İntihar etməsəniz yaxşıdır,çünki…
Schopenhauer :“Maneələri aradan qaldırmaq mövcudluğun ən böyük məqsədi və həzzidir”
Ümumdünya Səhiyyə Təşkilatının statistik məlumatlarına əsasən hər il təxminən 800.000 min insan intihar edir. İntihar özünə qəsddir, insanın bilərəkdən öz həyatını sonlandırmaq üçün atdığı addımdır.Nəyin intihar kimi səciyyələndirilib -səciyyələndirilməməsi hələ də ziddiyyətli mövzulardan biridir. Məsələn, Hindistanın bəzi bölgələrində qadınlar həyat yoldaşlarını itirdikdən sonra özlərini də yandırırlar, bu onlarda adətdəndir və ya düşmənlə üz- üzə qalmış bir əsgər öz ölümünün vətəni üçün faydalı olacağını düşünüb, bilərəkdən ölümü ilə nəticələnən hər hansısa bir addım ataraq canını fəda edir. Bəs bunları necə intihar hesab etmək olar? Bu sualın dəqiq müəyyən edilmiş cavabı yoxdur. Ancaq bir şey dəqiqdir. Dünya sosioloqlarını, psixoloqlarını intihardan geri çağırış etmələrinə səbəb olan şey tamam başqadır. Adətlərə, əqidələrə görə ölümə götürən motivlərdən başqa bir şeydir. Çiçəklərdən, böcəklərdən zövq almalı, normallığın dəqiq bir resepti olmadığı halda, davranışlarının, yaşadıqları həyatın normal olduğu düşünülən ‘ağlı başında insanların” həyatda qalmaq instinktlərinə qarşı çıxaraq, öz həyatları üçün cəhd etməkdən imtina etmələridir. Daha sonra da qaçınılmaz son –intihar. Bax bizi intiharla bağlı qorxudan budur. Niyə intihar edirlər,niyə intihar edirik? Halbuki “çiçəklənən dünya həqiqəti” yaşamaq üçün necə də gözəl səbəb idi. Hələ intihar edən insanların arxasından cahilanə yürüdülən mühakimələri, onların psixoloji olaraq necə zəif, xaraktersiz, gücsüz olmaları barədə gedən söhbətləri demirəm. İnsanı qəzəb bürüyür, istəyirsən acığa düşüb yaşayasan, amma yaşamırsan. Bununla belə kifayət etmir, artıq heç bir mənası yoxdur sənin üçün yaşamağın. Yaşamaq istəmidiyinə qərar vermisən bir sözlə. Niyə istəmədiyinlə bağlı açığı konkret bir fikrə sahib deyiləm, bəzi ehtimallar var, lakin bu ehtimallarla sənin üzərinə yürümək üçün , kifayət qədər ön mühakiməli bir insan deyiləm. Bəs istəmək məcburiyyətindəsənmi yaşamağı, bu insanlara nə sənin yaşamağından, onlara yaşamaq borcun var? Nə düşüblər bu çox da önəmsəmədiyini canına? Özün bilərsən belə də ki. Yox? Bax bu məsələ ilə bağlı müəyyən fikirlərim var. İnsanlar ölməyini istəmirlər, intihar kəlməsi onları qorxudur. Çünki siz onların yaxınları ola bilərsiniz, gözlənilməz ölümünüz ilə ailənizi böyük bir yas xərcinə sala, iş yerinizdə işlərin müvəqqəti ləngiməsinə və müdiriniz üçün yeni işçi xərclərinin yaranmasına səbəb ola bilərsiniz. Bəli bütün bunların baş verməsinə siz səbəbiyyət verirsiniz. Nə gərək var? Özləri gəlir öncəlikdə, öz çəkəcəkləri acı və çətinlik. İndi adam belə baxır və deyir nə gözəl intiqam yoludur nifrətəşayan hesab etdiyin insanlardan, dünyanın ədalətsizlik hesab etdiyin şıltaqlıqlarından. Eh. Məncə çox işəyaramaz metoddur . Çox üzr istəyirəm, amma bu nə eqo? Sizə bir sirr açım? Əvəzedilməz deyilsiniz. Hələ ölü halınızla heç. Ailən borc-xərc yasın xərclərini həll edər, müdirin sənə ödədiyi məvaciblə yeni bir işçi götürər. Özünü öldürərək səni incidən insanların peşmanlıq hissi keçirəcəyini düşünürsən, ola bilər. Bu ehtimalı gücləndirmək üçün Azərbaycan dilinin zənginliklərindən istifadə edib onların sarı simlərinə toxunacaq cümlələrlə dərdini ifadə edən bir məktub yaza