Ən gözəl günlər hələ yaşanmayıb…
Bəzən dərdlər insanın üstünə yağış kimi yağır. Amma unutmaq olmaz ki, rəngbərəng göyqurşağı yağışdan sonra çıxır.
Bəzi insanlar intiharı çarə kimi düşünür. İntihar edən insanlar kiminə görə güclü, kiminə görə zəif insanlardır. Fikrimcə, intiharı çarə olaraq görmək qaçmaqdır və güclü insan problemdən qaçmaz!
Problemlərlə boğuşub yorulub vazkeçdiyin an niyə bu qədər mübarizə apardığını xatırla! Yaşadıqlarından öyrəndiklərini düşün: sənə kədərin, yoxsa sevincin sağlam durmağı öyrədib? Əlbətdəki, kədərin, əzabın, əziyyətin… Hər acı sənə sonunda xarakterinin formalaşmasını hədiyyə edib. Deməli, hər son bir başlanğıcdır… İstəyindən asılı olmayaraq, bitənlər, həyatından gedənlər və s. əslində yeniliyin başlanğıcıdır. Əgər sən yenidən başlamaq istəsən bacararsan. Yaşından, problemindən, maddi və sosial vəziyyətindən asılı olmayaraq. Sənə bəxş olunan hər günün fərqliliyini görüb özünəməxsus yaşasan tamamilə yenilənmək mümkündür. Çünki həyat bir yolculuqdur: səndə başlayıb səndə bitən. Yeriməyə başla, yollar qarşında açılacaq.
Sən nə həyatın hakimisən, nə də həyat qarşısında çarəsizsən! Həyatın qarşına çıxardığı dəyişikliklərlə savaşmaq əvəzinə, təslim ol. Yaşamın səninlə savaşaraq yox, səninlə birlikdə axsın. “Həyatım alt-üst olar” deyə qorxma! Nə bilirsən həyatının altının üstündən gözəl olmayacağını?
Şükürlərini xatırla! Daha sağlam düşünə bilmək üçün şükürlərini xatırla! Məgər hər şey həmişə pis, dözülməz idi? Heç gözəl şeylər olmadı? OLDU! Amma kədərləri, acıları gözündə o qədər böyütdün ki, xoş anları görmədin. Vazkeçdiyin an şükürlərini də xatırla! Və unutma ki, şükr etdikcə şükürlər çoxalar…
Problemsiz insan yoxdur. Tanrı insana daşıya biləcəyindən artıq yük vermir. Gözündə böyütdüyün, uğrunda həyatından belə vazkeçdiyin məsələ hər nə olur olsun, mütləq həlli var! Əgər buna həllolunmaz problem kimi yox, imtahan kimi baxsan, səbrlə yanaşsan sənə nələrsə öyrətmək üçün yaşandığını görəcəksən. Bilki, səbr etmək boş dayanmaq, gözləmək deyil. Buna görə də problemlərlə boğuşub tükəndiyini hiss etdiyin anda vazkeçmə! Çünki davam etsən bacaracaqsan. Amma qaçsan, ən dəyərli varlığını – həyatını itirəcəksən. Və bunun geri dönüşü yoxdu. Nə qədər peşman olsan da… Unutma, həyat bəzən silkələnməlidir, sallanmalıdır ki, daşlar yerinə otursun.
Bir iplə intiharda edə bilərsən, yelləncək də qura bilərsən. Həyatının ipləri sənin əlindədir…
Sima İsmayılzadə