Yandım, elə yandım…

w

Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmov Ailem.az üçün yazır. Bu dəfəki məqalə emosional yanma (burn out) sindromu haqqındadır.

Gündəlik həyatda buna xroniki yorğunluq, emosional yanma, yaxud sadəcə “yanma” sindromu da deyilir. İlk əvvəl bu sindrom daha çox çalışan insanlara şamil edilirdi. Belə ki, uzun müddət fasiləsiz çalışan insanlarda bu hal zaman keçdikcə xəyal qırıqlığı, işdən soyuma, lap elə işi mexaniki həyata keçirmə, heç bir yeniliyin olmaması və s. belə hallarla özünü büruzə verirdi. Günümüzdə yanma sindromunun işçilər arasında böyük bir problem olduğu fakt kimi ortadadı. Nəticədə emosional yanma sindromu ailədaxili münasibətə, psixosomatik xəstəliklərə, alkoqol, siqaret kimi zərərli vərdişlərə, yuxusuzluq, depressiya kimi ruhi narahatlığa səbəb olur. Yenə də qeyd etmək istərdik ki, qabaq belə hallar daha çox fasiləsiz çalışan insanlarda rast gəlinirdi. Ancaq gününmüzdə biz çalışanlarla yanaşı, çalışmayan insanlarda da belə halların artmasının şahidi oluruq. Olmaya hamı gərgin iş qrafiki ilə işləyir, sadəcə bizim xəbərimiz yox?! Bəlkə iş anlayışının mahiyyəti dəyişib?! Bəlkə internetdə sadəcə, yenə də qeyd edirəm – sadəcə zaman keçirmək də işdi xəbərimiz yox?! Ola bilər. Bu, başqa bir mövzudu. Hələlik onu saxlayaq, keçək emosional yanmanın bizə necə təsir etmə prosesinə.

Yandım, elə yandım…

Yanmanın əsas xüsusiyyətləri enerji itkisi, motivasiya əskikliyi, digərlərinə qarşı mənfi münasibət, qərarsızlıq, ruh halının tez-tez dəyişməsi, eləcə də duyğusal tükənmə, laqeydləşmə və fərdi müvəffəqiyyət ölçüləri ilə xarakterizə edilir. Duyğusal müstəvidə tükənmə insanın etdiyi işə görə özünü həddindən artıq yüklənmiş, tükənmiş hiss etməsidir və burn-out (emosional yanma) sindromunun ən əhəmiyyətli simptomudur. Laqeydləşmə insanın əhatəsində olanlara qarşı fərd olduqlarını nəzərə almadan, duyğudan məhrum şəkildə davranış göstərməsidir. Yanma sindromu əsasən 4 mərhələdə özünü büruzə verir. Öncəliklə onu qeyd edək ki, yanma insanın bir mərhələdən digərinə keçdiyi dəhşətli bir proses deyil, davamlı bir aktdır.

Varmı mənə yan baxan?

Birinci mərhələ - Şövq və coşğu mərhələsi: Bu mərhələdə insanda yüksək bir ümidlilik, enerjili olma, ifrat peşə gözləntiləri müşahidə olunur. Fərd üçün çalışdığı peşə hər şeydən öndədir, yuxusuzluğa, gərgin iş mühitlərinə, özünə və həyatın digər istiqamətlərinə qarşı zaman və enerji ayırmamağa köklənir.

Dama dama göl olar

İkinci mərhələ - Durğunluq mərhələsi: Bu mərhələdə artıq istək və ümiddə müəyyən dərəcədə azalma müşahidə olunur. Çalışma prosesində qarşılaşdığı çətinliklərdən, daha əvvəl əhəmiyyətsiz yanaşdığı bəzi məqamlardan getdikcə narahat olmağa başlayır. Tələb olunan işdən əlavə heç bir şey edə bilmir. Artıq narahat olmağa başlayır. Əvvəl çalışma şövqü digər sahələrə diqqət ayırmamağa səbəb olurdusa, bu gün həmin entuziazmla çalışa bilmir, əksinə, kənar işlərə daha çox zaman ayırır.

