Cəngavər və Kraliça

54dfd490-abec-4a35-988b-8e18790d6ba1

Bu gün riskli bir mövzu haqqında yazmaq istəyirəm. Kişilər qadınlardan nə istəyir? Qadınlar kişilərdən nə istəyir? Bu sualların cavabını bildiyimi iddia etmirəm, amma müşahidələrim əsasında gəldiyim nəticələri yazacam.
İlk olaraq qadınlardan başlayaq. Qadınların ən həssas olduqları nöqtə dəyər məsələsidir. Qadınlar üçün özlərini dəyərli hiss etmək son dərəcə vacibdir. Hətta, deyərdim ki, qadınların keçə bilmədiyi tək nöqtə dəyərsiz hiss etdirilməkdir. Buna görə də, qadınlar onlara dəyər verən kişiləri sevirlər. Qadınlara görə kişi anlayışlı və şəfqətli olmalıdır. Eyni zamanda, hər zaman qadının arxasında olduğunu, onu dəstəklədiyini hiss etdirməlidir. Eyni zamanda karizmatik və qoruyucu kişilər də qadınların sevimlisidir. Modern dünyada, qadınlar daha azad və güclü olsa da, qorunulduğunu hiss etmək hər zaman xoşlarına gəlir. Yeri gəlmişkən, qadınlar daha çox öz həmcinsləri ilə rəqabət apardıqları üçün başqa qadınlar tərəfindən bəyənildiyini bildikləri kişilər onlar üçün daha çəkici gəlir.
Bəs kişilər qadınlardan nə istəyir? Əvvəlcə, onu deyim ki, kişilər odun deyillər. Onların da hisləri var. Qadın üçün önəmli olan dəyərli olduğunu hiss etməsidirsə, kişi üçün də önəmli olan qürurunun oxşanmasıdı. Kişi qadınlar tərəfindən təriflənmək və bəyənilmək istəyir. Kişilər romantikanı çox bacarmasalar belə, qadının məsuliyyətini almağı bacarırlar. Beləcə, kişilər daha qoruyucu olurlar. Yeri gəlmişkən, kişilərin qoruyucu olmasında da təməl motiv bəyənilmək arzusudur. Çünki, qadınlar həmişə belə kişiləri bəyəniblər. Kişi üçünsə ona qadının heyran olması son dərəcə önəmlidir. Bunu hiss etməyən kişilər depressiyaya da meylli olurlar. Son olaraq isə, kişilər üçün anlayışlı, sədaqətli və şən qadın hər zaman daha çəkicidir. Həmişə deyilən söz var. Qadınlar onları güldürən kişiləri bəyənirlər. Məncə əksinədir. Kişilər onları güldürən qadınları bəyənirlər.

Share to Odnoklassniki