Bahara aldanmayın

IMG_4732

Tibb eksperti Adil Qeybulla: “…50 yaşdan yuxarı olanlar bu dövrdə diqqətli olmalıdırlar”

Psixoloq Elnur Rüstəmov: “Bu dövrdə insan öz potensialını həyata keçirə bilməyəndə onda ümidsizlik, depressiya yaranır”.

İlk bahar deyəndə ağacların çiçəkləməsi, ətraf aləmin yaşıllaşması, təbiətin oyanması və xoş əhval ruhiyyə gəlir. Ancaq bahara aldanmayın… Belə ki, baharın bizim fərqinə belə varmadığımız mənfi təsir edən hiyləgər bir üzü var. Məlumdur ki, bahar aylarında havada elektrik yükü artır.

Bu yük, müsbət və mənfi ionlar vasitəsilə insan bədəninə daşınır, bu da “Bahar yorğunluğu” adlandırılan xəstəliyin yaranmasına səbəb olur.

Havaların istiləşməsi insanların həm psixoloji, həm də fiziki vəziyyətlərinə təsir edir. Mütəxəssislər insanlarda maddələr mübadiləsində baş verən dəyişikliklər səbəbiylə bahar yorğunluğunun yarandığını bildirirlər. Bahar yorğunluğunun bir xəstəlik olduğu və tədbir alınmadıqda xroniki hala çevrilə biləcəyi bilinir.

Baharla birgə bahar qripi də gəlir və bu qrip normaldan daha uzun müddət davam edir. Həmçinin insanlarda halsızlıq, istəksizlik və həddindən artıq stress əlamətləri görülür. Xüsusilə, böyük şəhərlərdəki elektrik yükünün çoxluğu, bahar mövsümündə sinir sistemində gərginliyə və stressə səbəb olur. Bu vəziyyət, damarlardakı büzülməni artırır. Bu isə mədədə xoraya səbəb ola bilər.

Alimlər havaların yavaş-yavaş istiləşdiyi bu dövrdə bir çox insanın hiss etdiyi halsızlıq, yorğunluq, oynaq ağrıları, yuxu istəyi kimi ortaq şikayətlərin səbəbinin bahar yorğunluğu olduğunu qeyd edirlər.

Bahardan ən çox təsirlənənlər isə şagirdlər olur. Dərslərin və imtahanların ən çox stress yaratdığı aprel və may aylarında şagirdlərdə süstlük, məktəb və dərslərə qarşı marağın azalması, kino-kafe, park kimi məkanlara maraq, gəzmə istəyi, hətta depressiya da yarana bilir.

Tibb eksperti Adil Qeybulla bildirir ki, mövsüm dəyişikliyi ürək və revmatizm şikayətlərinin artmasına səbəb olur: “Havaların istiləşməsi ilə maddələr mübadiləsi sürətlənir və qanda durulaşma prosesi gedir. Orqanizm daha çox günəş işığı alır və insan bədənində bioloji proseslər artır. Xüsusilə, 50 yaşdan yuxarı olanlar bu dövrdə diqqətli olmalıdırlar. Ürək xəstələri tez-tez həkimləri ilə məsləhətləşməlidirlər”

Ekspert mövsüm dəyişikliyindən təsirlənməmək üçün qidalanma vərdişlərində dəyişikliklər etməyi məsləhət görür: “Havaların istiləşməsi və mövsüm dəyişikliyi səbəbiylə mənfi hallarla qarşılaşmaq istəməyənlər B, C vitaminlari və kalium daxil olmaqla vitamin və mineral qəbul etməlidirlər. B və C vitaminləri tərəvəz və meyvələrdə, kalium isə pomidor, kartof və ərikdə var. Həmçinin, hər gün 2-3 litr su içmək, spirtli içkilərdən uzaq durmaq lazımdır. Yuxu nizamına da diqqət edilməlidir”.

“Bahar həm də çöküş mövsümüdür. Çünki, insanlar özlərini yorğun, əldən düşmüş hiss edirlər və heç bir şeydən zövq ala bilmirlər. Bəzi insanlar da əsəbi, küsəyən, kövrək olurlar. Bunu mövsümü depressiya da adlandırırlar. Belə ki, bu hallar payız mövsümündə də yaşanır.
Yəni, qış mövsümündən bahara, bahardan yaza, yaydan payıza və qışa keçid dövrlərində istiliyin dəyişməsi sağlamlığa təsir edir. Mövsümi dəyişikliklərlə, yoluxucu xəstəliklər, tənəffüs yolu xəstəlikləri, astma və s. allergik xəstəliklər, duyğularda dəyişikliklər çoxalır. Xüsusilə uşaqlar, qocalar və müəyyən xəstəliyi olan şəxslər bu sürətli keçiş dövrlərində daha diqqətli olmalıdırlar”.

Adil Qeybulla xəstəliklərdən, xüsusilə də, soyuqdəymədən qorunmaq üçün mövsümə uyğun paltarlar geyilməli olduğunu vurğulayır: “Mövsümə uyğun və rahat geyimlər geyilməlidir. Pambıqlı, dərinin hava mübadiləsinə maneə törətməyən, tərkibində allergiya xüsusiyyətli boya olmayan geyimlərdən istifadə edilməlidir. Mart-aprel aylarında hava dəyişkən olur, ona görə də günəşə aldanmaq olmaz.

Evdən çıxandan hava isti olsa da pencək götürmək lazımdır. Xüsusilə hava, su və qidalar ilə yoluxan xəstəliklərə qarşı fərdi tədbirlər (əl yumaq, salamlaşma, qucaqlaşma öpüşməkdən imtina etmək, ev və iş mühitinin havalandırılması və s. tədbirlər) alınmalıdır”.

Psixologiya və Konsultasiya Mərkəzinin (PCC) psixoloqu Elnur Rüstəmov isə mövsümi dəyişikliklərin hər bir insana fərqli təsir göstərdiyini bildirir: “Havaların istiləşməsi və ya soyuqların düşməsi insanda mövsümi depressiyaya səbəb ola bilir. Statistika göstərir ki, isti ölkələrdə intihar halları az olur. Məsələn Afrika ölkələrində həyat səviyyəsi aşağı olsa da insanlar intihara meyilli deyil. İntihar edənlər daha çox Skandinaviya ölklərində yaşayanlardır”.

Onun sözlərinə görə, insanı depressiyaya salan mövsümi dəyişiklikdən çox, yazın gəlməsi ilə çoxalan enerjisini sərf edə bilməmək və fəaliyyətsizlikdən yaranır: “Yazın gəlişi əslində insanda ruh yüksəkliyi yaradır və həyat eşqini artırır. Ancaq bu dövrdə insan daha çox gəzmək, əylənmək istəyir. Sosial həyatda etməli olduğu işlər və vəzifələri isə buna imkan vermir. Yəni insan öz potensialını həyata keçirə bilmir, nəticədə isə ümidsizlik, depressiya yaranır”.

http://legend.az/116065-bahara-aldanmayin-maraqli.html

Share to Odnoklassniki