Müsahibə – “İntiharlarla bağlı siqnallara ciddi yanaşılmalıdır”

90784070_222086185544319_8073876103673937920_n

“Bu gün intihar edənlərin əksəriyyəti sağlam və cavan insanlardır”

“Bunlar onu göstərir ki, əsasən psixoloji faktorlar səbəbindən intihar edənlərin sayı çoxdur”

Ölkəmizdə intiharlarla bağlı durum ürəkaçan deyil. Hətta vəziyyət olduqca gərgindir. Təəssüf ki, hər gün bir deyil,üç-dörd intihar hadisəsi qeydə alınır. İnsanlar müxtəlif səbəblərdən canlarına qıyır.

Psixoloq Elnur Rüstəmov “Sherg.az”a açıqlamasında bildirib ki, intiharlar əsasən stress faktorunun çox olması ilə əlaqədardır:
“Bu gün intihar edənlərin əksəriyyəti sağlam və cavan insanlardır. Bunlar onu göstərir ki, əsasən psixoloji faktorlar səbəbindən intihar edənlərin sayı çoxdur. Məsələn, əvvəllər uzun müddət xəstəlikdən əziyyət çəkən insanlar, zərərli vərdişləri olanlar və tənha şəxslər intihar edirdisə, bu gün fərqli mənzərənin şahidi oluruq. Bu da onu göstərir ki, günümüzdə daha çox psixoloji narahatlıq faktorundan dolayı insan özünə qapanır və canına qıymaq fikrinə düşür”.
E.Rüstəmov mövcud durumdan çıxış yollarını da diqqətə çatdırıb:
“İntiharların qarşısını almaq üçün insanlar ilk növbədə bir-birinə qarşı diqqətli olmalıdırlar. Xüsusən də ailə üzvləri. İntiharla bağlı hansısa siqnal və fikir eşidirlərsə, mütləq həmin düşüncəni ciddiyə alıb tədbir görməlidirlər. Düşünürəm ki, KİV-lərdə intiharla bağlı xəbərlər az işıqlandırılsa, daha yaxşı olar. Çünki intihara əngəl olan qabaqlayıcı tədbirlərdən biri budur. İnsanların həyat keyfiyyətini artırmaq, onların psixoloji dayanıqlılığını qoruyub saxlamaq və stressə dözümlülüyü artırmaq üçün cəmiyyətdə maariflənmə işi aparılmalıdır. Bu, intiharların qarşısını almaqda vacib hal olacaq”.

Yeganə Bayramova

Mənbə : https://sherg.az/xəbər/169353

Share to Odnoklassniki