Şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququ dedikdə, şübhəli və ya təqsirləndirilən şəxsə qarşı yaranmış şübhə və ya elan edilmiş ittihamla əlaqədar müdafiə olunmaq üçün istifadə etmək və cinayət mühakimə icraatının gedişində özlərinin hüquq və qanuni mənafelərini həyata keçirmək üçün şübhəli və ya təqsirləndirilən şəxsə verilmiş hüquqların məcmusu başa düşülür. Şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun təmini isə qanunla onlara verilmiş prosessual hüquqlardan, həmçinin mənafelərinin qorunması üçün qanunla qadağan olunmayan digər üsullardan istifadə etmək imkanı verilməsini ehtiva edir.
Qeyd etmək lazımdır ki, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququ təkcə onların özü və müdafiəçisi tərəfindən realizasiya olunmur, həm də dövlət orqanlarının (müstəntiq, prokuror, təhqiqatçı, məhkəmə) cinayət – prosessual fəaliyyəti ilə təmin olunur. Həmin orqanların onların üzərinə qoyulmuş müdafiə hüquqlarının təmini üzrə öhdəliklərini yerinə yetirməməsi kobud prosessual pozuntu kimi qiymətləndirilir. Bu isə məhkəmə tərəfindən cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması və ya yuxarı instansiya məhkəməsi tərəfindən hökmün ləğv edilməsinə səbəb olur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərərçəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidirlər. Cinayət prosesini həyata keçirən orqan zərərçəkmiş şəxsin mülki iddiaçının və ya onun qanuni nümayəndəsiнин, şübhəli, yaxud təqsirləndirilən şəxsin qanuni nümayəndəsi, habelə mülki cavabdehin cinayət prosesi gedişində özlərinin dəvət etdiyi nümayəndənin hüquqi yardımdan istifadə etmək hüququnu gözləməlidirlər. Zərərçəkmiş şəxsin və ya şahidin dindirilməsi zamanı cinayət prosesini həyata keçirən orqanın həmin şəxslərin nümayəndə qismində dəvət etdikləri vəkilin onların yanında olmasını qadağan etmək hüququ yoxdur.
Cinayət prosesində müdafiə hüququnun daha səmərəli təmin edilməsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə, həmin presedentlərdə ifadəsini tapan müddəalara müraciət edilməsini tələb edir.
Belə ki, Azərbaycan Respublikası 25 yanvar 2001-ci il tarixdə Avropa Şurasına daxil olmaqla özünün qanunvericiliyini və onun tətbiqi təcrübəsini Avropa standartlarına uyğunlaşdırmaq barədə öhdəlik götürmüşdür. Dövlətin Avropa Şurasının üzvü olmasından və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasını tanımasında ilk növbədə Azərbaycan vətəndaşı faydalanır. Vətəndaşlar İnsan hüquqları üzrə Avropa Məhkəməsinə çıxış əldə etmiş, məhkəmə və hüquq mühafizə orqanlarının fəaliyyətinə olan tələblər daha da yüksəlmişdir.
30 mart 2006-cı il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» qərar qəbul etmişdir. Həmin qərarda qeyd olunur ki, «Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarmı təmin etməlidir.
İnsan və vətəndaş hüquqlarmı və azadlıqlarmı gözləmək və qorumaq, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin hüquqların təmininə yönəlmiş qərarlarının icrası məhkəmə hakimiyyəti orqanlarının borcudur.
İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər.»
Azərbaycan Respublikasının «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına qoşulması milli məhkəmələr tərəfindən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqini şərtləndirir. Konvensiyanın 46-cı maddəsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəyə malik olmasını təsbit edirsə, Konvensiyanın 32-ci maddəsi onların presedent əhəmiyyətinə malik olmasına zəmin yaradır. Həmin maddəyə müvafiq olaraq Məhkəmənin Konvensiyanın hər hansı maddəsi ilə bağlı verdiyi şərh həmin maddənin tərkib hissəsinə çevrilir və ona görə də məcburi hüquqi qüvvə kəsb edir. Milli məhkəmələr üçün həmin presedentlərin mahiyyəti ondan ibarətdir ki, məhkəmələr onu əvvəllər Avropa Məhkəməsi tərəfindən baxılan işlərə bənzər işlərdə tətbiq etməlidirlər. Milli qanunverici və məhkəmə orqanları həmin qərarları qanunyaradıcılıq və Konvensiyanın hər hansı tətbiqi prosesində nəzərə almalıdırlar.
