Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu Lalə Əhmədovanın 525-ci qəzet-ə verdiyi müsahibəni sizə təqdim edirik.
Bu gün bütün dünyanın koronavirusla (COVID 19) mübarizə apardığı dövrdə nə baş verdiyini, “düşmənin” hardan gələcəyini bilməyən insanlar haqlı qorxu və panika içərisindədirlər.
Mütəxəssislər, ziyalılar, həkimlər tez-tez televiziya, yazılı media və sosial şəbəkələr vasitəsilə ictimaiyyətə müraciət etsələr, soyuqqanlı olmağa çağırsalar da, görünən odur ki, cəmiyyətdə bir xaos davam etməkdədir. Bu zaman insanın ruhi vəziyyəti, psixoloji durumu ilə məşğul olan peşəkarlara- psixoloqlara iş düşür. Onlar zaman-zaman xalqı maarifləndirməli, düşdükləri bu çətin şəraitə uyğunlaşmaq və öhdəsindən gəlmək üçün tövsiyələrini əsirgəməməlidirlər.
Psixologiya Elmi Tədqiqat İnstitutunun psixoloqu Lalə Əhmədova ilə mövcud vəziyyəti müzakirə etdik, ondan insanların psixoloji vəziyyətini dəyərləndirməsini və bir psixoloq kimi öz tövsiyələrini verməyini istədik.
“Psixoloji olaraq hazır olmadığımız olayla üz-üzə gəldik”
- Lalə xanım, mövcud şəraitdə artıq bir müddətdir ki, dünyada və ölkəmizdə insanlar karantin rejimində yaşayırlar. Demək olar ki, hər yer bağlıdır və insanlara evdən çıxmamaq tövsiyə olunur. Bu hal insanların psixologiyasına necə təsir edir?
- Bu gün insanlar heç gözləmədiyi, ağıllarına belə gətirməyəcəkləri halla qarşı-qarşıya qalıblar. Dünya bir infeksiyon virusla “döyüşə” çıxıb. Əlbəttə, ilk növbədə koronavirusun bu qədər güclü, sürətli yoluxucu və ölümcül olduğu heç kimin ağlına gəlməzdi. Bu qədər geniş vüsət ala biləcəyini heç kim gözləmirdi. Buna görə də virusun mənbəyi Çin də daxil olmaqla, bir çox ölkələr bununla mübarizəyə, belə demək mümkündürsə, gecikdilər. Və təbiidir ki, son nəticədə bu gün dünya təşviş və təlaş içərisində çalxalanır. Bundan öncə də dünyanın ayrı-ayrı ölkələrində fərqli viruslar, fərqli xəstəliklər peyda olub. Ancaq Azərbaycana gəlib çıxmadan məhv olub. Ona görə biz də uzaq Çindən vüsət almış bu virusun bu qədər tez zamanda bizim ölkəmizə də gəlib çıxa biləcəyini gözləmirdik, heç düşünməzdik. Demək ki, psixoloji olaraq hazır olmadığımız olayla üz-üzə gəldik. Əlbəttə, insanların çaşğınlığı, psixoloji sarsıntısı və qorxusunun əsas təməli də bu bilinməzlikdir.
- Karantin rejimi elan olunar-olunmaz həm dünyada, həm də ölkəmizdə rastlaşdığımız haldır ki, insanlar marketlərə axın etdilər, lazım oldu-olmadı hər şeyi almağa çalışdılar. Bu, hansı psixoloji durumdan irəli gəlir və nədən xəbər verir?
- Belə deyək, bizim xalqımız zamanında müharibələr, qıtlıqlar görmüş xalqdır. Onlar aclığın, günlərlə çörək növbəsinin nə olduğunu bilirlər. Bu, müəyyən mənada digər xalqlara, ölkələrə də aiddir. Yaxın keçmişdə bir əsrin içərisində iki dünya müharibəsi yaşayan insanlardan danışırıq. Dünyanın keçmişdən qalma bu cür travması var. Ona görə də belə çətin və müəmmalı hadisəylə üzləşərkən ilk üz tutduqları yer ərzaq mağazaları oldu. Belə deyək, xalq artıq bu cür durumlarda nə etmək lazım olduğunu bilirdi. Ancaq bunun da müsbət və mənfi tərəfləri var. Belə ki, hamı bir aylıq ərzağı bir gündə almaq və sonra evdə oturmaq gücündə deyil. Ya da bu cür axın qiymətlərə təsir göstərdi. Yəni bu halda da təmkinli davranmaq ən yaxşı çıxış yoludur. Yenə də görürük ki, qorxu psixologiyaya qalib gəldi. Bu situasiyada əsas olan şey ac qalmaq qorxusu idi.
“Xəstəxanada olmaqdansa, evdə olmaq yaxşıdır”
- Evdə qalarkən nələr edilməlidir ki, bu qapalı şərait çox da təsir etməsin?
- Son dövrlərin sürətli həyatı ilə müqayisədə götürsək, cəmiyyət evdə qalmağı birinci normal qəbul elədi. Özü də bizdə bu, Novruz bayramı ərəfəsinə düşdüyü üçün həmişəki bayram tətili kimi yanaşdı. Sonradan isə çölə çıxmaq məhdudiyyəti insanları qorxutdu. Təbii haldır, insanlar özlərini psixoloji olaraq həbsdə hiss elədilər. Axı bu, onların öyrəşmədiyi bir sistemdir. Sadəcə belə günlərdə ancaq yaxşı şeylər haqda düşünmək və pozitivə köklənmək lazımdır. Evdə görə biləcəyimiz çox işlər var. Onlarla günümüzü keçirib, vəziyyətin düzəlməyini gözləyə bilərik. Hadisələrə müsbət tərəfdən baxmalıyıq, xəstəxana divarları arasında tək-tənha olmaqdansa, əlbəttə, evdə ailəmizin, sevdiklərimizin yanında olmaq yaxşıdır.
- Çində və bir çox ölkələrdə karantindən sonra boşanmaların sayı kəskin artıb. Bunu nəylə əlaqələndirməliyik?
- Böyük şəhərlərdə insanlar demək olar ki, bir evin içərisində gecədən-gecəyə bir-birinin üzünü görürdülər. Bu da əlbəttə, söz-söhbətin qarşısını alırdı. Hər kəs öz işiylə məşğul olurdu, bir-birində olan eyibləri görməyə belə bəzən vaxt qalmırdı. Amma indi elə deyil. İndi cütlüklər səhərdən-axşama kimi bir evin içərisindədirlər. Və nəzərə alaq ki, düşdüyümüz bu vəziyyət heç də adi vəziyyət deyil. İnsanlar qorxu, təlaş və stress içərisindədirlər. Bu da onlarda əlavə aqressiyaya səbəb olur. Bütün gün eyni evin içərisində olan insanlar da bu aqressiyanı bir-birinin üzərinə tökürlər. Nəticədə bütün bunlar boşanmalara qədər gətirib çıxarır. Və bu durumdan ən çox təsirlənən isə uşaqlar olur, ən çox onlar travma alırlar.
İstər-istəməz bu xəstəlik bitdikdən, hər şey normala döndükdən sonra bu dövrün uşaqları bizim 1990-cı illəri xatırladığımız kimi xatırlayacaqlar bu günləri. Düşünmürəm ki, bu hal uşaqlarda ağır travmalar yarada bilər. Ya bir xatirə kimi qalacaq yaddaşlarında, ya da hansısa nevrotik təsirlərlə. Bunu da vaxtında müşahidə etmək və onlara bu vəziyyəti ən yüngül şəkildə atlatmaları üçün yardımçı olmaq lazımdır.
“Hazırda dünya bir neqativ informasiya blokadasındadır”
- Koronavirus infeksiyasıyla mübarizədə insanların sosial şəbəkədə yaydığı fərqli dezinformasiyalar var. İnsanlar bu cür yalnış məlumatlardan və panikadan özlərini necə qoruya bilərlər?
- Bu vəziyyətdə ən böyük problem informasiya alış-verişidir. Buna görə də ən böyük yük media mənsublarının üzərinə düşür. Elə mətbuat nümayəndələri var ki, yaranmış bu vəziyyətdən istifadə edərək insanların psixologiyasını zədələyən xəbərlər yayır, əsassız məlumatlar tirajlayırlar. Buna sosial şəbəkələrdə də rast gəlirik. Hətta daha çox orda rast gəlirik. Hər halda onsuz da hazırda dünya bir neqativ informasiya blokadasındadır. Hər gün virusa yeni yoluxanların və ölənlərin sayını eşidirik. Hər gün qorxu və təlaş içərisindədir insanlar. Bir də bu cür yalan-yanlış məlumatlarla bu gərginliyi artırmaq olmaz. Buna görə də media çox diqqətli olmalıdır. Tək bir söz belə insanı xəstə edə bilər. İnsanlar özləri də özlərini virusdan olduğu kimi, bu cür yalan məlumatlardan və panikadan uzaq tutsunlar, hər yayılan xəbərə inanmasınlar. Əsas aidiyyatı orqanların yaydığı xəbərlərlə kifayətlənsinlər.
- Sizin bu şəraitlə bağlı insanlara məsləhətiniz nələr olardı?
- Belə bir atalar sözü var ki, ellə gələn bəla toy-bayramdır. Bu, təkcə bizim dövlətimiz, bizim xalqımızın məsələsi deyil, bütün dünyanı saran bir problemdir və bütün dünya ölkələri, ən böyük güclər hazırda bununla mübarizəyə səfərbər olublar. Ümid edirəm ki, bu, pis bir yuxu kimi keçib gedəcək və biz əvvəlki həyatımıza dönüb, qaldığımız yerdən davam edəcəyik. İnsanlar bu günlərdə qorxu və təlaşdan qurtulub, evdə ən çox sevdiyi işlərlə məşğul olsunlar. Bunu düşünmək və həyatdan zövq almaq üçün yaranmış çox yaxşı bir sınaq kimi qəbul edin, hər gününüzdən zövq alın. Çünki həyat çox gözəl və hər dəqiqə çox qiymətlidir. Həyatımızı daha da gözəl etmək isə bütün hallarda öz əlimizdədir. Yetər ki, deyilən qaydalara riayət edək, özümüzü və sevdiklərimizi qoruyaq. Hamıya gözəl günlər diləyirəm.
Ek alanı