Hər hansı müəyyən bir mövzuda şəxsin öz performansıyla bağlı keçirdiyi narahatlıq, həyəcan, performansının aşağı düşməsinə səbəb olan önəmli faktorlardan biridir.Bu cür qayğı həmçinin təhsil və iş həyatında da özünü göstərməkdədir.
Ali məktəblərə qəbul imtahanı, rəqabətə və peşə seçiminə əsaslanan təhsil sistemi, imtahan sisteminin tez-tez dəyişməsi, imtahanın cəmiyyət tərəfindən ölüm-qalım məsələsi kimi qavranılması və ona həyatın mənası kimi yüklənən anlam abituriyentlərdə həyəcan-stress faktorunu aktuallaşdırır. Xüsusilə də ailə üzvlərinin və yaxın ətrafının imtahanla bağlı yüksək gözləntiləri onlarda həyəcanın artmasına, stress səviyyəsinin qalxmasına əsaslı təsir göstərir.
İmtahan həyəcanı öyrənilən biliklərin imtahan zamanı effektiv şəkildə istifadə edilməsini əngəlləyən və uğur faizinin aşağı düşməsinə səbəb olan faktor kimi dəyərləndirilir.
İmtahan həyəcanı abituriyentlərdə həm psixoloji, həm də fizioloji problemlərə yol aça bilir. Belə ki, onlarda sıxıntı, qərarsızlıq, uğursuzluq qorxusu, həvəssizlik, özgüvənin aşağı düşməsi, yetərsizlik əlamətləri ilə yanaşı ürəkbulanma, titrəmə, tərləmə, ağızda quruluq, qarın ağrısı, yuxu rejiminin pozulması kimi fizioloji əlamətlər də özünü göstərir.
Bu zaman abituriyentə “sakit ol”, “özünü ələ al”, “yaxşı hazırlaş” kimi ifadələr istifadə etmək həyəcanın daha da artmasına səbəb olur.
İmtahanla bağlı həyəcanı iki hissəyə ayıra bilərik: imtahanaqədərki həyəcan və imtahan zamanı həyəcan.
Bu postda sizə imtahanqabağı həyəcanın idarə olunması üçün ipucları verəcəm.
Abituriyentlərin imtahanqabağı həyəcanın qurbanı olmamaqları üçün etməli olduqları nələrdir?
Hədəfi müəyyən etmək;
Qərarlı olmaq ( “5 saniyə” texnikası bu yolda sizə kömək edə bilər.);
Öyrənmə məqsədli oxumaq;
Öyrənmə metodlarını özünəməxsus şəkildə müəyyən etmək ( özünə “nəyi bilirəm, nəyi bilmirəm?”, “bunu ən asan formada necə yadda saxlaya bilərəm?”- kimi suallar vermək və cavab axtarmaq faydalı olacaq);
Öyrənmə zamanını idarə etmək ( Bunun üçün Pomodoro texnikası əla seçimdir.);
Motivasiyanı yüksək tutmaq ( bunun üçün fiziki aktivliyi təmin etmək, gün ərzində idmana zaman ayırmaq çox faydalı olacaq, gündə 15-25 dəq. gimnastika etmək həm ruh yüksəkliyinizi təmin edəcək, özgüvənli hiss etməyinizə səbəb olacaq, həm də həyəcanın azalmasına və effektiv öyrənməyə yardımçı olacaq).
Bütün bunlara baxmayaraq yenə də imtahan həyəcanınızı idarə etməkdə çətinlik çəkirsinizsə, mütəxəssis dəstəyi almağınız tövsiyə olunandır. Psixoterapiya ilə 1-2 ay müddətində problemin qalıcı olaraq həlli mümkündür.
Bütün abituriyentlərə uğur və inam arzu edirəm! Unutmayın, özünəinam qələbənin yarısıdır!
Müəllif : Leyla Əliyeva – Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu