Tükənmişlik sindromu bir çox psixoloji problemlərin təməlində olur. Bu sindrom uzun müddət davam edən, stressə qarşı verilən zehni və emosional tükənmişlikdir.
İlk dəfə olaraq 1974-cü ildə Herbert Freudenberqer tərəfindən öyrənilmişdir. O qeyd etmişdir ki, uğursuzluq, bitmişlik, gücün və enerjinin azalması, tətminolunmaz istəklərin yaranması nəticəsində ortaya çıxır. Həmin vaxtdan bu günə kimi bu sindroma aid bir çox araşdırmalar aparılmışdır. Tükənmişlik sindromu bir anda baş verən bir şey deyildir. Tədricən yaranır. Uzun müddət stressə və neqativ duyğulara məruz qaldıqda yaranır.
Əlamətləri fiziki və zehni olur.
Fiziki əlamətləri:
* Baş ağrısı;
*Kürək ağrısı;
* Ürək döyüntüsü;
*Yorğunluq;
*Əzələ gərginliyi;
*İştahda azalma və ya artma;
*Yüksək qan təzyiqi;
*Yuxuda artma və ya azalma.
Zehni əlamətləri:
*Sıxıntı;
*Əsəbilik;
*Gərginlik;
*Çarəsizlik;
*Ümidsizlik;
*Gücsüzlük;
*Uğursuzluq;
*Özünə hörmətin aşağı düşməsi;
*Qərarsızlıq;
*Dalğınlıq, unutqanlıq;
*Fikrini toplamada çətinlik;
*Özünə inamın olmaması.
Əsasən daha çox güclü olmağa çalışan, bütün problemləri öz öhdəsinə götürən insanlarda rast gəlinir. Bu cür insanlar çox da yox deyə bilmirlər. Yardım sahəsində çalışan insanlarda rast gəlinir. Hər kəsi məmnun etməyi özlərinə borc bilirlər.
Səbəblərini ortaya çıxarmaq üçün dərindən araşdırmaq lazımdır. Həm ailə ortamı, həm də iş ortamındakı çətinliklərdən qaynaqlana bilir. İkisi də birləşəndə şəxs artıq heç birinə yetmədiyini, həyatda bacarmadığını düşünməyə başlayır. Əvvəldə də qeyd etdiyimiz kimi, bu tip insanların ortaq xüsusiyyəti her şeyə yetmə istəyidir. Məsələn, mən anayamsa, uşağımın bütün məsuliyyətinə mən cavabdehəm. Eyni zamanda həm ev işlərini , həm də karyeramı mükəmməl şəkildə qurmalıyam kimi sorumluluqlarla özlərini yükləyirlər. Daha çox mükəmməliyyətçi insanlarda cox rast gəlinir. Fikirləşirlər ki, bir işi görəcəklərsə, olduğu kimi görməlidirlər.Təbii ki, bu da çox enerji tələb edir. Hər sahədə bu qədər enerji tükətmək, sonda tükənmişlik sindromunun yaranmasına gətirib çıxarır.
Tükənmişlik sindromu nə qədər insanın sosial və psixoloji həyatını alt-üst etsə də müalicəyə rahat tabe olur. Sindromun ağırlığından asılı olaraq müalicə müddəti fərqli olur. Dərinləşməmiş formalarda yalnız psixoterapiya ilə qarşısını almaq mümkün olur.
Daha şiddətli formalarda farmakoterapiya da lazım olur. Psixoloji müalicə dönəmində xəstələr özlərinə yetəri qədər vaxt ayırmalı, zövq aldıqları hobbiləri həyatlarının bir parçasına çevirməlidirlər. İş həyatlarına aid problemləri evə gətirməməli, iş saatlarından kənar vaxtda bu haqda düşünməməlidirlər. Yetəri qədər dincəlməli , yuxu saatlarına diqqət etməlidirlər. Düzənli olaraq idmanla məşğul olmalıdırlar. Buna görə də gündəlik plan qurmaq və bu planı həyata keçirmək lazımdır. Bütün bunlar onlarda xoşbəxlik hissi verən hormonların artmasına səbəb olacaqdır.
Başlanğıc dönəmdə tükənmişlik sindromu rahat müalicə olunmasına baxmayaraq, müalicə olunmadığı təqdirdə çox ciddi psixoloji problemlərə,
depressiyaya yol aça bilər.
Müəllif: Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin klinik psixoloqu, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi Psixologiya kafedrasının müəllimi Nigar Muradova
|
Tükənmişlik sindromu
“Təmkinli davranmaq ən yaxşı çıxış yoludur”.
UNEC İqtisadçı Tələbələrə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə tələbələrə onlayn təlimlər keçirilib.