Ey özünü intihara aparan insan! Sən bu dünyaya sadəcə bir dəfə gəlirsən. Sənin bu dünyaya gəlməyini isə ən çox istəyən Allahdır. Sənin öz arzuların, öz istəklərin var. Onları həyata keçirmək yolunda apardığın mübarizədə büdrəmək, yıxılmaq, həyatdan küsmək öz həyatına son qoymaq üçün səbəb deyil. Sənə həyat bəxş edən də Allahdır, Allah qarşısında intihar etmək isə günahdır. Həyat problemlərə qarşı mübarizə ilə daha da gözəldir. Çünki ruh bədəndə olduqca Allahdan ümid kəsilməz. Ümidin olduqca həyatda ən gözlənilməz hadisələrə sinə gəlib, ən tehlükəli sınaq və əziyyətlərə qatlaşa bilərsən. Problemsiz insan yoxdur və düşünmək bu problemlərlə qarşılaşan tək sənsən. Həyatda bütün həll yollarının tükəndiyini zənn edirsən və intiharı yeganə çıxış yolu olaraq görürsən. Lakin bir anlığa gözünün önünə bir daha bərpa oluna bilməyəcək həyatını və bu səhv addımından sonra doğmalarının, əzizlərinin əzabını, əziyyətini, sonsuz kədərini gətirmirsən. Unutma, həyat ömrü intihara qurban vərəcək qədər çirkin deyildir. Heç bir gün nədir? Heç bir saniyəni belə geri qaytarmaq mümkün deyildir. Hər şey sənin öz əlindədi və sən özünün ən gözəl şansınsan. Həyatı olduğu kimi görərək yaşamağa çalışmaq ən əhəmiyyətli səyimiz olmalıdı. Əvvəl-axır hamı bir gün öləcək, sadəcə bu dünyadan qalib kimi gedək, məğlub kimi yox… Həyatda hər nəyin olmasa da bil ki, sənin böyük Allahın var. Sən tək deyilsən. Həyat gözəldir yaşamağa dəyər.
Gəlin, bugünkü cəmiyyətin əsas bəlası olan və günü-gündən artan “İntihar”-a yox deyək və həyatın nəbzini tutub, öz həyatımızın əsas rəngini tapıb, “Həyat”a pozitiv baxaq. Məhz bu zaman həm özümüzün , həm ətrafımızın, həm də həyatın necə dəyərli olduğunu dərk edə bilərik.
Nərmin Yusifova