“Yatmaq istəyirəm!”, “Yuxudan durmaq səhərlər mənə əziyyət verir!”,”Halım yoxdur!”, “Hər tərəfim ağrıyır”, “İşə getmək istəmirəm!”, “Bezdim hər şeydən!”
Payızın gəlişi ilə sizdə də bu şikayətlər başlayıb? Gəlin bunun səbəblərini nəzərdən keçirək! Günəş şüalarının bədənimizdə gedən proseslərə təsir etdiyi məlumdur, payızın gəlişi ilə isə bioloji ritmimiz dəyişir, nəticədə qızmar yay günlərindən, təbiət qoynundakı gözəl istirahətdən sonra yenidən iş rejiminə köklənmək, dərs abu-havasına öyrəşmək çətin gəlir…
Bütün bunlarla yanaşı, mövsümün dəyişməsi, günəş şüalarınin azalması narahatlıq, yuxusuzluq, iştahanın pozulmasi kimi hallara gətirib çıxarır. Səbəb isə melotonin hormonudur. Günün uzunluğu azaldıqca melotonin ifrazi artır, çünki bu hormon qaranlıqda daha çox ifraz olunur. Melotonin ifrazının artması hərəkətlərimizi azaldır, yuxulu, halsız vəziyyət yaradır. Bir növ təbii sakitləşdirici rolunu oynayır. Beləliklə, payızda gün işığının azalması, gecələrin uzun, gündüzlərin qısa olması melotonin ifrazının artmasına və təbii olaraq da bizdə həm fizioloji, həm də psixoloji dəyişikliklərə gətirib çıxarır. Psixologiyada bu, mövsümi depressiya adlanır.
Mövsümi depressiyanın əsas əlamətləri 2-3 həftə boyunca istəksizlik, diqqəti toplaya bilməmək, səhər yuxudan yorğun oyanma, pessimizmə qapılmaq, heç nədən zövq ala bilməmək, iştah pozğunluqları, həddindən artıq durğunluq və gərginlikdir.
Bu kimi hallara təkcə payızda deyil, eyni zamanda yaz aylarında rast gəlinir.
Mövsümi depressiyanın spesifik halları daha çox yatmaq və heç bir iş görməmək istəyi, səhər yuxudan duranda bədəndə ümumi yorğunluq, əzələlərdə, oynaqlarda ağrılar, bəzən baş ağrıları, əsəbi və küsəyən olmaqdır.
Bu növ depressiyalar daha çox uşaqlar, yeniyetmələr və evdar xanımlarda rast gəlinir. Tədqiqatçılar mövsümi depressiyaların doğum tarixi ilə bağlı ola biləcəyini də söyləyirlər. Məsələn, “The Daily Mail” bu barədə yazır:
“Yayda dünyaya gələn yeniyetmələr qışda emosional fonun azalmasından əziyyət çəkirlər. Halbuki, qışda və payızda doğulan uşaqlarda buna çox az hallarda rast gəlinir. Yəni körpənin həyatının ilk günlərində təbii işığı görub-görməməsi çox əhəmiyyətlidir, çünki günəş işığı sinir sistemini “proqramlaşdırır”. Bəzən insanlar payız fəslində işə, dərsə başlayanda öz potensiallarını istədikləri kimi ortaya qoya bilməyəndə ümidsizlik, istəksizlik yaranır ki, bu da mövsumi depresiyaya təkan verə bilər.”
İstər payızda, istərsə də yaz aylarında baş verən mövsümi dəyişikliklər psixoloji narahatlıq olub, uzun müddət davam edər və tədbir görülməzsə xroniki hala keçə bilər ki, bu da artıq psixoloji pozğunluq sayılır.
Bəs mövsümi depressiyaların qarşısını necə alaq və hansı tədbirləri görək?
Mövsümi dəyişikliklərdən təsirlənməmək üçün ilk öncə qidalanma vərdişlərimizə dəyişiklik etməliyik.
Belə ki:
1.Gündəlik qidalanmanı 4-5 paya bölub, az-az , tez-tez yemək lazımdır.
2.Tərkibində C və B qrup vitaminləri, K ,Ca mikroelementləri olan meyvə və tərəvəzlərdən daha çox istifadə etmək lazımdır.
3.Xüsusilə axşamlar tərəvəzli yeməklər qəbul etmək.
4.Gün ərzində 2-2,5 litr su içmək, spirtli içkilərdən uzaq durmaq lazımdır.
5.Yuxu rejiminə diqqət etmək . Gün ərzində 7-8 saat normal yuxu sayılır.
6.İdmanla məşğul olmaq, yox əgər buna vaxtınız çatmırsa, evdə rəqs və ya gimnastika ilə məşğul olmaq olar.
7.Düşüncələrinizə nəzarət etmək: pis fikirlərdən, pessimistlikdən uzaq olub pozitiv düşünmək.
8.Gələcək haqqında düşünmək, böyük planlar qurmaqdan qorxmamaq, çünki bu yanaşma bizi qısa müddətli uğursuzluqlarımıza qarşı daha güclü edəcək…
9.Öz- özümüzü motivasiya etməyi bacarmalıyıq. Məsələn: iş stolu və ya otağınıza məqsədlərinizi xatırladacaq simvollar, yazılar, şəkillər, yaxud əşya qoyun, bu öz növbəsində həvəssiz yanaşdığınız işinizi sevməyə və hədəflərinizə çatmağa kömək edəcək.
10.Vaxt olduqca açıq havada, oksigenlə zəngin olan yerlərdə daha çox gəzinin.
11.Xanımların köməyinə gələcək daha bir üsul onların çox sevdiyi şoppinqdir.
Payız və ya qış fəslinin gəlməsindən, günəşin az-az görünməsindən asılı olmayaraq, günəşi öz daxilinizdə yaradın, özünüzü, işinizi sevin, evinizdə, ailənizdə bahar abu-havası yaradın!
Psixi sağlamlığınızın daimi olması arzusu ilə
Xəzər Universitetinin psixologiya fakültəsinin tələbəsi
Aysel Sərkarlı