İntihara yox deyək, həyata pozitiv baxaq

28810292_962469720573211_1424340155_o

Mənə elə gəlir bu dünyada ən dəhşətli hiss ümidsizlikdir. Hər ümidsizlikdə bir çarə, hər çətinlikdə bir fürsət gizləndiyini unudanda insan potensial intiharçı olur. Konservativ toplumlarda buna daha çox təsadüf edilir. Ümidsizliyin dərmanı zamandır mənə görə.Və zamanla özünü həyatın gözəlliklərini hiss etməyə həsr edib yaşamını dəyərləndirən hər bir şəxs yaşından və cinsindən asılı olmayarq mənim üçün qəhrəman, iradəsi önündə baş əyəcəyim yeganə qüvvədir. Amma necə? Kənardan tövsiyə asandır deyə bilərsiz.

Uşaq vaxtı kəndimizin üstü toz basmış kitablarla dolu dəmir vaqonda xudmani kitabxanası vardı. Ən sevimli guşəm məhz bu dəmir vaqon idi. Bir dəfə orda M.İbrahimovun əsərlərindən ibarət kitabını tapdım.Toplu əsərlərdən ibarət kitabda “Çandranın üsyanı”adına rastladım. Orda yazılan bir cümləni xüsusilə heç vaxt heç vaxt unutmuram: ”Ölüm həmişə var,ölməyə tələsməyin!”

Güllə yağışı altında kilometrlərlə yol gedib qaçqınlığın ən ağır formasını yaşayaraq, bir içim su içmək üçün kiçik bir fincana möhtac qalıb, bacı-qardaşımı itirib, hər gün onlarla şəhidi məzara yola salan anaların fəryadına şahid olarkən belə həmişə bu sözləri xatırlamışam.

Çünki psixoloq olmazdan öncə hər birimiz kimi mən də hissləri, zəif, güclü tərəfləri olan, çabalayaraq iradənin ən böyük güc olduğuna inanan insan- həssas qadınam.

Bir oxucu olaraq hər gün sosial şəbəkələrdən oxuduğum intihar xəbərlərinə rast gəldikcə ağrıyıram, psixoloq olaraq isə düşünürəm. Nədən? Nə üçün? Hətta bu cümlələri yazarkən bir əyalətdə balaca məktəblinin və nişanlı oğlanın intihar xəbərini eşitdim.

İnsan üçün həyatda yaşamaq, ağrılara, düşdüyü çətin situasiyadan çıxış yolu tapmağa cəhd etmək bəzən çox ağırdır. Ancaq bir düşünün. Ölümə atdığımız hər bir kiçik addım bizi geridönüşü olmaz yola aparır ki bunun əhəmiyyətini sonradan anlamaq nə acı ki işə yaramır. Özünü asan insanların dırnaqlarındakı ipin qırıntıları barədə oxumuşdum illər öncə.Yəni ölümə qucaq açan hər bir insan ölümü hiss edən zaman ondan geri dönməyə çalışır, sanki ardındakılara baxın həyat nə qədər şirinmiş, aman allah , mən nə edirəm subliminal mesajını verməyə cəhd edirmiş kimi görünürlər. Bu necə də təəssüfləndiricidir…

Ölkəmizdə , xüsusilə, qadınların övladlarıyla birgə intihar etməsini (Gəncədə uşağının başını kəsən ana, yaxud Şəmkirdə övladlarıyla birgə özünü qatarın altına atan qadın və s.) oxuyarkən bir sual çıxır. Axı ana üçün övladından vacib nə ola bilər? Yaxud bir qadını, bir uşağı, bir kişini intihar etməyə vadar edən ən dəhşətli səbəb nədir? Buna səbəb amillər çoxdur təbii olaraq: atadan, ərdən maddi asılılıq,təhsilsizlik, ailə mühiti, erkən nikah, yazılmamış ailə qanunları, valideynlərin uşaqlarına olan diqqətsizliyi və s. Lakin ən böyük səbəb çarəsizlik, ümidsizlikdir. Misal üçün atıldığı ailə həyatının ilk anındaca qaynanana, ər zorakılığından dərin ümidsizliyə qapılıb psixoloji dəstəkdən məhrum qalan qadınlar çarəni özünəqəsddə görürlər.

Ancaq əmin olun!Həyat kiminsə, ya da kimlərinsə müdaxiləsilə imtina ediləcək nemət deyil. Dərin ümidsizlik halında səmaya baxıb qanad çalan quşları seyr etmək, ləpələnən dənizin mehini üzümüzdə hiss edib dərindən nəfəs almaq , yaxud bir qarışqanın yorulmadan yükünə sahib çıxıb ondan vaz keçməməsini izləmək bizə yetməzmi?

Yaşamağı bacarmağın ən önəmli tərəfi bizə acı verən hər şeylə üzləşmək, cəsarətli olub,beynimizidəki sual işarələrini çözməkdir. Hər şeydən öncə ruhumuza ev sahibliyi edən bədənimizi ondan məhrum etməzdən qabaq bir anlıq təkrar düşünsək, olmazmı?! Axı ölüm həmişə var,bəlkə ölməyə tələsməyəsiz, ey insanlar!

Nuranə Quliyeva 

Share to Odnoklassniki