Məhkəmə prosesində müdafiə funksiyasının təmini

mehkeme1

Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ, o cümlədən cinayət prosesində müdafiə hüququ insan hüquqlarının tərkib hissəsini təşkil edir.

Bəşəri sivilizasiyasının ən müdrik kəşflərindən sayılan insan hüquqları bu gün hamının anladığı və anlamalı olduğu əvəzsiz nailiyyətdir. İnsan hüquqlarına hörmət, insan hüquqlarının qorunması müasir dünyaya qovuşmağın əsas yoludur».

İnsana məxsus olan hüquq və azadlıqların anadangəlmə xarakterinin dərk olunması insanı dövlətdən həddən artıq asılılıqdan qurtarır, ona hər hansı qəsdlərdən öz hüquqlarını qorumağa imkan verir. Hüquqi demokratik dövlət insan hüququnun üstünlüyünü tanıyır və özünün hakimiyyət funksiyasını həmin hüquqlarla məhdudlaşdırır. Ona görə də, dövlətin əsil təbiəti insan hüquqları prizmasında fərdin cəmiyyətdə rolu və yerində, onun dövlətlə qarşılıqlı əlaqələrində özünü göstərir. Müasir həyatda insan və vətəndaşın hüquqi statusu bir tərəfdən milli qanunvericiliyin, digər tərəfdən isə beynəlxalq normaların inkişafı nəticəsində daha da genişlənir

Məhkəmə və hüquq mühafizə orqanlarının düzgün fəaliyyət göstərməsi təkcə cinayət mühakiməsi sahəsində deyil, həm də əsas insan hüquqlarının müdafiəsi sahəsində mühüm əhəmiyyət kəsb edir. Birləşmiş Millətlər Təşkilatının bu sahədə sənədlərindən biri də Baş Məclisin 17 dekabr 1979-cu ildə 34/169 saylı qətnaməsi ilə qəbul olunmuş «Hüquq qaydalarının mühafizəsi üzrə vəzifəli şəxslərin davranış məcəlləsi»dir. Həmin sənədə müvafiq olaraq hüquq-mühafizə orqanlarının vəzifəli şəxsləri cəmiyyətə xidmət edərək və bütün şəxsləri hüquqa zidd hərəkətlərdən müdafiə edərək, qanunla onların üzərinə düşən öhdəlikləri daim və peşələrinin tələb etdiyi kimi, olduqca yüksək məsuliyyətlə yerinə yetirməlidirlər.

Öz vəzifələrini yerinə yetirən hüquq-mühafizə orqanlarının vəzifəli şəxsləri bütün şəxslərə münasibətdə insan ləyaqətinə hörmət etməli, onu müdafiə etməli, insan hüquqlarına riayət etməli və onu qorumalıdır. Hüquq mühafizə orqanlarının vəzifəli şəxsləri tərəfindən tətbiq edilən güc istisna xarakteri daşımalı, çox vacib hallarda və öhdəliklərini yerinə yetirmək üçün tələb olunan dərəcədə güc tətbiq edilə bilər.

Şübhə edilən şəxs, təqsirləndirilən şəxs, məhkum və bəraət almış şəxs müdafiə hüququna malikdir. Bu hüquqlar cinayət-prosessual qanunla müəyyən edilən hədlərdə və qaydalarda həyata keçirilir.

Təqsirləndirilən şəxs öz müdafiəsini müstəqil həyata keçirərkən onun vəziyyətində mümkün dərəcədə bu Məcəllədə müdafiəçi üçün nəzərdə tutulmuş bütün hüquqlardan istifadə edir.

Belə ki, məhkəmə nəzarəti qaydasında işlərə baxılarkən milli məhkəmələr tutulmuş şəxslərin tutulduğu andan vəkillə təmin olunması, onlara tutulmaları barədə yaxın adamlarına məlumat verilməsi imkanı yaradılması və onların dərhal tibbi müayinədən keçirilməsi faktlarını yoxlamalı, bu hüquqların pozulduğu hallarda onların bərpası üçün tədbirlər görməlidirlər.

Cinayət prosesində müdafiəçi qismində yalnız Azərbaycan Respublikasının ərazisində vəkillik fəaliyyətini həyata keçirmək hüququna malik olan vəkil iştirak edə bilər. Müdafiəçi şübhəli və ya təqsirləndirilən şəxsin şəxsiyyəti və onun iştirakı ilə baxılan cinayət işinin xarakteri ilə eyniləşdirilə bilməz.

Cinayət prosesində müdafiəçinin məcburi iştirakını cinayət prosesini həyata keçirən orqan təmin edir. Cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirilərsə, məhkəmə xüsusi ittiham qaydasında şikayəti öz icraatına qəbul etdiyi andan müdafiəçinin iştirakını təmin edir.

Şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsini öz öhdəsinə götürdükdə, müdafiəçi cinayət prosesini həyata keçirən orqana şəxsiyyətini və Azərbaycan Respublikasının ərazisində vəkillik fəaliyyətini həyata keçirmək hüququnu təsdiq edən sənədi, habelə vəkil qurumunun orderini təqdim etməlidir.

