17 yaşım olsaydı…

  • Home
  • Kateqoriyasız
  • 17 yaşım olsaydı…

17 yaş dedikdə ağlımıza ilk öncə məktəb həyatının bitdiyi, yeniyetməlikdən gəncliyimizə doğru atdığımız ilk addımlar gəlir. Əslinsə isə qayğısız illərlə əsl həyat arasında dayanan körpüdü 17 yaş. Doğrudur, böyüməyin yaşı yoxdur. Lakin bu yaşdan sonra biz təməlini özümüz qoyacağımız həyata atılmış oluruq. Bu təməl nə qədər möhkəm və sarsılmaz olarsa sonrakı həyatımızın dayanıqlılıq müddəti bir o qədər güclü olacaqdır. Sonrasında kaşkilərin, əgərlərin, niyələrin az olması və ya qarşısını ala biləcəyimiz yaşdır 17 yaş. Ən çox da əzabını və ya sevincini yaşayacağımız seçimlərimizdi 17 yaş.

Bilirəm ki, hər yaş insana nəsə öyrədir, hər yaşında insan bir il öncəkinə nisbətən daha başqa biri olur. Bunu yaşayıb, böyüdükcə görürəm. 17 yaşım olsaydı ilk öncə həyatımdakı güvənlərimi, seçimlərimi, doğrularımı və yanlışlarımı düzəltməyə çalışardım. Əslində “kaşki zamanı geri qaytara bilsəydim” ifadəsini sıxlıqla işlədən biri deyiləm. Çünki seçimini özümüz etdiyimiz bir həyatın yanlışlarını sadəcə bir cümlənin üzərinə atmaq doğru deyildir.  Məsələn, bilirəm ki cəmiyyətimizdə 17 yaşım olsaydı istədiyim, sevdiyim ixtisası oxuyar, işi görərdim, 17 yaşım olsaydı ailəmin məcburiyyətinə boyun əyməyib həyatımı quracağım insanı özüm seçmiş olardım, 17 yaşım olsaydı vaxtımı boş yerə itirməz, gələcəyim üçün daha çox çalışmış olardım, 17 yaşım olsaydı nəticəsinin nələr olacağını bilsəmdə illərlə hər kəsi və ən əsas özümü aldatmamaq üçün açardım bütün sirrlərimi və s. deyəcək insanlar var.

Doğrudur, zamanı geri qaytarsaq düzəldə biləcəyimiz milyonlarla səhvlərimiz, xətalarımız var. Ancaq bilirəm ki və hətta əminəm ki, o yaşda olan biz həmin səhvləri və ya doğru bildiyimiz xətaları etməsəydik indi mövcud olan biz olmazdıq. Keçmişdə seçdiyimiz seçimlərin nəticəsini sadəcə bir yaşın, bir saatın, bir günün, bir ilin üzərinə atmaq çox asandır. Bu istər 17, istər 27, istər 37…. yaşlar ola bilər. Önəmli olan arxaya baxaraq kaşki demək deyil, mühüm olan kaşkilərimizi bildiyimiz halda irəliyə doğru addımlamaqdır. Doğrudur, onları silmək mümkün deyil. İnanıram ki, nəyisə düzəltmək üçün nə müəyyən bir yaşı geri qaytarmaq, nə də sadəcə oturub nəyinsə düzələcəyini gözləmək lazımdır. Sadəcə səhvlərimiz, seçimlərimizlə barışıq yaşamaq və həyatımızdan şərt şəkillərini azaltmaq lazımdır. O zaman dünyamızda “17 yaşım olsaydı”ilə başlayan cümələlərimiz daha az şəkildə işlənəcəyinə inanıram.

Nurulu Xatirə    

Bakı dövlət universiteti, Filologiya fakültəsi

Share to Odnoklassniki