Cinayət təqibi ilə bağlı müdafiə hüququnun həyata keçirilməsi Avropa Konvensiyasının ədalətli məhkəmə baxışına olan hüququ nəzərdə tutan 6-cı maddəsində ifadəsini tapmışdır.
İnsan hüquqları arasında ədalətli məhkəmə baxışına olan hüququn xüsusi yeri onunla müəyyən edilir. İnsanın pozulmuş hüquqlarının müdafiəsi xüsusi prosedura, ədalətli məhkəmə baxışına olan hüquq çərçivəsində həyata keçirilməlidir. Əgər dövlətdə bu cür səmərəli müdafiə və pozulmuş hüquqların bərpası prosedura mövcud deyildirsə, qanunvericilik səviyyəsində təsbit olunmuş bütün digər hüquqlar deklarativ xarakter daşımaqla xəyalı hüquqa çevrilir. Məhz bu cəhət ədalətli məhkəmə baxışına olan hüququn digər insan hüquqları arasında xüsusi yerini müəyyən edir.
«İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər».
Avropa Məhkəməsinin təcrübəsi sübut etmişdir ki, 6-cı maddədə ifadəsini tapan müddəalar, həm ədalətli məhkəmə baxışının əhatə etdiyi vaxt baxımından, həm də onun kontekstində ifadəsini tapan məzmun baxımından geniş şərh olunmalıdır.
Konvensiyanın 6-cı maddəsinin 3(c) bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəsin şəxsən və ya özünün müdafiə etmək və ya müdafiəçinin xidmətlərini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqlarını tələb etdikdə belə müdafiədən pulsuz istifadə etmək hüququna malikdir.
Konvensiyanın 6-cı maddəsinin 3(c) bəndi tərəflərin bərabərliyinin təmin olunmasında mühüm elementdir. O, üç müxtəlif hüququ əhatə edir:
1) şəxsən özünü müdafiə etmək hüququ;
2) özünə müdafiəçi seçmək hüququ;
3) müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədikdə və ədalət mühakiməsinin maraqları tələb etdikdə müdafiəçinin xidmətindən pulsuz istifadə etmək hüququ.
6-cı maddəsinin 3(c) bəndi ilə qorunan bu hüquq təkcə məhkəmə araşdırması mərhələsinə deyil, həm də məhkəməyə qədərki istintaq mərhələsinə aiddir və cinayət törətməkdə ittiham olunan hər kəs üçün nəzərdə tutulub. «Kvoranta İsveçrəyə qarşı» işdə (1991) həm məhkəməyə qədərki istintaq zamanı, həm də məhkəmə araşdırılması zaman ərizəçiyə pulsuz hüquqi yardım almaq imkanı verilməmişdi. Avropa Məhkəməsi, bu nəticəyə gəldi ki, həm məhkəmə araşdırılmasına qədər, həm də məhkəmə araşdırması zamanı müdafiəçi ilə təmsil olunmaması ərizəçiyə imkan
verməmişdi ki, özünü lazımi qaydada müdafiə etsin. Bu işdə 6-cı maddənin 3 (c) bəndi pozulmuşdu.
Əgər şəxsin müdafiə hüquqlarına maneələr yaradılıbsa və həmin maneələr onun müdafiə hüququnu, düzəлdilməsi mümkün olmayan dərəcədə pozubsa və ya poza bilərsə, belə hallarda konvensiyanın 6-cı maddəsinin 3 (c) bəndi pozulur. «Con Mürrey Birləşmiş Krallığa qarşı» işdə məhkəmə bu nəticəyə gəldi ki, ərizəçi polis tərəfindən dindirilərkən 48 saat ərzində ona müdafiəçinin verilməməsi təqsirləndirilən şəxsin 6-cı maddədə nəzərdə tutulan hüquqlarına uyğun deyildi. Buna görə də, 6-cı maddənin 3 (c) bəndi ilə birgə götürülməklə 6-cı maddənin 1-ci bəndi pozulmuşdu.