Cinayət prosessual qanunvericilik şübhəli şəxsin, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün kifayət qədər normalar müəyyən etsə də, təcrübə göstərir ki, bəzi hallarda müdafiə hüququnun pozuntularina yol verilir. Məsələn, hər hansı cinayəti törətməkdə şübhəli hesab edilən şəxs polis və ya istintaq orqanına dəvət olunaraq əvvəlcə ondan şahid qismində ifadə alınır, bu zaman o müdafiəçinin köməyindən istifadə etmək hüququndan məhrum olur. Onun şahid kimi ifadəsi alınandan dərhal sonra barəsində şübhəli səxs kimi tutulma barəədə protokol tərtib olunur və sonrsdan şahid kimi verdiyi ifadədən onun özünün əleyhinə istifadə olunur.

Hesab edirik ki bu sahədə cinayət prosesual qanunvericilik təkmilləşdirilməlidir. Bu kateqoriyadan olan şəxslərə ilk andan müdafiəçinin köməyindən istifadə etmək imkanı verilməlidir.

Məhkəmə prosesində müdafiə hüququnun təmini üçün təhqiqat və ibtidai istintaq aparılarkən, müdafiəçinin iştirakı barədə cinayət-prosessual qanunvericiliyin tələblərinə istintaq orqanlarının əməl etmələrinə diqqət yetirməlidirlər. Bu zaman məhkəmələr şübhə edilən şəxsin, təqsirləndirilən şəxsin tutulduğu və ya həbs edildiyi, yaxud ittiham elan edildiyi vaxtdan onlara müdafiə hüquqlarının izah edilib-edilmədiyini, bu hüquqların real olaraq həyata keçirilməsi üçün tədbirlər görülüb-görülmədiyini aydınlaşdırmalıdırlar.

Məhkəmə (hakim) işin həcmini, mürəkkəbliyini və digər halları nəzərə alaraq, işin baxılmasını qanun çərçivəsində elə müddətə təyin etməlidir ki, müttəhimin və onun müdafiəçisinin iş materialları ilə tanış olub müdafiəyə hazırlaşmağa real imkanları olsun.

Məhkəmə istintaqının gedişində müəyyən səbəblərdən, o cümlədən təqsirləndirilən şəxsin xahişi ilə müdafiəçi başqası ilə əvəz edildikdə, prosesə yeni cəlb edilmiş müdafiəçinin məhkəmə iclasını əvvəldən başlamağı tələb etmək hüququ yoxdur. Bu zaman ona iş materialları ilə və o vaxtadək keçirilmiş məhkəmə iclaslarının protokolu ilə tanış olmaq üçün şərait yaradılmalıdır.

Eyni zamanda təqsirləndirilən şəxs, məhkum və bəraət alan şəxs məhkəmə icraatı aparılan dili bilmədikdə, qanuna əsasən ittiham aktının və hökmün surətləri onlara bildikləri dilə tərcümə edilməklə verilməlidir. Əgər göstərilən şəxslər savadsızdırlarsa, yaxud sənədlərin məzmununu başa düşməyə mane olan fiziki qüsurları varsa, onlara istintaq və məhkəmə sənədlərinin məzmunu ilə tanış olmaq üçün real imkan yaradılmalıdır.

Belə ki, məhkəmə və hüquq mühafizə orqanlarının düzgün fəaliyyət göstərməsi təkcə cinayət mühakiməsi sahəsində deyil, həm də əsas insan hüquqlarının müdafiəsi sahəsində mühüm əhəmiyyət kəsb edir.

Müdafiə hüququ təkcə müdafiəçiyə malik olmaq imkanı ilə məhdudlaşdırılmamalıdır. Beynəlxalq hüquqda (İnsan hüquqlarının Ümumi Bəyannaməsinin 8-ci maddəsi, Vətəndaş və siyasi hüquqları haqqında beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, İnsan hüquqlarının və əsas azadlıqların müdahiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsi) məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə baxışı əsasında hüquqların səmərəli bərpası kimi başa düşülür. Bu isə məhkəmə prosesində çəkişmənin, tərəflərin bərabərliyinin, o gümlədən onlar tərəfindən prosessual fəaliyyətin həyata keçirilməsi zamanı mənafelərinin müdafiəsi üçün kifayət qədər prosessual səlahiyyət verilməsini nəzərdə tutur.

Təqsirləndirilən şəxsin «onun əleyhinə ifadə vermiş şahidləri dindirmək və bu şahidlərin dindirilməsi hüququna malik olmaq və onun əleyhinə ifadə vermiş şahidlər üçün eyni olan şərtlərlə onun leyhinə olan şahidlər çağırılması və dindirilməsini tələb etmək» hüququ ilkin imkanların bərabərliyi prinsipinin ən mühüm aspektlərindən birini təşkil edir. Bu hüququn əsas məqsədi, cinayət əməli törətməkdə təqsirləndirilən şəxsin ona qarşı başlanmış məhkəmə araşdırmasının müəyyən mərhələsində, onun əleyhinə ifadə verən bütün şahidlərin ifadələrinə etiraz etmək üçün müvafiq və lazımi imkana malik olmasını təmin etməkdən ibarətdir.

Hüquqi yardım almaq və müdafiə hüququnun təmin edilməsi cinayət mühakimə icraatının əsas prinsipi kimi daim inkişaf etdirilməli və bu prinsip cinayət prosesində şübhəli və təqsirləndirilən şəxsin səmərəli müdafiəsini təmin etməlidir.

Quliyev Elxan

Yasamal Rayon Məhkəməsində Məsləhətçi (məhkəmə iclas katibi)

Share to Odnoklassniki

Tags: