Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmovun adalet.az-a müsahibə verib.

154482529_903555880411913_5180574505910246224_o

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmovun adalet.az-a verdiyi müsahibəni sizlərə təqdim edirik.

Son dövrlər intiharların sayı ölkəmizdə həddən artıq çoxalıb. İntihara meyillilik nədəndir? Daha çox kimlər intihara cəhd edirlər? Mövzu ilə bağlı Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmovun fikirlərini öyrəndik.

-Elnur müəllim, intihardan danışaq…

-İntihar və intihar cəhdinin gənc yaşlarda daha çox olmasının səbəbi, bu mərhələdə somatik, psixi və sosial mənşəli şiddətin və bir çox psixoloji narahatlığın bu yaş dövründə başlaması ilə əlaqədardır. Uşaqlıq dövründə ölümlə bağlı fikirlər, 5 yaşında ölümün geri qayıdışının olması, 9 yaşından sonra isə yetkin insan kimi ölümü qavramasıdır. Yəni intihar düşüncəsi daha çox 11 yaş və ondan yuxarı yaşdakı gənclərdə müşahidə olunur. İntihar düşüncəsinin erkən yaşda müəyyən olunması, irəlidə intihar etmə riskini mühim dərəcədə azaldır.

-İntihara meyillilik…

-İntihara meyilli insanların tipik xüsusiyyətləri yoxdur. Amma yaxın çevrə və ailədən uzaqlaşma, narahatlıq, kədərli və təşvişli görüntü, təhsil sahəsində nəticələrin zəifləməsi, şübhəli qəza və yaralanmalar, tez-tez ölüm haqqında danışma, kiçik intihar cəhdləri və evə qapanma, yıxıcı davranışlar, alkoqol-dərman qəbulu kimi davranışlar ciddi simptomların göstəricisi ola bilər. Təhsil mühiti və ailədaxili problemlər, intihar düşüncəsinin və cəhdinin yaranmasında ən riskli faktorlardır. Təhsil müəssisəsi uşaqlar və gənclər üçün özlərini sosial və akademik baxımdan təsdiq etdikləri ən vacib mühitdir. Buna görə də intiharların bir çoxu bu yaş dövründə müşahidə olunur. Xüsusilə, yeniyetmə və gənclərdə dostlarının intiharlarından sonra özlərinə zərər vermə davranışları daha da artır. Uzunmüddətli ailədaxili deadaptiv davranışlarda, imtina olunma və ya ani itkilərdə də tez-tez intihar cəhdlərinə rast gəlinir. Erkən müdaxilənin uşaq və yeniyetmələrdə bu düşüncədən uzaqlaşmaq üçün müsbət təsirləri vardır.

-Gənclər niyə intihar edir?

-Ümidsiz hisslərdən qaçmaq üçün; digər insanların davranışlarını və ya vəziyyətlərini dəyişdirmək istədiyi üçün; əgər psixoloji problem yoxdursa, intihar çox hallarda dostları tərəfindən uzaqlaşdırılma, damğalanma (etiketlənmə) və nüfuzunun itməsi, yaxud valideynlərini cəzalandırma xarakteri daşıyır. Öz dəyərini anlamır, valideynlərini özündən məhrum buraxaraq cəzalandırmaq istəyir. Çünki gənclərdə həyatın mənası hələ tam formalaşmır və bu məna hələ ki, valideynlərinin və sevdiyi şəxsin onlara verdiyi dəyərlə eyniləşdirilir.

Dözülməz situasiyalardan qaçmaq üçün; ailənin təzyiqi, ailədaxili problem və narahatlıqlar, çox hallarda gənclərin intiharına səbəb olur. Xüsusilə, qızlara ciddi təzyiqlər olur.

Diqqət çəkmək istədiyi üçün; ailələr gənclərin intiharla bağlı fikirlərini ciddiyə almalıdırlar. İntihar edərək ölən hər bir gənc ən azı 1 dəfə bu istəyini ifadə etmişdir.

Ölən biri ilə ölmək istədiyi üçün; sevdiyi insanları itirməyə dözmədiyi üçün intihar cəhdi edə bilər.

Cəzadan qaçmaq istədiyi üçün; ailədə ciddi təzyiq, fiziki/cinsi istismara məruz qalma gəncləri intihara sövq edir.

Məsuliyyətdən qaçmaq istədiyi üçün; gənclər həll edə bilmədikləri problemlərə görə və kömək ala biləcəyi insanlara çata bilmədikləri üçün çıxış yolunu ölümdə görürlər. Narahatlıqlarını ifşa edə biləcəkləri, yönəldə biləcəkləri sahələr olmayan gənclər, öz daxili dünyalarına sıxışır və kömək axtarışına başlayır.

Sevgini ifadə etmək istədiyi üçün; gənclik dövrü hisslərin ən çox yaşandığı mərhələdir və yeniyetmə, gənc şəxsiyyət axtarışındadır. Ailədə görmədiyi sevgi, diqqət və qayğını qarşı cinsdə axtarırlar. Hisslərinə qarşılıq görməkdikləri zaman sevgi əskikliyini ölümü seçərək ifadə edirlər.

Kimisə itirmək, münasibətin bitməsi, universitet və ya məktəbə gedə bilməmək və s kimi konkret hadisələr yaşadığı üçün; bu cür hadisələr gənclərə mənfi istiqamətdə təsir göstərir və həyatlarına son verməklə nəticələnir.

-Risk qrupuna kimlər daxildir:

Əvvəllər intihar cəhdi olan şəxslər, narkotik maddə, dərman və alkoqol təsirində olan və bu maddələrin əskikliyini yaşayan şəxslər, cinsi pozuntuları olan şəxslər, təqlid edən və ya başqalarını təkrarlayan şəxslər risk qrupuna daxildirlər. Depressiya yaşayan insanların əksəriyyəti intihar etmir amma intihara meyilli insanlar depressiv olurlar. Xəyal qırıqlığı yaşayan, əsəbi, aqressiv, günahkarlıq hissi yaşayan, kədər kimi hisslərdən ən az birini yaşayan insanlar da intihara meyilli olurlar. Onu da qeyd edim ki, şizofrenlərdə mənasız və məqsədsiz intihar müşahidə oluna bilər.

Share to Odnoklassniki