Faciənin tablosu : “ağ ölüm”
Narkomaniya – illərlə ölümdən həzz almaqdır.
Fransua Moriak
Fakt. BMT-nin hesabatlarına görə , hazırda dünyada 250 milyon insanın narkotik asıllığı var.Təssüf ki, bu bəladan Azərbaycana da “pay düşür” …
Hazırda bəzi gənclərimiz zərərli vərdişlərin alüdəçisinə çevriliblər.Demək olar ki, narkotikaya, spirtli içkilərə qurşanıblar. Bununla da uçruma sürüklənirlər və öz həyatlarını təhlükə altına atırlar…Sonda həyatları faciə ilə bitir…
Dünyanın çəkilməz ağrıları, dözülməz dərdləri var. Var olan hər nəsnənin tək insan üçün, insanlıq üçün olduğu hikməti demirik, daha doğrusu deyə bilmirik.Canlı olan hər bir varlığın çəkəcəyi və görəcəyi olmamış deyil, həqiqətin inkarında da israrlı deyilik, heyhat faciə də insan üçün yaranıb. Bax, bunu çox dəqiq bilirik. Təəssüf ki,bu faciənin – “ ağ ölüm”-ün yaradıcısıda dünyanın əşrəfi olan insandır. Beyninin “məhsulu”, düşüncələrinin “meyvəsidir”. Acı da olsa dadır və tədricən insan həyatının zəhrələnməsinin bünövrəsini qoyur. Və bu zəhər insanın təkcə cismini deyil, mənəviyyatını da alt-üst edir. İnsan həyatının ən böyük zəhəri ağ ölümə düşkünlükdür.
Ağ ölümə aparan yol dayanacaqların bitməzliyi , arzuların xarabalıq tablosudur. Rəngi ağ olsada yaşamı və yaşatdığının rəngi var: qara. Dünyanı qaraldır insanın gözündə. Qara günlərin başlanğıcıdır.Bu yolun başlanğıcını qoyanlar hara və nə qədər gedəcəklərini bilməsələrdə yarı yolda qalacaqlarını yaxşı bilirlər. Biliblər, amma geri qayıda bilməyiblər. Bu yolda xəstəliklə, ağrı, acı və aqressivliklə baş-başa qalacaqlarını anlayıblar, digər yol da tanımayıblar və yaxud da tapmağı bacarmayıblar. İradələri və gücləri çatmayıb. Bu yolun puç və yarımçıq arzuların bitməsinin başlanğıcı olduğu həqiqətini də qəbul ediblər. Təssüf ki, bu yolun yolçularının sayı az deyil.
Dünya bu “ağ ölüm”lə çırpınanların içində itib batmaqdadır. Birdimi, beşdirmi, mindimi, milyondurmu? Ağrıdıcı və üzücü olsa da saya hesaba gəlməz desek yanılmarıq və faktlardan qaça bilmərik. Cinsindən, irqindən, dinindən, dilindən aslı olmayaraq insanlıq bu bəlaya tutulub.Kimi “genetik bəla” deyir adına, kimi isə “əsrin bəlası” adlandırır. Nədirsə…. insanın düşməni insanlığın bəlasıdır. Acınacaqlısı odur ki, bu bəlanı özü düşünüb, ömrünü və həyatını zəhərləməklə canlıların ən mükəmməli olan insan kamilliyini şübhə altına salıb. Kədərli olsa da nəticə budur. Nəticənin ağırlığı bəzi cavabı məlum olan suallar da yaratmaqdadır. Kamil insan bihuş və yuxulu halda həyatını yaşamağa davam edərmi, Gələcək həyatını məhvə sürükləməyi anlaya-anlaya bu anlamazlığa qol qoya bilərmi? Ana təbiətin verdiyi bu gözəllikləri görüb də zövq alaraq da yaşamağı buraxıb, yuxulu və kefli halda gəzməyə üstünlük verərmi? Kamil insan budurmu? Verilənlər şükranlıq etmək kamil insanın borcu və vəzifəsi deyilmi? Təbii ki, cavablar aydındır. Yaranışdan yer üzünün əşrəfi kimi bütün canlılardan fərqləndirilən və şərəfləndirilən insan borcu və xidmətini unudursa və onun üçün qoyulan hədləri aşırsa, demək ona nələri xatırlatmaq boş və mənasız çabadı. Ümid yenədə insanın özünədir.
