Gülüş daxilimizdəki rifahın və eyni zamanda ətrafdakı insanlarla ünsiyətə daxil ola bilmə bacarığımızın ifadəsidir. Təbii gülümsəmə insanlarla əlaqə yaratmaq və onu saxlamaq, xüsusilə də tanışlığın başlanğıcında müsbət münasibətin göstəricisidir. Digər emosiyalar kimi gülüş də səmimi olmaqla yanaşı məcburi də ola bilər. Bəzən qarşımızdakı insanların gülüşü heç də səmimi, içdən gəlməyən olur. Əslində bizim şüurumuz gülümsəmənin “paklığını” müəyyən etməyə qadirdir. Lakin buna baxmayaraq, insanların çoxu şüurlu səviyyədə bunu müəyyən etməkdə çətinlik çəkir.
Bəs səmimi gülüş ilə məcburi, saxta gülüş arasındakı fərqi necə asan seçmək olar?
Bu iki gülüşün arasındakı fərqi gözlər və ağız bölgələrindəki əzələlərdən müəyyən etmək olar, çünki biz yalnız ağız əzələlərini şüurlu şəkildə idarə edə bilirik, göz əzələri isə bizim kontrolumuzla olmur. Səmimi təbəssüm zamanı ağız əzələləri dartılır, dodaqların kənarları yuxarıya doğru qalxır, gözlərin ətrafında qırışlar əmələ gəlir və gözlər daralır. Səmimi bir təbəssüm hər zaman avtomatik və şüursuz olaraq baş verir, səmimi olmayan gülüş isə assimetrik olur, yəni bir tərəfdə daha çox görülə bilər. Bu beyin yarımkürələrin müxtəlif təsir dərəcəsinə bağlıdır. Üz ifadəsi üçün cavabdeh olan beyin korteksi sağ yarımkürədə yerləşir. Süni gülüş zamanı əsasən bədənin sol tərəfinə siqnallar göndərir. Nəticədə solda saxta üz ifadələri sağdan daha çox ifadə edilir. Səmimi olmayan gülüş zamanı göz əzələləri olduğu kimi qalır, insan yalnız dodaqları ilə gülümsəyir. Oxşar fenomeni fotoqrafın hərkəsin gülümsəməsini və ya “cheese” deməsini istədikdə tez-tez görə bilərik. Bu vəziyyətdə sanki şəkildəki insanlar həqiqətən xoşbəxt olmadıqları görünür və şəkilə olan təəssüratımız o qədər də yaxşı olmur.
Gülümsəmənin bir çox növləri vardır, onlardan bəziləri aşağıdakılardır:
- Dodaqları bağlı gülümsəmək
Bu cür gülüş zamanı dişlər görünmür. Adətən insanın utancaqlığını, nədənsə çəkindiyini bildirə bilər. Bu təbəssümdən demək olar ki, insanın hər hansısa bir sirri var, o özü haqqında olan hər hansısa informasiyanı sizinlə paylaşmaq isdəmir. Bəzən gülüşün bu növü insanlara qarşı aqressiyanı basdırmaq üçün də istifadə edilir. Belə bir variant da mövcuddur ki, insanın dişlərinə qarşı kompleksi varsa əgər, o zaman utandığından dişlərini gizlətmək üçün bu cür gülüşdən istifadə edir.
- Əyri gülüş (sarkazmlı gülüş)
Bu gülüş hisslərin qarışıqlığını göstərir. Üzün sol tərəfi, beyin sağ yarımkürəsinin təsiriylə gülümsəyir. Sağ tərəf isə beynin sol yarımkürəsinin təsiri ilə kədərli görsənir. Əyri gülüşə açar sözü olaraq “daxili ikiləşmə“ni göturmək olar. Yəni insan kiminsə sözləri və ya hərəkətlərinə qarşı neqativ düşüncədə olur, lakin buna baxmayaraq situasiyaya uyğun olaraq məcbur gülümsəyir.
- Dodaqları açıq gülüş
Dodaqlar və dişlər açıq olur, hətta gözlər gülür. Belə bir gülüşə sahib olan insanlar etibarlılıq, mehribanlıq və səmimilik doğurur. Bəzən bu cür gülüş aldadıcı da ola bilər, bu səbəbdən göz ətrafındaki əzələlərə fikir verin. Belə formada saxta gülüş daha çox nəzakətlilik jesti kimi gəbul etmək olar, ya da ki hər hansısa narahatlığı gizlətməyə çalışır.
- Başını yana tutaraq gülmək
Başını bir tərəfə bir az əymiş formada tutur və eyni zamanda əlləri ilə ağız tərəfə tutursa – burada iki variant ola bilər. Bu ya utandığını bildirir, yada ki flört etdiyini bildirir.Ayırd etmək üçün göz ətrafına diqqət edin.Flört zamanıgöz ətrafı qırışlar əmələ gəlir, utancaqlıqda isə gözlər biraz gərgin kimi gorünür.
- Yalnız Üst dodaq açılaraq gülümsəmə
Üst dodaq yuxarı qalxır və ust dişlər gorünür, aşağı dişlər isə görünmür və baxışlar soyuq olur. Bu cür gülüş qeyri-səmimi sayılır, nəzakətlilik üçün edilə bilər.
- Təkəbbürlü gülüş (Özündən razı gülüş)
Demək olar ki, dodaqlar hər zaman bağlı formada olur,gülüş isə assimetrikdir. Baş azacıq qabağa doğru əyilmiş formada olur. Bu cür gülüş ətrafdakıları cəlb etmənin əsas ünsürlərindən biridir. Əslində təkəbbürlük özgüvən əksikliyin bariz nümunəsidir. Təbəssümün faydaları Gülümsəmək yaxşı əhval-ruhiyənin nümayişindən əlavə,bir çox situasiyada bizə köməkçi ola bilər:
- Ətrafdakılarda özlərinə qarşı güvən yaratmaq üçün istifadə edilə bilər.
Gülümsəmək – güclü bir psixoloji vasitədir və onun sayəsində biz deyə bilərik ki “Mən etibarlı bir insanam”.Əsas odur ki, gülümsəmə səmimi və mehriban olmalıdır. Yalnız bu cür üz ifadəsi səmimi və inandırıcı münasibətlər qurmağa kömək edəcək. Yalnız şəxsi həyatınızda deyil, eyni zamanda iş münasibətlərinizdə öz “etibarlılıq” səviyyəsinizi yüksəldə bilərsiniz.
- Real hisslərini gizlətmək üçün.
Bəzən insanlar öz kədərlərini bildirmək istəmədikləri üçün süni gülüşdən istifadə edirlər.
- Hər hansısa insanı cəzb etmək üçün.
Münasibətdə incə bir təbəssümlə qarşısındakı insanı özünə daha çox cəzb edə bilər.
- Stressin aradan qaldırılması üçün.
ABŞ-da psixoloqların apardığı araşdırmanın nəticəsinə görə daha çox gülən insanlar gərginlikdən uzaq olurlar və onlar çətinlikləri daha rahat həll edə bilirlər, çünkü gülüş endomorfin hormonun miqdarını artırmaqla əhvalın yüksəlməsinə səbəb olur. Bununla da insanları stressdən uzaq tutur. Əminliklə demək olar ki, gülümsəmək eyni zamanda immuniteti gücləndirir və dost çevrəsini genişləndirir. Mümkün qədər gülümsəməyə çalışın ki, sağlamlığınızı qoruya biləsiz. Bununla da ətrafdakılara pozitiv aura bəxş etmiş olarsız.
Nərmin Sucayeva
Klinik psixoloq