Hər şey üstümə-üstümə gəlir

Üçüncü mərhələ - Maneə mərhələsi: Başqa insanlara kömək və xidmət etmək üçün işə başlayan şəxs, insanları, sistemi, mənfi iş şəraitini dəyişdirmənin nə qədər çətin olduğunu anlayır. Davamlı bir maneəçilik duyğusu yaşayır.

Mən yoruldum, həyat

Dördüncü mərhələ - Laqeydlik mərhələsi (Apatiya-süstlük): Bu mərhələdə insanda çox dərin emosional qopma, dərin inancsızlıq və ümidsizlik müşahidə edilir. Peşəsini, gördüyü işi iqtisadi və sosial təminat üçün davam etdirir, ondan zövq almır. Belə bir vəziyyətdə iş həyatı fərd üçün doyum və özünü reallaşdırma sahəsi olmaqdan çox, insana yalnız çətinlik və bədbəxtlik verən bir sahə olur.

İnsanda emosional yanma vəziyyətində ortaya çıxacaq əsas simptomlar aşağıdakılardır:

Psixofizioloji simptomlar: yorğunluq və tükənmə hissi, enerji itkisi, xroniki baş ağrıları və yuxu pozuntuları, qastrointestinal (mədə-bağırsaq problemləri) pozuntular və çəki itirmə, tənəffüs çətinliyi, psixosomatik xəstəliklər, ürək narahatlığı.

Psixoloji simptomlar: duyğusal tükənmə, xroniki əsəbilik, tez hirslənmə, müəyyən dövrlərdə koqnitiv bacarıqlarda yaranan çətinliklər, xəyal qırıqlığı, əhval defisiti, anksiyetə (həyəcan), səbrsizlik, özünüqiymətləndirmənin aşağı düşməsi, dəyərsizlik, tənqidə qarşı həddindən artıq həssaslıq, qərar vermədə çətinlik, süstlük, boşluq və mənasızlıq hissi, ümidsizlik.

Bihevioral simptomlar:  yanlışlığa yol vermə, işlərini təxirə salma və ya ertələmə, işə gec gəlmə, icazəsiz olaraq, ya da “xəstəlik” səbəbi ilə işə gəlməmə, xidməti xüsusiyyətlərdə pozulma, işdə və iş xaricindəki əlaqələrdə problem, həmkarlara və xidmət verilən şəxslərə, peşəyə və s. qarşı qeyri-ciddi davranış, işlə maraqlanmaq yerinə başqa “işlərdə” zaman keçirmə, yaxınlara, eləcə də çalışdığı işə qarşı marağın itməsi.

Səbəbləri:

Bu mövzuda aparılan araşdırmalara diqqət etdikdə görürük ki, problemi daha çox birbaşa şəxsiyyətin, fərdin özü ilə bağlayırlar. Düzdür, öncələrdə bunu təşkilati faktorla daha çox əlaqələndirirdilər, günümüzdə də belə yanaşma aktuallığını qoruyub saxlayır. Təşkilatlarda bu halın mövcudluğunu qəbul edir, aradan qaldırması istiqamətində tədbirlər görürlər. Təsadüfi deyildir ki, günümüzdə təşkilat və müəssisələr insan faktoruna, onun özünü reallaşdırmasına əvvəlki illərlə müqayisədə daha çox diqqət ayırır. Bu mövzuda digər bir yanaşma həm təşkilati, həm də fərdi problemlərin bu sindroma səbəb və yanmanın çox ölçülü kompleks fenomen olduğu ilə bağlıdır.