bilərsən məsələn. Hətta işini bir az da ehtiyatlı tutmaq məqsədilə həmin insanların ad,soyad, ata adını, mümkündürsə şəxsiyyət vəsiqələrinin seriya nömrələrini də qeyd etmək olar həmin məktubda. Məqsəd qaçacaq yerləri qalmasın. Deyək ki, bütün bunlar işə yaradı. Həmin insanlar günahkar hesab edildi digər insanlar tərəfindən və ya bütün bunlardan ancaq özləri xəbərdar olmalarına baxmayaraq içdən-içə vicdan əzabı çəkdilər. Amma hara qədər davam edəcək bu peşmanlıq və ya nə qədər səmimidirlər peşamnlıqlarında. Səmimiyyətlərinin dəyəri yenidən emal üçün istifadə olunan tullantılar qədər olar uzağı. Geriyə nə qaldı? Çəkəcəkləri peşmanlığın ömrü. Bilirsiniz kobudda çıxsa siz ölü olacaqsınız onlar diri, sizin deyə biləcəkləriniz həmin yazı ilə sonlandı, onların isə istədiklərini demək, istədiklərinə inanmaq üçün bir çox imkanları olacaq və həyatlarına davam etmək üçün inanın bütün bu imkanlardan sonuna qədər istifadə edəcəklər. Sizə nə qədər yaxın və ya günahkar olmalarından asılı olmayaraq. İşin daha bir haqsız tərəfi isə onların bu işdə yalnız olmayacaqlarıdır. Nə olur olsun onların yanlarında sənin ölümünün psixoloji zəifliyinlə bağlı olduğunu, onların bunda heç bir günahı olmadığını və nə olur olsun həyatın davam etdiyin deyən “ağıllılar” olacaq. Artıq aydın olduğu kimi sənin bu yolla intiqam almaqda uğurlu ola biləcəyin çox zəif ehtimaldır. Bütün bunları nəzərə al sonra qərar ver. Bu məqsədə çatmaq üçün intihar nə qədər səmərəli üsuldur? Yenə də, qəra sənindir. Mən əsas mövzuya qayıdım: insanların sənə “qır-saqqız” olmalarına. İntihar özü bir cinayətdir, intihar günahdır pahho! Bununla da bitmir. Bu az deyilmiş kimi rahat yollarla ölə biləcəyin imkanları da, əlindən alırlar. Aqata xanımın əsərlərindəki kimi olmur bu işlər. Bir zəhrimara qalmış zəhər tapa bilmirsən ki, içib məqsədinə çatasan. Ciddi problemdir. İndi mən sizə danışmayım hər halda az çox bu işin qayda qanunlarını bilirsiniz , təmiz iş görmək çətindir hazırlıq tələb edir və nəzərə alsaq ki, bir çoxlarımız Garfild ( hə o kürən, dolu pişiyi deyirəm) fəlsəfəsi ilə yaşamağa meyilliyik onda bu iş daha da əziyyətli olur. Sizə bir az yaşayın, urcahınıza ölmək üçün yaxşı üsul düşər ölərsiniz deməyəcəm. Sizi yuvatmaq istəmərəm,nə həddimə. Amma demək istədiyim başqa şeylər var. Ciddiyətlə demək istədiyim və dinlənmək istədiyim şeylər. İntihar etməyinizi istəmirlər,intihar etməniz fikri ödlərini ağızlarına gətirir,təşvişə salır onları və instinktiv olaraq səbəblər axtarmağa vadar edir onları. Bu dünyanın, yaşadıqları həyatın heç nəyə baxmayaraq və hətta yeri gəlsə dəyişməyə də ehtiyac olmadan yaşamağa dəyər olduğuna inandıran səbəblər axtarmağa başlayırlar. Fərqi yoxdur bu səbəblər nə qədər reallığı əks etdirir, hətta istənilən qədər absurd və gülməli də ola bilər. Əsas olan odur ki, heç olmasa növbəti ağlı başında adamın ağıllı intihar səbəblərinə qədər yaşatsın onları. İntihar pislənir, çünki özləri üçün qorxurlar. Məhz özləri üçün. İntihar edənləri psixoloji olaraq zəif insanlar kimi qiymətləndirirlər, durmadan həyatda hər şeydən çıxış yolu olduğunu və intiharın bir həll yolu olmadığını deyirlər. Bu fikirlər zahirən sanki digər- intihar haqqında düşünən insanları bu qərardan çəkindirmək məqsədi ilə deyilmiş təsiri bağışlayır. Amma nədən desəniz mərcə gələrəm ki, bunu deyənlər həmin günün sonunda güzgü