Həyatda yaşamaq üçün bir dəfə imkan qazanırıq. Bu imkan müəyyən zamanla sərhədlənmişdir. O zamana qədər isə həyat bizim ixtiyarımızdadır. Kimi sevdiklərinin əhatəsində həyatdan zövq alıb xoşbəxt ikən, kimisi boynu kəndirdə, ayağının altındakı stulu itələyəcəyi məqamda son dəfə olmuş və olacaqları fikirləşərək sevinc, kədər qarışıq hisslər yaşayır, ya da əlindəki həyatını bitirəcək həbbə son dəfə baxaraq son dəfə həyatı analiz edir, başqa birininsə öz başına dirədiyi silahdan artıq atəş açıldı…
İntihar- xəstəlik və bədbəxt hadisələrdən sonra üçüncü yerdə dayanan insan ölümü səbəbi. Dünyanın müxtəlif yerlərində müxtəlif şəkillərdə milyonlarla belə hadisə baş verir. Niyə bəs belə bitir bu həyat hekayələri? Onların dərdi çox idi axı, onlar problemləri içində itib batırdılar. Axı heç kim onların nə yaşadığını, nə qədər acı çəkdiyini bilmirdi, bilmir də. Axı onlar istəmirdilər, bu cür son özü onları tapdı… Daha çox yazmaq olar belə sonluğu əsaslandıran əsassız faktları. Əslindəysə səbəb gözüyumulu masaya tərəf gəlib onun üstündəki intihar adlı yeganə kartı götürmələri idi. Başqa kartları ancaq masanın üstündə axtardılar və ya heç axtarmadılar…
Onları bu yola çıxmağa məcbur edən səbəblər – maddi çətinliklər, insanlarla münasibətlərindəki problemlər, konfliktlər, iş və yaxın insanlarla bağlı itkilər, şantaj, etdiyi səhvə görə özünü bağışlaya bilməmək, sağalmaz xəstəlikdən əziyyət çəkmə və s. hansılar ki, psixoloji duruma ağır zərbə vurub şəxsiyyəti çökdürə bilər, bəlkə biz də daxil olmaqla dünyada nə qədər insanın əsas və ya ikinci dərəcəli problemidir. Dünya dolu insan, hərənin də bir dərdi. Ola bilər ki, birinin problem kimi gördüyünü başqa biri heç vaxt dərd etməz. Ancaq problemlər hamı üçün və hər zaman mövcuddur. Birinin intihar edərək qurtulduğu problemin öhdəsindən eyni dərdli başqa birisi humanist yolla, dözümlülüklə, ağıl işlədərək gəlir. Əslində intihar edən yox, intiharı seçən kəlməsini işlətmək daha yaxşı olar. Çünki nəinki intiharı, ümumiyyətlə, həyat istiqamətimizi özümüz seçirik. Eyni dünyada yaşayırıq və hamımız insanıq. Bizi fərqləndirən həyata baxışımız, düşüncələrimizdir, mövcud vəziyyətlərə verdiyimiz qiymətlərdir, həmçinin problemlərdən tapdığımız çıxış yollarıdır. Bütün bunlarsa beynimizin məhsuludur. İntiharı seçən də beyindir. Deməli, düşüncəni dəyişməliyik. İntihar düşüncəsi dərk edilən və dərk edilməyən motivlərlə bağlı olur. İntihar edəcək biri həyatının bitməsilə acısının da bitəcəyini, iztirablardan qurtulacağını bilir və heç də bu addımı atacağına şad deyil. Ancaq başqa çıxış yolu görmür. Görürsə də reallaşdırmaq üçün özünü gücsüz hesab edir. Çətin ola bilər ancaq çıxış yolu var. Dərk edilməyən bir motiv intihar etmək istəyənin probleminin yaranmasında səbəbkar olan adamları cəzalandırmaq istəyidir. Ölümünün yaşadacağı günah hissilə problem yaratmalarının heyfini probleminin səbəbkarlarından çıxacağını düşünür. Yanılır. Həmçinin bu dərdə görə özünü də təqsirkar bildiyi üçün ölümə layiq olduğunu düşünərək intihar edəcəyinə qərar verir. Tələsir. Tələsməyək. Tez qərar verməyək. Problemlərimizi bir daha gözdən keçirək. Ola bilməz ki, başqa çıxış yolu olmasın. Təbii ki, var sadəcə görə bilmirik. Beynində intihar düşüncəsi olan çıxış yolu kimi intiharı görür. İntihar çıxış yolu deyil. Gücsüzlükdür. Yəni intiharı seçməklə gücsüz olduğumuzu qəbul etmiş oluruq. Gücsüz olmayaq. Mənfi fikirləri özümüzə yaxın buraxmayaq. Çətin işdə belə sevinmək üçün bir cəhət tapaq. Necəki cüzi problemləri şişirdə bilirik, deməli, reallıqda mövcud olanı təhrif edə bilirik. İndi bunu böyük problemlərimizdə sınayaq. Elə edək ki, gözümüzdə kiçilsinlər. Demək asandır, hərəkətə gəldikdə isə bu müşkül məsələ olur. Bunun üçün ən sadəsi kağız, qələm götürüb bizi narahat edən məsələni yazırıq. Görürük ki, problemimiz kağıza sığacaq qədər kiçikdir. Sonra baxırıq görək hansı yollarla buna son qoya bilərik. Ən çətin hissə bu ola bilər. Əgər inamsızlıq yaranırsa, işi yarıda qoyuruqsa, qoymayaq. Elə zənn edək ki, yazdıqlarımız başqa birinin problemləridir və ona kömək etməyə çalışırıq. Dözümlü olaq, bacaracağıq. Məsələyə başqa bir tərəfdən də yanaşmalıyıq: başımıza müsibət gəlibsə də bu nəyinsə ən pis variantı olduğu kimi nəyinsə də ən yaxşı variantıdır. Müsibəti gözləməyək. Hər günə sağ- salamat başladığımız üçün də şükr etməyi bacaraq yəni. Bu, həyata pozitiv baxmağımıza kömək edər. Həyatda mənfiliklərdən uzaq olmaq, ancaq müsbətlərlə qarşılaşmaq, həyata pozitiv baxmaq üçün yaşamımızda bəzi məqamlara diqqət etməliyik. Gündəlik gördüyümüz işlər, çevrəmizdəki insanlar, onlarla münasibətlərimiz əsas məsələ bunlardır. Əvvəlcə ətrafımızdakı neqativ enerjili insanları çalışaq özümüzdən uzaqlaşdıraq. Çünki onların ətrafımızda olduqları müddətdə biz nə qədər çalışsaq da istər-istəməz mənfi təsirləri özünü göstərəcək. Və belə-belə bir də görəcəyik ki, dərd içində boğuluruq. Bəzən isə hətta hər şey qaydasında olduğu halda belə yaşamaq istəmirik. Həyat bizim üçün mənasını itirir, hər şeydən sıxılırıq. Bu adətən həyat tərzindəki monotonluq səbəbilə yaranır. Ona görə də əgər belə vəziyyətə düşmüşüksə və ya ümumiyyətlə bu cür halla qarşılaşmaq istəmiriksə, həyatımızdakı, işlərimizdəki sabitliyi bəzən pozmalıyıq. Məqsədimiz yerində qalsın, sadəcə həyatımıza nələr iləsə rəng qataq. Fəaliyyət sahəmizdən başqa müxtəlif sahələrə də maraq göstərək. İşlərimizi planlı qurub əməl edək, bəzən isə plandan kənara çıxaq. Bu fikrin özünə də pozitiv yanaşsaq yaxşı olar. Kitablar oxumaq, filmlər izləmək, idmanla məşğul olmaq, musiqi dinləmək – bunlar neqativliyi aradan qaldırıb həyata pozitiv baxışı şərtləndirən, bizi ruhlandıran amillərdir. Onları gündəlik yaşayışımızın bir parçası edək.
Bizi yaşadan nələrdirsə həyat amalımız, dəyərli insanlar onları dəyərdən düşməyə qoymayaq. Sevdiyimiz insanlar üçün və onların bəxş etdiyi sevinclə həyatda qalmağa çalışaq. Bizi həyata bağlayan nə isə onu daha çox sevək. Daha çox mənalandıraq ki, yaşamaqçün bizə daha çox güc versin. Əgər bizə dəyərli heçnə yoxdursa onda çalışaq tapaq. Köməyə ehtiyacı olan insanlara yardım edək. Bu cür xeyir işlərlə həyatı daha çox sevəcəyik. Ümidimizi itirməyək. Bir sözlə, yaşamaqçün bir bəhanə tapaq. Yetər ki, intihardan uzaq olaq.
Fəridə Yusibova