Neftçalanın 1-ci Mayak kəndində 11 yaşlı Kazımova Xədicə Rüstəm qızı yaşadıqları həyətdəki yarımçıq tikilidə özünü təsərrüfat ipi ilə asaraq intihar edib. Əvvəllər uşaqların intihar etməsinə nadir hallarda belə rast gəlmək mümkün deyildi. İnsan ömrünün ən qayğısız, ən xoş dövrü olan uşaqlıq illəri ən xöşbəxt günlər hesab olunurdu. Amma bu hаl getdikcə dəyişmək üzrədir. Uşaqların həyatın ən gözəl çağından imtina edərək boynuna kəndir keçirməsi cəmiyyətdə bu problemlə bağlı həyəcan təbili çalmağın vaxtı çatdığından xəbər verir. Elə psixoloq Elnur Rüstəmov da Movqe.az-a açıqlamasında valideynlərin uşaq intiharlarından nəticə çıxartmalı olduğunu, öz övladlarını intiharın pəncəsindən xilas etmək üçün diqqətli olmalarını tövsiyə edir. Həmsöhbətimiz deyir ki, uşaqlıq insan ömrünün ən qayğısız dövrü olsa da, uşağın problemi yoxdur, deyib keçmək doğru yanaşma deyil: “Uşağın uşaq problemi var, böyüyün böyük. Ona görə də, valideynlər uşaqlarına qarşı həssas olmalıdırlar. Götürək Neftçalada baş verən son uşaq intiharı hadisəsini… Unutmamalıyıq ki, 10-11 yaşda uşaqlarda şəxsiyyət formalaşır. Həmin dövrdə valideynlər uşaqlarına qarşı xüsusilə həssas olmalıdırlar. Ona görə də, valideynlər, uşaq yeniyetmə dövrünə çatmamış tədbirli davranmalıdırlar. Çox təəssüf ki, bizdə valideynlər öz komfortlarına düşkündürlər. Uşağın əlinə mobil telefon verməklə, öz rahatlıqlarının qeydinə qalırlar. Fikirləşmirlər ki, uşağın əlinə sosial şəbəkəyə, internetə çıxışı olan telefon verməklə övladlarını təhlükəyə atmış olurlar. Uşaqlar sosial şəbəkələrə daxil olur, oradan onların yaşına uyğun olmayan məlumatlar əldə edir, öz yaşlarına aid olmayan diskusiyalara qoşulmaq imkanı əldə edirlər”.
Psixoloq deyir ki, valideynlər uşaqlarının canına qıymaması üçün ailədə münasibətlərə də diqqət etməlidirlər: “Uşaqların intihar etməsində ailədaixili münaqişələr də rol oynayır. Bir də görürsən ki, ailədə ata-ana uzun müddət münaqişə edir. Hər gün ailədə evdə dava-dalaşın, söz-söhbətin şahidi olan uşaq artıq ailədə bu cür münasibətlərdən bezir. Üstəlik bu cür münasibət boşanma ilə sonuclandıqda, ilk travmanı uşaq alır. Bu olaylar uşaqda şəxsiyyətin formalaşdığı bir dövrdə, yəni 10-11 yaşlarında yaşanırsa, bu, hətta uşaqların intiharı ilə nəticələnir. Çünki, valideynlərin ayrılması, daha sonra özlərinə başqa ailə qurması, yaxud vətəndaş nigahında yaşaması şəxsiyyəti yenicə formalaşan uşağa təsir edir. Həmin uşaq valideynlərinin bu münasibətlərinə cəmiyyətin, ətrafında olan həmyaşıdlarının reaksiyasını düşünür. Belə halda uşaqlar bəzən canlarına qıyırlar. Ona görə də valideynlər davranışlarına ailədə xüsusi diqqət yetirməli, uşaqların yanında mümkün qədər aralarında olan problemləri biruzə verməməlidirlər”.
E. Rüstəmov valideynlərin uşaqlarını aqressiv davranarkən, hər hansı psixoloji pozuntu olduğunu hiss və ehtimal edərkən dərhal müayinə etdirməsini də vacib sayır: “Bir də görürsən ki, uşaq ətrafdakılara, öz həmyaşıdlarına qarşı çox aqressiv davranır. Bu zaman bu davranışın səbəbini üzə çıxartmaq üçün mütləq uşaq psixoloq müayinəsindən keçməli, uşağı bu cür davranışa vadar edən səbəb aşkarlanıb üzə çıxardılmalıdır”.
Zülfiyyə Quluyeva
http://www.movqe.az/76457.html