«Averill Birləşmiş Krallığa qarşı» işdə məhkəmə qərara aldı ki, baxmayaraq ki, ərizəçinin təqsirkar olmasına dair sübutlar təkcə onun susması faktına əsaslanmırdı, bu, ərizəçiyə müdafiəçinin verilməməsinə haqq qazandırmırdı.
Şəxsin vəkillə təmin edilməməsi djgər hallarda da müdafiə hüquqlarını poza bilər. Məsələn, polisin apardığı dindirmənin ümumi atmosferi təzyiq xarakterlidirsə və təqsirləndirilən şəxsin hüquqlarına düzəldilməsi mümkün olmayan ziyan vurursa, təqsirləndirilən şəxsin 6-cı maddənin 1 və 3 (c) bəndləri ilə nəzərdə tutulan hüquqları pozula bilər.
«Magi Birləşmiş Krallığa qarşı» işdə ərizəçinin əsas şikayəti bundan ibarət idi ki, o, məcburedici atmosferdə və hüquq yardımından məhrum edilmiş vəziyyətdə özünə qarşı ifadə vermişdi. Məhkəmə qərara aldı ki, ərizəçinin iradəsini qırmağa və təqsirini onu dindirən şəxslərə etiraf etməsinə xidmət edən sıxıcı atmosferin müqabilində prosessual ədalət naminə ərizəçiyə istintaqın əvvəlindən müdafiəçi ilə görüşmək imkanı verilməli idi. Uzun müddətə ərizəçinin müdafiəçi ilə təmin edilməməsinə və onun müdafiə hüquqlarına düzəldilməsi mümkün olmayan ziyan vurulmasına haqq qazandırılsa da, bunlar ərizəçinin 6-cı maddədə nəzərdə tutulan hüquqlarına zidd idi.
Ədalətli məhkəmə araşdırılması hüququnun əsas tələblərindən biri təqsirləndirilən şəxsin öz müdafiəçisi ilə təkbaşına (başqalarının müdaxiləsi olmadan) görüşmək hüququdur: bu hüquq 6-cı maddənin 3 (c) bəndində nəzərdə tutulan hüquqlardan irəli gəlir.
«S İsveçrəyə qarşı» işdə (1991) Avropa Məhkəməsi qərara aldı ki, üçüncü şəxsin eşidə bilmədiyi şəraitdə təqsirləndirilən şəxsin öz vəkili ilə görüşmək hüququ demokratik cəmiyyətdə ədalətli məhkəmə araşdırılmasının əsas tələblərindən biridir və 6-cı maddənin 3 (c) bəndindən irəli gəlir. Sözügedən nəzarət olmadan müdafiəçi öz müştərisi ilə məsləhətləşə və ondan konfidensial tapşırıqlar ala bilmirsə, onun yardımı öz əhəmiyyətinin böyük hissəsini itirmiş olur.
«Brennan Birləşmiş Krallığa qarşı» işdə (2002) məhkəmə qərara aldı ki, polis əməkdaşının iştirakı ərizəçinin öz vəkili ilə sərbəst söhbət etməsinin qarşısını alıb. Bu işdə 6-cı maddənin 1-ci və 3 (c) bəndləri pozulmuşdu.
Təqsirləndirilən şəxsin məhkəməsi onun iştirakı olmadan keçirildikdə, o, müdafiəçi ilə təmsil olunmaq hüququndan məhrum edilməməlidir.
Karatas və Sari Fransaya qarşı işdə (2000) ərizəçilər Fransada törədilmiş bir neçə cinayətdə ittiham olunurdular, lakin məhkəmə araşdırılması ərəfəsində qaçıb gizlənmişdilər. Eyni işdə bir neçə başqa müttəhimi təmsil etmək üçün məhkəmədə iştirak edən müdafiəçilər dinləmə günündə vəsatət verdilər ki, onların ərizəçiləri təmsil etmələrinə də icazə verilsin. Məhkəmə bu vəsatəti rədd etdi. Ərizəçilər 6-cı maddənin 3 (c) bəndinin pozulduğunu iddia etdilər.