qarşında dayanıb özlərinə deyirlər : “İntihar edənlər psixoloji olaraq zəif insanlardır hamı belə düşünür. Sən zəif deyilsən, aç qulağını məni yaxşı-yaxşı dinlə! Dəxli yoxdur, heç bir şey intihar etmək üçün əsaslı səbəb deyil. Eşidirsən? Heç nə. Həyat gözəldir, çiçəklər və böcəklər var onlar çox gözəldirlər. Və sırf buna görə belə, yaşamalısan. Bu qədər sadə.Heç nəyi sorğulama nə olur olsun yaşa. Sən onlardan biri olmaq istəməzsən, istəməmisəndə. O intihara cəhd edib bunda uğurlu olan insanların şanslı olduğunu da düşünmürsən ..Yıxıl yerinə yat.” Bəli. Əslində hamı qorxur. O həyatına qiptə etdiyin insanlar belə. Çünki hamının zaman-zaman yaşamı üçün cəhd etməyin mənasız olduğunu düşündürən, mənasızlıq içində onları itirib batıran səbəbləri, yaranır , var və daima da olacaq. Bunlar öz həll yolunu gözləyən problemlər deyil, onlar həyatın bir parçasıdır. Müxtəlif formalarda təzahür olunsalarda həmişə mövcudluqlarını qoruyurlar. İntihar isə həmin parçaların mövcudluğunu xatırladaraq hər şeyi zəhərləyir. Siz ölürsünüz,onlar qorxuya düşür. İntihar edənlərə haqq verənlərlərlə, intiharın qəbuledilməz olduğunü düşünən insanlar arasında soyuq müharibə gedir. Hər iki tərəf də öz davranışlarına haqq qazandıracaq mütləq həqiqətə sahib olduqlarını düşünürlər. Hər kəs individualdır, ona görə də bir-birimizə həyatda qalmalı və ya ölməli olmalı olduğumuzu deyə bilmərik, bu yolla heç nə əldə etmək olmaz. Onları psixoloji olaraq zəif biri kimi görmək də heç bir işə yaramır. Hər il artan intihar sayları göstərir ki bu iradımız onların vecinə deyil. Bu görünən statistikadır, bundan başqa hər gün əlverişli intihar metodu axtarmaqla məşğul olan nə qədər insan var. İntihar etmək istəyənlər bura qədər sizə ünvanlanmış konkret geri çağırışlarım olmayıb. İndi olacaq. İntihar etməyin, əlinizdə bunun üçün imkanlarınız olduğu halda belə etməyin. Çünki ölüm qeyri-müəyyənlikdir, orda səni nə gözləyəcəyini bilmirsən. Ola bilər buranın,bu həyatın yaşamağa dəyər olmadığı haqqında çox tutarlı səbəblərin var, bəlkə də deyə bilsən məndə yazmağı buraxıb sənlə özümü öldürməyə gələrəm . Bir şeyi başa düş ilk öncə! Həyat bizə səhv təqdim olunub, mükəmməl həyat sözü verilməyib bizə, həyatına daxil olan insanlar da yaxşı olacaqları, səni incitməyəcəklərinə dair müqavilə imzalamayıblar. Heç kimin sənə belə bir borcu yoxdur. Ola bilər ki, problemin daha qlobaldı, bütün dünya ilədir. Yaşadığımız dünyanın tiraniya olduğunu düşünürsünüz ola bilsin. Amma kim əksinin olmalı olduğunu deyib sizə və ya yaşamağın ancaq mükəmməl dərəcədə gözəl olan dünyada məna kəsb etdiyini deyib? Bəs bütün bunlara qarşı sizin həyatınızla cavab verməli olduğunuz barədə harda deyilib ? Özümüzə qəsd etməzdən öncə , saxta gözləntiləri öldürməyə cəhd etmək lazımdır. Çünki həmin gözləntilər bir illuziyadır. İlluziya uğruna ölmək isə , absurd səbəblərdən yaşamağa davam etmək qədər boşdur. Schopenhauer :“Maneələri aradan qaldırmaq mövcudluğun ən böyük məqsədi və həzzidir” deyir və bununla da, bütün bu müzakirələrə son nöqtəni qoyur əslində. İnsan eqosu özünü sübut etmə situasiyalarını sevir və bundan əldə etdiyi uğurlarla bəslənir. Eqonuzu mükafatlandırın, bacara biləcəklərinizin sərhədsizlyi ilə tanış olun və güclənin! Buyurun ! Sizə həyatdan zövq alacağınız sonsuz məşğuliyyət imkanı! Daha intihar etmək niyə?!
Nigar Ömərova