Əhvalım havaya görə dəyişir

eee

Araşdırmalar göstərir ki, insanların əhval-ruhiyyəsi yağışlı və tutqun havalara nisbətdə günəşli havalarda daha yaxşı olur. Bu hal kəskin şəkil aldıqda buna mövsümi depressiya deyirik. Mövsümi depressiya daha çox payız və qış fəsillərində artır. Bunu həm də sosial fəaliyyətin məhdudlanması ilə əlaqələndirə bilərik. İsti havalarda daha çox gəzir, daha çox dostlarımızla görüşə bilirik, sosial fəaliyyətimiz artır təbii ki, bu da əhvalımıza təsir göstərir.
Mövsümi depressiyanın əlamətləri aşağıdakılardır.
○ Hətta ən asan işləri görmək üçün belə enerjini toplaya bilməmək
○ Əvvəlkinə nisbətən daha çox yatma
○ Əvvəlkinə nisbətən daha çox yemə
○ Kilo artımı
○ Halsızlıq
○ Sosiallaşmama
○ Mənfi düşüncələrə qapılma
○ Həyatdan zövq ala bilməmə
Bu simptomları yaşayan insanlar mövsümi depressiyada ola bilərlər. Bu hal hər payız və ya qış təkrarlanırsa buna xroniki hal almış mövsümi depressiya deyirik.
Mövsümi depressiyanı necə aradan qaldıra bilərəm?
Həmin mövsümün gətirdiyi məhdudiyyət aradan qalxdıqdan sonra mövsümi depressiya da aradan qalxır. Lakin, yenə də əhval pozuntusunu aradan qaldırmaq, həyat keyfiyyətimizi artırmaq üçün bir sıra tədbirlər görməliyik. Bu proses insanın özünü necə daha yaxşı hiss edəcəyinə fokuslanaraq həll edilə bilər. Məsələn, yaz-yay aylarında hər gün işığa çıxan biri üçün payız-qış aylarında evdə vaxt keçirmək sıxıcı olar. Bu vəziyyətdə fototerapiya adlanan işıq terapiyası tətbiqi depressiyanın müalicəsində istifadə edilən həllərdən biridir. Digəri isə insanı bir az ictimailəşməyə təşviq etməkdir. Lakin mövsümi prosesləri dəyişmək mümkün deyil. Bu səbəbdən insanın düşüncə tərzini dəyişdirməyə çalışmaq və insanı onun üçün yaxşı ola biləcək müxtəlif onlayn fəaliyyətlərə yönəltmək lazımdır. Beləliklə, diqqəti problem üzərində cəmləmək əvəzinə, diqqəti fərqli bir məqama çəkərək insanların yaşadığı çarəsizlik hissini aradan qaldıra bilərik.

Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşı, psixoloq Emilya Nəsibova

Share to Odnoklassniki