Övladı nə zaman planlaşdırmaq lazımdır?

IMG_4727

Bəzən cütlüklər problemlərinin həlli yolunu da dünyaya gələcək körpədə görür.

Yeni qurulan ailələrdə əsas problemlərdən biri də övlad sahibi olmaqdı. Tibbi mənadan məsələyə yanaşmasaq, görə bilərik ki, bu gün Avropada olduğu kimi Azərbaycan ailələrində də tərəflər tez-tələsik körpə sahibi olmanın əleyhinədi. Avropadan fərqli olaraq Azərbaycanda, əsasən, maddi-sosial vəziyyətin ürəkaçan olmadığı ailələrdə belə bir tendensiya formalaşıb. Tərəflər “Bu günün sabahı da var” deyib əlavə xərclərdən yaxa qurtarmağa çalışırlar. Bəs, görəsən, psixoloqlar mövzu ilə bağlı cütlüklərə nə məsləhət görürlər? Maddi-sosial vəziyyətə görə körpə sahibi olmanı gecikdirmək nə dərəcədə düzgündür?

Türkiyəli psixoloq Göksu Telmaç ilk olaraq yeni ailə həyatı quran cütlüklərə tibbi müayinədən keçməyi məsləhət görür. G.Telmaç qeyd edir ki, valideyn olmağa hazırlaşarkən gərək ki, hər iki tərəfin psixoloji durumu da yaxşı olsun: “Bir körpə dünyaya gətirmək, bir insana həyat bəxş etmək olduqca əhəmiyyətli məsələdi. Övlad dünyaya gətirməyi planlaşdıran cütlüklər ruhən sağlam olmalıdırlar. Kor-koranə olaraq belə addım atmaq olmaz”.
Psixoloq qeyd edir ki, bəzən cütlüklər ətrafdakıların təzyiqinə son qoymaq üçün kor-koranə olaraq özləri də məsuliyyətini dərk etmədiyi bir addım ataraq körpə dünyaya gətirirlər: “Ailə həyatı qurduqdan sonra kənar müdaxilələr, dost-tanış, qohum-əqrəbanın daima nəzərlərinin üzərinizdə olduğunu düşünüb bir anın içində valideynlik məsuliyyətinin nədən ibarət olduğunu dərk etmədən qərar verirsiniz. Ola bilər ki, bir az gec ailə həyatı qurduğunuz üçün valideynləriniz qısa zaman çərçivəsində sizi ata-ana olmağa sövq edir”. Psixoloq heç bir tibbi problem yoxdursa, hər iki tərəfin razılığına əsasən, ortaq qərarın əldə edilməsinin vacibliyini deyir. O, bəzən maddi, sosial problemlər olduğu üçün cütlüklərin övlad dünyaya gətirməyi təxirə saldığını söyləyir. G.Telmaç deyir ki, bəzən tərəflər problemlərin dünyaya gələcək körpə vasitəsi ilə həll olunacağını düşünür: “Bəzən cütlüklər problemlərinin həlli yolunu da dünyaya gələcək körpədə görür. Lakin uşaq dünyaya gəldikdən sonra belə, probelmlər həll olunmur”.
G.Telmaç deyir ki, analıq arzusunda olan xanımlar həyat yoldaşı seçərkən diqqətli olmalıdı: “Analıq arzusunda olan xanımlarda, ilk növbədə, ailə həyatı quracağı kişilərə qarşı bir güvən hiss olmalıdı. O, əmin olmalıdır ki, övladının atası olacaq şəxs onu və körpəsini yarı yolda tərk etməyəcək. Valideyn olmaq, bu hissi yaşamaq çox gözəldir. Normal, sağlam düşüncəli, təhsilli olmaq sizə əlavə keyfiyyətlər qazandıracaq. Beləcə, siz də övladınıza sağlam münasibət göstərir, onun psixoloji baxımdan sağlam böyüməsinə şərait yaradırsınız. Ortaq qərar əldə edildikdən sonra hamilə qalan qadın hamiləliklə bağlı kitablar oxumalı, səhhətini nəzarətdə saxlamalı, həkim məsləhətlərinə əməl etməlidi”.
Psixoloq Azad İsazadə Milli.Az-a açıqlamasında maddi-sosial problemlərə görə cütlüklərə övlad dünyaya gətirməyi təxirə salmamağı məsləhət görür: “Maddi vəziyyətimizi nə qədər yaxşılaşdırmağa çalışsaq da, hər zaman qarşımıza çatışmazlıqlar, problemlər çıxır. Hətta milyarder də müəyyən vəsait çatışmazlığından problem yaşayır. Nə qədər varlansaq da, bu belədir. Bu səbədən yeni qurulan ailələrə məsləhət görməzdim ki, maddi durumları yaxşılaşdırdıqdan sonra övlad planlaşdırsınlar. Maddi durumun yaxşı olması önəmlidi. Lakin ailədə isti münasibət varsa, tərəflər bir-birini yaxşı başa düşərək müəyyən məsələlərdə yardımçı ola bilirlərsə, bu zaman övladın dünyaya gəlməsi cütlüyə daha yeni töhfələr bəxş edəcək. Çünki yeni doğulan körpə özü ilə ruzi-bərəkətini də gətirəcək”.
A.İsazadənin, eləcə də valdieyn olmağa hazırlaşan gənc ailələrə bir-birlərinin fikirlərinə hörmət bəsləmələrini məsləhət görür: “Əsas məsləhətim odur ki, bir-birini sonacan dinləməyi, fikirlərini bölüşməyi bacarsınlar. Bəzən biz qarşı tərəfi dinləməyi bacarmırıq. Bir çox hallarda ailələrdə ən böyük problemlər də bundan yaranır”.
Psixoloq Elnur Rüstəmov Milli.Az-a açıqlamasında hamiləlik dönəmində tərəflər arası münasibətlərin dünyaya gələcək körpənin psixoloji durumuna da təsir etdiyini söyləyir. A.İsazadə ilə həmfikir olan ekspert ailə həyatı qurduqdan sonra müəyyən müddət gözləmədən tərəflərin övlad sahibi olmalarının vacibliyini vurğulayır. Göksu Telmaçdan fərqli olaraq psixoloq yeni körpənin dünyaya gəlməsi ilə ailədaxili problemlərin də azalacağını proqnoz edir: “Ailə qurduqdan sonra müəyyən müddət keçmədən cütlüklər övlad dünyaya gətirməyi planlaşdırmalıdırlar. Çünki adaptasiya mərhələsində ailədaxili konfliktlər belə, körpə dünyaya gəldikdən sonra yatır. Konfliktlər azalır, tərəflərin münasibətləri get-gedə yaxşılığa doğru dəyişir. Körpənin dünyaya gəlməsi yeni qurulan ailənin münasibətlərinə müsbət töhfə verir. Düşünmürəm ki, körpə dünyaya gəldikdən sonra ailənin maddi durumu pisləşəcək. Çünki ruzini Allah verir. Hər zaman müşahidə etmişəm ki, uşaq dünyaya gəldikdə həmin ailənin maddi durumu yaxşılaşır. Allah bu övladı sizə bəxş edibsə, ruzisini də göndərir. Maddi duruma görə bu məsələni təxirə salmaq lazım deyil”.
E.Rüstəmov müəyyən tibbi problemlər yaranarsa, zamanında müdaxilə etməyin vacib olduğunu deyir: “Cütlüklərin müəyyən tibbi problemləri varsa, yaxşı olardı ki, zamanında müayinə olunub, müalicə alsınlar. Övlad ailənin əsas bağıdı”.

http://news.milli.az/

Share to Odnoklassniki