Ailədaxili münasibətlər

family-quotes-1544031158

Hər bir ailənin uğurlu həyat və fəaliyyəti, ailə üzvlərinin sağlamlığı, ailədə qurulmuş psixoloji iqlimdən və ya psixoloji atmosferdən asılıdır. Əgər ailədə qarşılıqlı hörmət, anlayış, nəvaziş varsa bu müsbət psixoloji iqlimin olması deməkdir.

Burada iki tip ailə daxili psixoloji iqlimdən danışacağıq. Birinci tip ailələrdə münasibətlər möhkəmlənmiş, sterotipik rollara əsaslanmış olur. Bu cür ailələrdən özünəməxsusluğu, müstəqilliyi olmayan, dünyanı müəyyən kateqoriyalar içində görən fərdlər yetişir. Belə qəliblənmiş rolların hakim olduğu bir ailə içində böyüyən fərdlər ən önəmli şeyin böyükləri, güclüləri məmnun etmək olduğunu bilirlər. Başqalarını məhz qorxudaraq idarə etmək lazım olduğunu görmüş və buna inanmışlar. Sevgiylə ünsiyyət , münasibət qurma qarşısındakının duyğularını anlamaq və bu duyğulara hörmət göstərmək onlar üçün tamamən yaddır. Bu cür ailələr övladlarının bütün özəlliklərini ortadan qaldırırlar və uşağın potensialının ortaya çıxmasına imkan vermirlər. Bu uşaqlar gələcəkdə özlərinə spesifik bir həyat tərzi qurmaq üçün lazım olan enerjini,istəyi, cəsarəti özlərində tapa bilmirlər. Nəticədə bu tip ailələrdə yetişən fərdlərin zaman keçdikcə, mənəvi potensialları ilə əlaqələri kəsilir.

İkinci tip ailələrdə isə ailə daxili münasibətlər duruma görə dəyişə bilən ,əsnək rollara əsaslanır. Rolların dəyişkən olduğu ailələrdə həm ana, həm də ata situasiyaya görə uşaqların dostu, müəllimi, sirdaşı,lazım gəldikdə isə güclü bir avtoritet olurlar. Bu tip ailələrdə isə daxili dünyası zəngin , dünyanı çoxşaxəli görən, tolerant fərdlər yetişir. Onlar var olan bütün potensiallarını üzə çıxarda bilirlər.

Ailədaxili qarşılıqlı münasibətlər uşağa ya “mən dəyərliyəm “ ya da “mən dəyərsizəm” duyğularını hiss etdirir. Bu ehtiyac ailə içində ödənməzsə, insan hər cür davranışla bu duyğuyu əldə etməyə çalışır. “Mən dəyərliyəm “duyğusunu ailə içində əldə edən fərd özünü təsdiq üçün başqa mühitlərdə əlavə davranışlara ehtiyac duymur.

Ən dəyərli varlığımız olan övladlarımız üçün ailədaxili münasibətlərimizə və rollarımıza diqqət etməliyik.

Müəllif : Nigar Muradova – Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin klinik psixoloqu

Share to Odnoklassniki