Ailədə bacı-qardaş qısqanclığına səbəb olan faktorlar və həlli yolları

  • Home
  • Muəlliflər
  • Ailədə bacı-qardaş qısqanclığına səbəb olan faktorlar və həlli yolları
25

Ümumiyyətlə, insanlar çox zaman özünə rəqib olaraq gördüyü və onun kimi olmaq istədiyi insanları qısqanır. Təbiət etibarilə bu, insanlarda çox sıx rastlanılan təbii duyğudur.

Dolayısıyla belə deyə bilərik ki, bir uşağın da özü ilə eyni imkanlar və şərtlərdə yaşayan, eyni evi, eyni çevrəni paylaşdığı uşağı qısqanması da son dərəcə normal haldır və normal qarşılanmalıdır.

Önəmli olan iki övlad arasında formalaşmaqda olan qısqanclıq duyğusunu normada saxlamaq, onlar arasında qohumluq bağını gücləndirməkdir.

Bu məqamda təbii ki, valideynlərin üzərinə böyük məsuliyyət düşür.

Buna görə də birinci övladı ikinci övladın gəlişinə psixoloji olaraq öncədən hazırlamaq lazımdır.

Ailədə baş verən hər bir dəyişiklik uşaqların yaşam rutininə təsir edir və yeniliyi qəbul etmək uşaqlar üçün böyüklər qədər asan olmaya bilir. Elə bu səbəbdən də uşağı dəyişikliyə öncədən hazırlamaq önəmlidir.

İkinci övlad dünyaya gəlməzdən öncə bunu böyük övlada bütün gerçəkliyi ilə izah etmək lazımdır.

“Bacın ( qardaşın ) olandan sonra birlikdə oyun oynayacaq, gəzməyə gedəcəksiniz” kimi cümlələr qurmaq uşaqda yanlış gözləntilər yarada və daha sonra belə olmadığını gördükdə onda xəyal qırıqlığına səbəb ola bilər.

Buna görə “Bacın ( qardaşın ) doğulanda çox balaca olacağına görə xüsusilə anan olmaqla hamımızın köməyinə ehtiyac duyacaq, danışa bilməyəcək, yeriyə bilməyəcək, hələ sənlə oyun oynaya bilməyəcək, amma o böyüdükcə sən bildiyin oyunları ona da öyrədəcəksən, birlikdə oynayacaqsınız, ona yeməyini yedizdirməkdə, paltarını geyindirməkdə anana kömək edəcəksən” kimi cümlələr quraraq daha gerçəkçi gözləntilər formalaşdırmaq daha doğru olar.

Yeni övlad xəbərini böyük övlada verərkən onun öz körpəlik şəkillərindən istifadə edərək “Bax, burda çox balacasan, ananın qucağındasan”, “Hələ özün yeriyə bilmirsən, köməyə ehtiyacın var, əlindən tutmuşuq”, “Bacın ( qardaşın ) da sənin kimi balaca olacaq, köməyə ehtiyacı olduğu üçün bir müddət ananın qucağında çox qalacaq” kimi cümlələr qurmaq onun bu durumu qavramasını asanlaşdıra bilər.

Yeni doğulacaq uşaq üçün hazırlıqlar edilərkən, məsələn geyim, yataq, yeni uşaq əşyaları alınarkən böyük uşağın da fikirlərini almaq həm onun özünü özgüvənli hiss etməsinə, həm də hadisələrin bir parçası kimi hiss etməsinə müsbət təsir göstərər.

Valideynlər yeni doğulacaq övladları üçün özləri düşündükləri bir neçə adı seçim olaraq böyük övlada bildirə və onun da fikrini ala bilərlər.

Ana doğumdan sonra özünü həm fiziki, həm də psixoloji olaraq yaxşı hiss etməyə bilər. Bu durumda ana özünü müəyyən qədər topladıqdan sonra böyük övladı onunla görüşdürmək daha uyğun olar. Əks halda anasının yaxşı olmadığını görən böyük övlad balacanın anasına zərər verdiyini, onun canını ağrıtdığını düşünərək yeni doğulana kin bəsləyə bilər.

Başqa bir məqama da diqqəti yönəltmək istərdim.

Valideynlərin övladına “Bacı ( qardaş ) istəyirsən?” deyə sual verərək qərar sahibinin o olduğu mesajını ötürməsi doğru hesab edilmir. Çünki övlad cavabında “xeyr” desə və bu cavabın üzərinə yeni övlad dünyaya gəldikdə böyük övlad özünü dəyərsiz hiss edəcək və valideynlərinə olan güvən duyğusu zədələnəcək. Dolayısıyla hələ uşaq dünyaya gəlmədən ona qarşı qısqanclıq duyğuları baş qaldıracaq.

Əgər övlad bu sualın cavabında “bəli” desə, bu səfər də uşaq dünyaya gələndən sonra “Onun dünyaya gəlməsini mən istədim, indi də getməsini istəyirəm” deyə fikir bildirəcək və istədiyinin olmadığını görəndə də onda kin, nifrət duyğusu özünü göstərməyə başlayacaq.

Bundan başqa yeni övlad dünyaya gəldikdən sonra davamlı olaraq ikisini müqayisə etmək, “sən böyüksən, sən başa düşürsən, o hələ bunu başa düşmür”, “sən oyuncağını ona ver, o balacadı, ağlamasın” kimi cümlələr də iki övlad arasında rəqabətə səbəb olan ifadələrdir.

Əziz valideynlər, övladlarınız arasında qısqanclıq olmasını istəmirsinizsə, qeyd olunanları nəzərə almağınızda fayda var.

Müəllif : Leyla Əliyeva – Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu

 

Share to Odnoklassniki