Bu bəladan o özü qurtulmalıdır. Sağlam, gümrah və şux yaşamaq varkən bihuşluğu seçməməli, halsızlığı vərdiş halına gətirməməli və bunu edənlərə qarşı isə amansız olunmalıdır. Ağlı və zəkası ilə dünyanın üzünü ağ edənlərin, yaranışıyla insanlığa xidmət edənlərin düşüncələri və qənaətləri yenə də yer üzünün varlığının xilasına yönəlməlidir. Gələcəyin xilasına çalışılmalıdır. Onlar fikirləşməli və qərarlaşdırmalıdırlar.
Dünyanın gücü iradə, ağlı beyin və dərin zəkalıların çiyni üzərində dayanması hikmətini onlar unutmamalıdılar. Və aydınların işığına və yardımına hər bir insan qoşulmalıdır sağlam və gümrah gələcəyi gətirmək, sabir və sakit dünyanı qorumaq, abad, azad və firavan yaşamı saxlamaq üçün. Ağır dərdə mübtəla olmuş insanlığın xilasında sənin mənim , onun olmamalıdır. Hamı bizim deməlidir.Bəla elliklə gələndə qarşısında eli görərsə sarsılar və dönər gedər, deyirlər.Hamı qurtuluşa gedən yolun yolçusuna çevrilməli və bu yolun çətinliyindən qorxmamalıdır. Qorxu əsrin bəlasıdır. Yeni əsrin gəlişini ayıq başla sağlam canla qarşılayan nəslin qalması üçün insanlar birgəlik nümayiş etdirməli,çiyin-çiyinə, əl-ələ verməli, iradəsinə güc göstərməli, zəifə dayaq durmalıdır.Ağrı və acılara şahidlik etməmək üçün bu gündən hər kəs işə başlamalıdır. Bu ağı hər kəs üçün deyilə bilər, bu acını hamı yaşaya bilər. Məncə, “məndən ötdü, qardaşıma dəydi” prinsipi yaramır bu bəlada . Bu bəladan qurtulma yollarını hər kəs birgə aramalıdır. Özü bildiyi və anladığı qədər anlatmalı , həyacan təbili çalmalıdır. Yoxsa, təbil onun üçün də çalınacaq, gec və ya tez….
KƏSƏSİ. Ağ ölümün qara toru insanı sardıqca, fəlakətə sürüklədikcə, faciələr yaşatdıqca qəlblər dağlanır, ürəklər sızıldayır, ahlar göylərə bülənd olur.Yeri – göyü Yaradansa yaratdıqlarını əzab çəkməsini istəmir, fitnə -fəsatdan qaçmanın yolunu göstərir və sevgili peyğəmbərimizə xəbərdarlıq edir. “ Ya Peyğəmbər Mən insanı hər cür nemətləri ilə təmin etdim, ağıl, zəka və nurla mükafatlandırdım. Onlarsa nankorluq etdilər. Sən onlara dinimizin qaydalarını, anlat və de ki, qadağan olunanlardan istifadə edənlərin vay halına” Sevgili peyğəmbərimiz ümmətinə səsləndi. “ Əqli dumanlandıranlardan qaçın. Şübhəsiz ki, o bütün fəlakətlərin açarıdır”. Yaradanımızın və onun elçilərinin buyurduqlarına əməl etməyənlərə yazıqlar olsun.
Elşən Dağlar