Burn-out (emosional yanma) sindromu işə yeni başladıqda daha çox həyəcanlı və istəkli olan şəxslərdə müşahidə edilir. Bu vəziyyət mütəxəssislər tərəfindən həmin insanların ilk həyəcanlarına daha çox enerji sərf edərək qısa müddətdə tükəndiklərinə bağlanır. Emosional yanma sindromunun meydana gəlməsində olduqca təsirli 3 vəziyyət diqqəti çəkir:

Rol konflikti: Bir-biriylə üst-üstə düşməyən məsuliyyətləri daşıyan insan prioritetlər qoyaraq məsuliyyətlərini sıralamaq yerinə, hər şeyi eyni səviyyədə yaxşı etməyə çalışır. Bu vəziyyətdə müəyyən müddət keçəndən sonra insanda yorğunluq yaranır və nəticədə burn-out sindromu baş verir.

Rolun qeyri-müəyyənliyi: İşçi özü ilə bağlı mükəmməl karyera portreti çəkdiyini düşünür; amma özünə model seçəcəyi biri olmadığından bunu necə edəcəyindən əmin olmur. Bu səbəbdən faydalı olacaq heç bir şeyi bacara bilmədiyi qənaətinə qapılır.

Həddindən artıq yüklənmə: Heç kimə “xeyr” deməyərək öhdəsindən çətinliklə gələcəyi məsuliyyətlə yüklənən şəxs nəticədə tükənmə nöqtəsinə gəlib çıxır.

Bunların xaricində iş mühitiylə əlaqədar bəzi problemlər də stressə və şəxsin özünü işdə bədbəxt hiss etməsinə səbəb olur.

Burn-out sindromunun yaranma səbəbi yalnız iş yerindəki şərtlər deyil. Bu şərtlər qədər insanın özünə aid xüsusiyyətlər də qeyd olunan sindromun ortaya çıxmasına təsir edir. Emosional yanma sindromu özündən, həyatdan və digər insanlardan gözləntiləri yüksək olan, insanlara dəyər verən, onların ehtiyaclarını qarşılamağa çalışan, işini ən yaxşı şəkildə etməyə çalışan, həyatda yüksək hədəfləri və idealları olan, gördüyü işə gəlir gətirən bir sahə olmaqla yanaşı, başqa mənalar da yükləyən, yaşadığı hər problemdə özünü günahlandırmağa və mənfi qiymətləndirməyə meylli insanlarda daha çox rast gəlinir. Həmçinin, insanın iş, ailə və sosial həyat kimi birdən çox sahədə stress yaşadan hadisə ilə qarşı-qarşıya qalması və stress yaşamağa uyğun bir şəxsiyyət quruluşuna sahib olması da bu sindromun ortaya çıxmasına şərait yaradır.

Sindromun terapiyası:

Ümumiyyətlə fərdi, təşkilati və hətta sistemdən qaynaqlanan faktorların birlikdə rol oynaması ilə ortaya çıxan yanma, bir sindrom və sistem problemi olaraq qəbul edilməlidir. Təsirli müdaxilə həm fərdi, həm də təşkilati zəmində olmalıdır. Ən vacib olan birinci növbədə sindromu yaradan faktorların aradan qaldırılması, bu, olmasa belə, erkən dövrdə diaqnoz qoyularaq sürətli müdaxilə planının tətbiq edilməsidir. Bütün hallarda problemin həlli yenə də insana dirənib qalır. O insan ki, hansı şəraitdə necə yaşamağından asılı olmayaraq həyatına rəng qatmağı bacarmalı, azından buna cəhd etməli, tutunacaq bir dəyər sistemini yaratmalıdır. Belə olan təqdirdə emosional yanma sindromu baş versə belə, insan tez bir zamanda səfərbər olub, problemi aradan qaldıra bilər. Günümüzdə tutunacaq dəyər tapmaq bir qədər çətin olsa da,  cəhd etməyə dəyər. Həyata bütöv bir sistem kimi yanaşmaq lazımdı. O sistemdə bizdən yaxşı və bizdən pis durumda yaşayan insanlar olub, bundan sonra da olacaq. Necə deyərlər, baxdığımız yerdəyik.

Share to Odnoklassniki