanlış, xətalı olduğunun fərqində olanda , daha düzgün və gerçək düşünməyi öyrəndiyində günahkarlıq hissindən azad ola bilir.
Əgər özünü bir çox hadisədə günahlandırırsansa , bundan qurtarmaq çətindir, amma imkansız deyildir. Daha artıq fərqindəlik ilə özünə dəyər, şəfqət göstərərək günbəgün bundan qurtara bilərsən. Həyatında yaşadığın əngəllər, etdiyin xətalar sənin özünü inkişafın və günahkarlıq hissini aşmağın üçün bir yol olmalıdır. Keçmişdə baş verənləri geridə buraxıb, öz məsuliyyətini dərk edib, ona sahiblənə bilməlisən. Bu zaman özünü günahlandırmadan imtina edə bilərsən.
Müəllif : Nigar Muradova – Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin klinik psixoloqu