İnsan öz dərdini özü yaradır. İnsanın ən böyük düşməni də onun özüdür. Problem dediyimiz şeylər sadəcə hadisələrin beynimizdə mənfi şəkildə yorumlanmasıdır. Yəni, problemi problem edən şey bizim düşüncələrimizdir. Qəribə bir şəkildə özümüzə əzab vermək bizim xoşumuza gəlir. Mənfi şeylər insana hər zaman daha maraqlı gəlir.
Bütün dünyada dramatik və şiddət temalı filmlərin bu qədər sevilməsinin səbəbi də budur. Ən yaxşı müharibə filmləri, müharibəni bütün çılpaqlığı və qəddarlığı ilə göstərən filmlərdi. Keçən il çıxan Joker filmi o qədər sevilmişdi ki, hər kəs filmin oskar alacağını düşünürdü. Bu film içində həm dramı, həm də şiddəti göstərirdi. Dramatik səhnələrə tez-tez Youtube’da açıb baxırıq. Muhteşem yüzyıl serialı göstərilən zaman şəhzadə Mustafanın ölüm səhnəsinə ağlayırdı millət və Youtube’da həmin səhnəyə o qədər baxılmışdı ki, trendə düşmüşdü.
Dediyim budur ki, içimizdə əzab çəkməkdən xoşu gələn bir parça var. Bunun neyrobioloji əsasları da var, amma indi bu statusda o temaya girmək istəmirəm. Sadəcə, əzab çəkmək xoşumuza gəlməsə də, bir az da xoşumuza gəlir. İnsanlar saatlarla onları narahat edən mövzulardakı xəbərlərə baxırlar. Ona görə də, növbəti əzab çəkmənizdə bunu xatırlayın. Əlbəttə, real olaraq başınıza pis şeylər gəlmiş ola bilər. Amma onları da şişirtmək və əzab çəkmək bir az da sizin beyninizin məhsuludur. Unutmayın, əzab məcburiyyət deyil, seçim məsələsidir. Yaxşı hiss etməyi seçə bilərsiniz.
“Həyatım bərbaddır” deyəndə ” yox, həyatında yaxşı məqamlar da var, sadəcə bu olan şey yaxşı deyildi” deyə bilərsiniz.
“Uğur qazana bilməyəcəm” deyəndə ” yox, gələcəyi görə bilmirəm, bəlkə də uğurlu olacam, kifayət qədər çalışsam buna nail ola bilərəm” deyə bilərsiniz.
“Tənbəl adamam” deyəndə ” yox, çox çalışdığım məqamlar da var, ara sıra hamı tənbəllik edir” deyə bilərsiniz.
“İnsanlar mənim haqqımda pis düşünür” deyəndə ” fikir oxumaq qabiliyyətim yoxdur, həm də bütün insanlar pis düşünə bilməz, yaxşı düşünənlər də var” deyə bilərsiniz.
“Səhv etməməliydim” deyəndə ” belə bir şey mümkün deyil, səhv etmək insana məxsus bir haqdır, bu haqqı əlimdən almağım doğru deyil” deyə bilərsiniz.
Müəllif : Fuad Əsədov – Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin klinik psixoloqu