Özünügünahlandırma hissinin ifrat dərəcədə olduğu insanlarda özgüvənsizlik, mükəmməlliyyətçilik, şübhə, qorxu, davamlı olaraq depressiv ruh halı özünü göstərir.
Günahkarlıq hissi ailə və cəmiyyətin mühakiməedici düşüncələri və ya dini inanclar nəticəsində insanın şüurlu və ya şüursuz şəkildə qapıldığı və özü ilə bağlı dəyərlərini sarsan dərin bir duyğudur.
Günahkarlıq hissi yanlış bir şey etdiyini düşünən insanın özünü bağışlaya bilməməsindən qaynaqlanır. Yanlış etdiyini düşündüyü üçün özünü günahlandırır, bağışlaya bilmir, keçmişdə qalıb indini yaşaya və həyatına qaldığı yerdən davam edə bilmir və özünü cəzalandırmağa başlayır. Keçmişdə qalıb indini yaşaya bilməmək get-gedə mənəvi olaraq insanı çökdürür.
Günahkarlıq hissindən necə azad ola bilərik?
Dünəni dünəndə saxlamağı bacarın. Keçmişdə hər nə yaşamış olsanız da, geri dönüb keçmişi dəyişə bilməzsiniz, amma özünüzü bağışlayıb özünüzlə barışıq şəraitdə bu günü gözəlləşdirə bilərsiniz. Çünki hal-hazırda keçmiş və gələcək yox, burada və indi bu gün var.
Mükəmməlliyətçilik və daim hər şeyi nəzarətdə saxlamaq günahkarlıq hissindən xilas olmaq üçün qarşınızda duran ən önəmli əngəllərdən biridir, özünüzə rahatlıq verin, əlinizdən gələn hər şeyi etmisinizsə, hər şeyi öz axarına buraxın.
Uşaqlıq və gənclik xatirələrinizi yazın, bu zaman özünüzü niyə günahkar hiss etdiyinizi görə bilərsiniz.
Səbəbini tapdığınızda özünüzə bu sualları verin: “Özümü niyə bağışlamıram?”, “Özümü günahlandırmağım mənim üçün nə məqsəd daşıyır?”, “Günahkarlıq mənə nə qazandırır?”, “Özümü bağışlamaq üçün nə edə bilərəm?”.
Necə ki, başqa bir şəxslə aranızda problem olduğu zaman danışaraq, müzakirə edərək həll etməyə çalışırsınız, eləcə də özünüzlə də müzakirə edib suallarınıza cavab tapın.
Bu sualları özünüzə verərək analiz aparın.
Keçmişə sadəcə gələcəyinizə işıq tutmaq üçün baxın. Çünki gələcəyinizi yaşaya bilmək üçün öncə keçmişin getməsinə icazə verməlisiniz. İnsan səhv edə-edə doğruları öyrənir. Günahkarlıq hissinizin səbəbi hər nə olursa olsun, o təcrübənin sizə nə öyrətdiyinə baxın.
Günahkarlıq hissindən azad olmaq bir anda mümkün ola biləcək proses deyil, tələsməyin, özünüzə zaman verin.
Müəllif : Leyla Əliyeva – Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu