“Bütün qazilər hər gün forma ilə gəzir deyə bilmərik. Məsələnin həm psixoloji, həm də sosioloji tərəf var. Lazımi tədbirlərdə bir qisim qazilər forma ilə çıxış edir, bunda pis bir şey yoxdur. Axı onlar həmin formada döyüşüb”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında psixoloq Elnur Rüstəmov söyləyib.
Psixoloq vurğulayıb ki, qaziləri formada görən şəxslər ünsiyyət zamanı tamam başqa cür rəftar edirlər:“
“İnsanlar qaziləri formada görəndə xüsusi bir atmosfer yaranır. Məsələn, vətənpərvərlik hissinin daha da diri tutulması, diqqət və qayğının göstərilməsi. Qazi gedib hansısa tədbirdə forma ilə iştirak edirsə, bunu nəyi pisdir?! Əgər bunun fonunda başqa proseslər baş verirsə, bu ayrı bir məqamdır.
Qanunun icazə verdiyi çərçivədə onlar forma ilə gəzib normal hərəkət və davranış sərgiləyə bilərlər. Yox, əgər qanunvericilik qadağan edirsə, tələbə riayət olunmalıdır”.
Elnur Rüstəmov qazi təşkilatları və birliklərinin bu məsələyə xüsusi diqqət verməli olduğunu qeyd edib:
“Onlar Vətən üçün canlarını təhlükəyə atıblar, buna görə də, hər zaman millətin və dövlətin diqqət mərkəzindədirlər. Əgər bu diqqətdən sui-istifadə etmək halları varsa, çox yaxşı olardı ki, müharibə iştirakçılarının təşkilatları bununla bağlı tədbir görsün.
Qısası, şəhidlərimizin ruhuna hər zaman hörmətlə yanaşılmalı, qazilərə diqqət yetirilməlidir. Bəzən xoşagəlməz hallar da baş verə bilər, o zaman, qazilərin təşkilat və birlikləri bu problemi həll etməlidirlər”.
https://yenisabah.az/herbi-forma-ile-gezeb-qaziler