DAVRANIŞ POZUNTUSU SEÇİMDİRMİ?

311189330_3222410007979459_8929939509844923741_n

Bakı Şəhərində məktəblərdən birində şagirdlərin birinin digərini döyməsi ilə bağlı videogörüntülərin paylaşılması cəmiyyətdə rezonans doğurdu. Ümumi kütlənin yanaşmasına diqqət çəkəndə əksər insanlar bu davranışa məruz qalana empatiya qurdu. Zorakı davranışları icra edən şagird isə cəmiyyət tərəfindən bir növ “lənətləndi”. Kimi onun məktəbdən çıxarılmağını, kimi fiziki cəza verilməsini, kimisi isə həbs olunmasını dəstəklədiyini bildirdi. Məsələ bununla da bitmədi. Təhqirlər, alçaldıcı ifadələr, neqativ etiketlər və daha nələr…

Bu zaman bele bir sual ortaya çıxır: Davranış pozuntusu seçimdirmi?

Şəxsdə davranış pozuntusu əlamətləri olduğu zaman buna səbəb olacaq müxtəlif faktorlar var. Bu faktorları araşdıran mütəxəssislər ailə, sosial mühit, hətta fiziki travmalar, bədəndə hormonal sistemdə pozuntular, beyinin amiqdala hissəsində anomaliyalar, genetik faktorların təsirlərini müəyyən edən müxtəlif tədqiqatlar aparmışlar.

XBT 10 da 312.82 (F91.2) kodu ilə yeniyetmələrdə davranış pozuntusu xəstəlik kimi təsdiqlənmişdir. Bir insanı fiziki xəstəliklərinə görə günahlandıra bilmediyimiz kimi psixoloji xəstəliklərə görə də günahlandıra bilmərik . Cəmiyyət olaraq etməli olduğumuz məsələ bu uşaqları yenidən qazanmaq olmalıdır. Doğru yanaşma ilə problemi aradan qaldırmaq, bu uşaqları gələcəkdə cəmiyyətə yararlı şəxs kimi yetişdirmək mümkündür. Məktəbdən çıxarmaq, cəzalandırmaq və digər neqativ münasibətlər uşaqlarda yanaşı digər problemlərin yaranmasına gətirib çıxarır. Problem həll olunmadığı zaman irəli yaşlarda uşaqlarda bu pozuntu davam edərsə zamanla anti-sosial şəxsiyyət pozuntusuna çevrilə bilir. Davranış pozuntusu olan şəxslərdə spirtli içkilərdən və psixoaktiv maddələrdən asılılıq, şizofreniya, duyğu vəziyyət pozuntusu kimi problemlər meydana gələ bilər.

Bu vəziyyəti önləmək üçün psixoloji yardımın hədəf nöqtəsi təkcə zorakı davranışa məruz qalanlar deyil, bu davranışı törədənlər də olmalıdır.

Bu kimi halların qarşısını almaq üçün psixopraflaktik işlər görülməli, məktəb psixoloqları, pedaqoqlar təlim ocaqlarında müsbət psixoloji iqlim yaratmalı, bu uşaqlarla fərdi və qrup terapiyaları həyata keçirilməlidir. Məktəbdə bu kimi hallara rast gəlinirsə belə hallar gizlədilməməlidir. Məktəbdə təhsilverənlərin psixoloji problemləri və onlara yanaşma ilə bağlı məsələləri bilməsi bu problemin həllində böyük rol oynaya bilər.

Nəzərə alsaq ki, böyük qisim problemlər məhz ailələrdən qaynaqlanir, ailələrin düzgün istiqamətlənməsi də mühüm faktorlardan hesab oluna bilər.

Bəs Davranış pozuntusu olan uşaqların ailələri problem zamanı necə yanaşmalıdır?

Davranış pozuntusu olan uşaqların ailələrinə ilk növbədə övladlarına zaman ayırmaq, onların xoşladıqları tərzdə oyunlar oynamaq, onların istəkləri ilə yaxından maraqlanmaq tövsiyyə olunur. Yanlış davranış zamanı həmin an uşaq ilə münasibət qurmaq və aqressiv cavab vermək əvəzinə, bir az zaman keçdikdən sonra baş verən hadisə haqqında danışmaq daha müsbət nəticə verə bilər. Bundan əlavə yaxşı olar ki, belə uşaqlar müsbət davranışlar etməyə həvəslənmək üçün cəsarətləndirilsin. Neqativ davranışlarını deyil, əksinə müsbət davranışlarını vurğulayaraq həm onların özgüvənini qaldırmaq, həm də mübət dəyişikliklərə yol açmaq olar. Unutmaq olmaz ki, uşaq gördüyü davranışları sərgiləyir, ona görə hər şeydən öncə valideynlər öz davranışlarına və müraciət formalarına diqqət yetirməlidirlər. Müalicəyə yönləndirilmiş uşaqların ailələrində uşağa hər zaman dəstək olmaq lazımdır. Həm ailə, həm də məktəb və mütəxəssis bu istiqamətdə işbirliyi içərisində olmalıdır.

Qısa bir haşiyəyə çıxıb qeyd etmək istəyirəm ki, Psixologiya fənnini tədris etdiyim BDU-da tələbələrlə bu keys üzərində işlədik. Mənim üçün sevindirici məqam ondan ibarət oldu ki, onlar hadisəyə digər peşə nümayəndələri kimi birtərəfli baxmadılar. Zorakılığa məruz qalan qədər bunu edənin də psixoloji yardım almalı olduğunu vurğuladılar. Onların fikirlərindən ilhamlanaraq mən də bu kiçik məqaləni yazmaq istədim. Ümid edirəm ki, cəmiyyət olaraq yanaşmasından və problemindən asılı olmayaraq insanları qazanmağa çalışacağıq.

Psixologiya Elmi-Tədqiqat İnstitutunun Yaş və İnkişaf şöbəsinin müdiri, psixoloq Mətanət Əliyeva

Share to Odnoklassniki