Avropa Məhkəməsi qərara aldı ki, onların məhkəmədə olmaması faktından ərizəçilərin özlərini şəxsən müdafiə etmək istəməmələri aydın idi. Bundan başqa, o, qeyd etdi ki, təqsirləndirilən şəxsin müdafiəçisi ilə təmsil olunmaq hüququ ədalətli məhkəmə araşdırılması hüququnun fundamental elementlərindən biridir. Müvafiq surətdə, təqsirləndirilən şəxs sadəcə məhkəmədə iştirak etmədiyinə görə bu hüquqdan məhrum edilə bilməz.
Özünün şəxsən müdafiə etmək hüququ təqsirləndirilən şəxsə məhkəmə araşdırılmasında özünü müdafiə etmək imkanı verir. Müəyyən hallarda xərcləri minimuma endirmək üçün məhkəmə araşdırılmasında təqsirləndirilən şəxsin özünü şəxsən müdafiə etməsi məqsədəuyğun ola bilər. Lakin bu, mütləq hüquq deyil; bəzi məhkəmələr ədalət mühakiməsinin maraqları naminə təqsirləndirilən şəxslərin müdafiəçi ilə təmsil olunmalarını tələb edirlər.
Avropa Məhkəməsi qeyd edir ki, pulsuz müdafiəçi təyin edilməsi məsələsini həll edərkən milli hakimiyyət orqanları təqsirləndirilən şəxsin maddi imkanlarını nəzərə almalıdırlar; həmçinin ədalət mühakiməsinin maraqlarını da nəzərə almaq onlardan tələb olunur. Bu zaman cinayətin (cinayətlərin) xarakteri və mürəkkəbliyi, təyin edilə bilən cəzanın ağırlığı və təqsirləndirilən şəxsin özünü lazımi qaydada müdafiə edə bilib-bilməməsi nəzərə alınmalıdır.
Müdafiədən pulsuz istifadə etmək hüququ təkcə məhkəməyə qədərki mərhələyə və ya məhkəmə araşdırılması mərhələsinə şamil olunmur, bu hüquq həm də apellyasiya şikayətinin verilməsinə və apellyasiya prosesinə tətbiq edilə bilər. Apellyasiya şikayəti vermək istəyən şəxsin pulsuz hüquqи yardımı almaq hüququna malik olub-olmaması müvafiq prosesin spesifik xüsusiyyətlərindən asılıdır. Bu zaman bütün məhkəmə prosesinə bütövlükdə diqqət yetirilməli və həmin prosesdə apellyasiya və ya kasasiya məhkəməsinin rolu nəzərə alınmalıdır.
Konvensiya nəzəri və ya xəyali hüquqlardan daha çox, praktiki və səmərəli hüquqları təmin etmək üçün nəzərdə tutulub. Müvafiq surətdə, təqsirləndirilən şəxs barəsində dövlətin öhdəlikləri müdafiəçinin haqqını ödəyə bilməyən həmin şəxs üçün pulsuz müdafiəçinin təyin edilməsi ilə bitmir. Dövlət hüquqi yardımın səmərəliyini təmin etmək vəzifəsini daşıyır, hərçənd ki, pulsuz müdafiəçinin hər bir qüsuruna görə dövlət məsuliyyət daşıya bilməz; müdafiənin həyata keçirilməsi, onun pulsuz və ya haqqı ödənilməklə həyata keçirilməsindən asılı olmayaraq, təqsirləndirilən şəxslə vəkil arasında olan məsələdir. Lakin pulsuz hüquq müdafiəçisi tərəfindən səmərəli müdafiənin təmin edilməməsi açıq-aşkar göz qabağında olduqda və ya səlahiyyətli orqanların diqqətinə hər hansı başqa üsulla çatdırıldıqda həmin orqanlar məsələyə müdaxilə etməlidirlər.
Milli məhkəmələrin beynəlxalq təcrübədən daha intensiv istifadə etməsi vətəndaşların hüquq və azadlıqlarının, o cümlədən müdafiə hüququnun təmininə səmərəli töhfə vermiş olardı.
Quliyev Elxan
Yasamal Rayon Məhkəməsində Məsləhətçi (məhkəmə iclas katibi)