İntihara yox deyək, həyata pozitiv baxaq

images

Hər kəsin həyatında çıxılmaz vəziyyətdə olduğu məqamlar olur. Belə məqamlarda şüurlu şəkildə düşünmək əvəzinə çıxış yolunu intiharda görürük. Əlbəttə bu, səhv addımdı. Sadəcə onu başa düşmək lazımdır ki, çətinliklər, problemlər daimi deyil. Həyatda hər şey bitir. Ancaq ümidlər, arzular bitməməlidi. Arzu, ümid bitdiyi zaman yaşamağın mənası qalmır. Nə yaxşı günlər, nə də pis günlər daimi deyil. Hər başlanğıcın bir sonu olduğu kimi hər gecənin də bir sabahı olur. Bu ömür, həyat bizə bir dəfə verilir. Bunu
dəyərləndirməyi bacarmalıyıq. Əslində hər birimiz bir-birimizin yaşadıqlarından, keçirdiyi hislərdən bixəbərik. Ona görə də insanları qınamağa çalışmamalıyıq. Bəzən “heç vaxt etmərəm” dediyimiz şeyləri etmək məcburiyyətində qalırıq. Bunu etməyə bizi həyat vadar edir. İntihar heç vaxt çıxış yolu ola bilməz. Həyatımız, yaşadıqlarımız nə qədər ağır olsa da hər şeyin çarəsi var. Bu çarəni, çıxış yolunu tapmaqda çətinlik ona görə çəkirik ki, bu məsələyə qarşı düşüncəmizi, baxışımızı dəyişə bilmirik.
Əslində həyatımızı idarə edən, bir növ istiqamətləndirən bizim düşüncələrimizdi. Ona görə də hər bir məqamda pozitiv düşünməyə çalışmalıyıq. O da bir həqiqətdir ki, hər pis məqamda, uğursuzluqda pozitiv düşünmək alınmır. Bu, insandan insana, xarakterdən xarakterə dəyişir. İnsanlar fərqli olduqları kimi onların problemlərə, baş verən hadisələrə yanaşmaları, reaksiyaları da fərqli olur. Sadəcə onu dərk etmək lazımdır ki, heç nəyə, heç kəsə görə sənə verilən həyatı yarıda qoymağa dəyməz. Hər kəs həyata bir dəfə gəlir. Verilən bu imkandan düzgün istifadə etməyi bacarmalıyıq. Həyatda yalnız güclü insanlar qalib gəlir. Həyat zəif insanları sevmir. Bunları həqiqətən dərk etsək yaşamaq bizim üçün daha rahat olar. Həyatımızda həmişə hər şey bizim istədiyimiz kimi ola bilməz. Enişli-yoxuşlu yollardan keçməli, səhvlər etməli, bu səhvlərdən nəticə çıxarmağı bacarmalıyıq. Bunları yaşamasaq bir insan olaraq tam formalaşa bilmərik. Atdığımız səhv addım, yaşadığımız uğursuzluqlar bizi məyus etməməlidi. Bunların baş verməsi labüddür. Fərqli hislər yaşadıqca biz də özümüzü tanımağa başlayırıq. Özümüzün müsbət, mənfi, güclü və zəif tərəflərimizi kəşf edirik. Ona görə də baş verən ən pis hadisə belə bizdə yaşamaq həvəsini öldürməməlidi.
Əksinə möhkəm olmağı və istəklərimiz uğrunda mübarizə aparmağı bacarmalıyıq. Ən asanı hər şeyi yarı yolda qoymaqdır. Amma biz asanı yox, çətini seçməliyik. Davam etməliyik. Hər şeyə rəğmən davam etməliyik. Yenidən başlamağı bacarmalıyıq. Ən çətini yenidən başlamaq üçün atılan ilk addımdı. O addımı atmaqda özümüzdə güc tapdıqsa artıq hər şey öz yoluna düşməyə başlayacaq. Artıq həyat gözümüzdə gözəlləşəcək. Yaşamaq və yaratmaq istəyəcəyik. Hər kəsə arzu edirəm ki, heç vaxt yaşamaq həvəsimizi itirməyək, bizə verilən bu həyatı gözəl, mənalı, dolu-dolu yaşayaq.

Elminaz Əlimova

Share to Odnoklassniki