İmpulsiv pozuntular – şəxsin özünə və ətraf çevrəsinə zərər verə biləcək ifrata varan davranışlara əngəl ola bilməməsi, bununla yanaşı həmin davranışları həyata keçirməyə hədsiz istək duyması vəziyyətidir.
Pozuntudan əziyyət çəkən şəxslər həmin davranışı həyata keçirməyi o qədər çox istəyirlər ki, bütün gün ərzində demək olar ki, başqa nəyisə düşünə bilmirlər.
İmpulsiv pozuntular hansılardır?
Kleptomaniya – oğurlama xəstəliyi
Trixotillomaniya – saç yolma xəstəliyi
Piromaniya – qəsdən yanğın çıxarma xəstəliyi
Nemfomaniya – kompulsiv cinsəl davranış
Oniomaniya – kompulsiv alış-veriş etmə davranışı
Qəsdən özünə zərər vermə davranışı
Pataloji cild yolma xəstəliyi
Pataloji qumar oynama xəstəliyi və s.
İmpulsiv pozuntusu olan şəxslər bu narahatlıqlarını ətraf çevrədən, hətta ailə üzvlərindən belə gizlədirlər. Amma bəlli bir nöqtədən sonra problem həyat keyfiyyətinə ciddi təsir göstərir və artıq gizlətmək mümkünsüz hal alır. Məsələn, dostlarının əşyalarını oğurlayırlar və dostluq münasibətləri ciddi şəkildə zərər görür.
İmpulsiv pozuntulu şəxslər özləri təkbaşına problemin öhdəsindən gələ biləcəyini düşünür, onlara zərər verən davranışı bir daha təkrarlamamaq üçün mübarizə aparırlar. Çünki etdikləri davranışların zərərli olduğunun fərqində olurlar, lakin terapiya almadıqları müddətcə davranışlar təkrarlanmağa davam edir. Onlar bu davranışlarına mane ola bilmədikləri üçün özlərini məyus hiss edirlər və vaxtında terapiya almadıqları halda bu məyusluq dərinləşərək depressiyaya gətirib çıxarır.
İmpulsiv pozuntuların yaranma səbəbləri tam olaraq bilinmir. Uzmanlara görə, problemin yaranmasına şəxsi keyfiyyətlər, genetik və sosial faktorlar səbəb ola bilər. Bununla yanaşı hər hansı travmadan sonra və ya beyin zədələnməsi nəticəsində də yarana bilər.
Qeyd edək ki, maddə və alkoqol asılılığı impulsiv pozuntu əlamətlərinin daha da dərinləşməsinə səbəb olur.
İmpulsiv pozuntuların terapiyası zamanı medikamentoz müalicə və psixoterapiya paralel şəkildə aparılmalıdır.
Psixoterapiya zamanı koqnitiv bihevioral terapiya və məruz qalma texnikasını tətbiq etməklə effektiv nəticə əldə etmək mümkündür.
Müəllif : Leyla Əliyeva – Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu