Açar sözlər: Psixoloji böhran, Korona virus, Covid-19, travmatik böhran, itki və ayrılıq böhranı, yaş böhranı, psixoloji məsləhət
Ключевые слова: Психологический кризис, Корона вирус, Covid-19, травматический кризис, кризис потери и разлуки, возрастной кризис, психологическое консультирование
Keywords: Psychological crisis, Corona virus, Covid-19, traumatic crisis, loss and separation crisis, age crisis, psychological counseling
Korona virusunun özü ilə bərabər insanların həyatına gətirdiyi dəyişiklikəri, insanların həyat və fəaliyyətinə, psixologiyasına etdiyi təsirləri nəzərə alsaq onu müasir dövrün psixoloji böhran faktoru kimi qiymətləndirə bilərik.
İnsan həyatının müxtəlif mərhələləində böhran halları ilə üzləşir. Psixoloji baxımdan ədəbiyyatara nəzər saldıqda görürük ki, çox vaxt böhran halları yaş faktoru ilə əlaqələndirilir. Ancaq qeyd edək ki, Yaş böhranı böhran hallarından yalnız biridir.
Yaxşı, bəs ümumilikdə böhran halları nədir, necə yaranır, hansı növlərə ayrılır? Korona virusunun gətirdiyi böhran halları hansı katiqoriyaya aid edilə bilər?
Gəlin ilk öncə bu məsələlərə aydınlıq gətirək.
Böhran vəziyyəti hər bir insanın şəxsi inkişafının ayrılmaz hissəsidir, bu dövr şəxsiyyətin inkişafına maksimal təsir göstərir, şəxsin inkişafının gələcək yönəlişliyini təmin edir. Ən əsas hallardan biri budur ki, psixikanın zənginləşən və mürəkkəbləşən inkişafı stabil və davamlı proses deyil. Bu ara verən bir prosesdir və burada böhranlarda qaçılmaz haldır.
Böhran-insanın öz daxili aləmi və ətraf mühitə narazılığından doğan uzunmüddətli ruhi vəziyyətidir və o insan üçün ən fundamental, həyat üçün əhmiyyətli olan dəyərlərə və təlabatlar sferasına təsir edir, güclü emosional həyəcanla müşayiət olunur və insanın daxili həyatında dominantlıq edir. Böhranla bağlı irəli sürülən nəzəriyyələrdən çıxış edərək üç növünü ayırd edilir: Maddi böhranlar; sosial böhranlar; ruhi böhranlar. Yaşanan bütün böhran halları şəxsiyyətin strukturunda dəyişikliyə gətirib çıxarır və hər biri öz daxili məzmununa malikdir (4, s.301).
Psixoloji böhran halları 3 qrupa bölünür: Yaş böhranları; itki və ayrılıq böhranları; travmatik böhranlar
“Yaş böhranları” psixi funksiyaların, davranış modellərinin, köhnə, artıq ömrünü yaşamış münasibətlərin dağılması və yenilərinin formalaşmasının surətlə inkişaf etdiyi bir dövrdür. Sabit dövrdə hiss olunmayan, yavaş-yavaş baş verən dəyişiklik, böhtan dövründə uşağın şəxsiyyətində sıçrayışabənzər dəyişikliklər, sınmalarla əvəz olunur. Təkcə ayrı-ayrı hisslər deyil o, bütövlüklə dəyişir. Böhran dövründə uşaqda nə baş verdiyini anlamaq çox vacibdir. Yaxınlarının onu başa düşməsi və dəstəyi böhranların daha sakit keçməsinə kömək edir.
Psixoloji böhranların digər katiqoriyası olan İtki və ayrılıq böhranları yaxın adamın ölümü ilə bağlı yaranmış psixoloji sarsıntı zamanı meydana çıxır.
Aşağıdakı mərhələləri var: Şok, qəzəb və haqsızlıq hissi, qəm və təəssüf, bərpa
Travmatik böhranlar – gözlənilmədən şəxsin hazır olmadığı şəraitdə baş verən, onun adət etdiyi gündəlik həyat tərzini pozan qısamüddətli yaxud uzunmüddətli təsir nəticəsində yaranmış böhranlardır. Iki növü var:
-Təbii fəlakətlər nəticəsində yaranmış travmalar (zəlzələ, daşqın, sunami, kütləvi xəstəliklər və s.)
- İnsanlar tərəfindən törədilən travmatik hadisələr (zorakılığın bütün növləri, cinsi istismar,müharibə, terror və s.)
Məhz Karona Virusunun yaratdığı psixoloji təsirlər bu böhran katiqoriyasında daha çox özünü göstərir.
Psixoloji böhran üç mərhələdə keçir:
-neqativ mərhələ (köhnə vərdişlərin, stereotiplərin, əvvəldə formalaşmış strukturlarının dağılması)
-böhranın kulminasiya nöqtəsi;
-böhranlı fazadan sonrakı dövr (bu zaman yeni strukturlar, yeni münasibətlər və s. formalaşır) (5, s.112).
Qeyd etdiyimiz kimi, böhran halları sadə məsələ deyil və bir sıra xarakterli problemləri özündə ehtiva edir.
Hal-hazırkı dövürdə Covid-19 Pandemiyası dünyada geniş vüsət almaqla, demək olar ki, hər bir insanın həyatına nüfuz edib. Biz deye bilərik ki, bu pandemiya özü ilə bərabər həm travmatik, həm də, itki və ayrılıq böhranlarını özü ilə bərabər gətirib. Təkcə psixoloji deyil, iqtisadi böhranın da yaranmasına təkan verir.
Məlumat üçün qeyd edək ki, Koronaviruslar (CoV), adi soyuqdəymə əlamətlərindən Yaxın Şərq Respirator Sindromu ( Middle East Respiratory Syndrome Coronavirus – MERS – CoV) və Şiddətli Kəskin Respirator Sindrom (SARS – CoV) kimi daha ciddi patologiyalara qədər çeşidli xəstəliklərə səbəb olan böyük bir virus fəsiləsidir. Koronaviruslar zoonoz infeksiya kimi heyvanlardan yoluxaraq insanlarda xəstəlik törədə bilir. Ətraflı araşdırmalar nəticəsində, SARS-CoV-un müşk pişiklərindən, MERS-CoV-un isə tək hürgüclü dəvələrdən insanlara yoluxduğu məlum olmuşdur. Hazırda insanlara yoluxmayan, ancaq heyvanlarda rast gəlinən bir çox koronavirus tipi mövcuddur.
31 dekabr 2019-cu ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çin Ölkə Ofisi Çinin Hubei əyalətinin Vuhan şəhərində etiologiyası naməlum olan pnevmoniya ilə xəstələnmə halları haqqında məlumat vermişdir. 7 yanvar 2020-ci ildə isə bu fakt daha əvvəllər insanlarda rast gəlinməmiş yeni bir koronavirus (2019 Novel Coronavirus COVID-19) olaraq təsdiqlənmişdir(6).
Dərin problem xarakteri daşıyan bu virusu, demək olar ki, bu və ya digər dərəcədə insanların həyatına təsir etmişdir. Deyə bilərik ki, mövcud dövrün ən qlobal problemi olaraq davam etməkdədir.
Problem – konkret şəraitdə insanın həmin an üçün topladığı bilik və təcrübədən istifadə etməklə mövcud çətinliklərin və ziddiyyətlərin həllinin qeyri-mümkün olduğunun dərk edilməsidir. Ona görə də, böhranın səbəbini, dayaq nöqtəsini tapmaq və şəraiti olduğu kimi qəbul eləmək üçün kənardan bilik və təcrübəyə tələbat yaranır. Hər bir insanın həyat yolu, onun şəxsiyyət kimi inkişafı potensialların əvəzlənməsi və özünü təzahüretmə formaları ilə müşayiət olunur. Böhran halı həmişə gərginlik doğurur, özündə stress və qeyri-müəyyənlik ehtiva edir.
Böhran insanın vərdiş etdiyi hər hansı mövcud yaşayış formasının itməsini bildirir və onun üçün hələlik məlum olmayan yeni yaşayış formasına keçmək imkanı yaradır. Məhz bu xüsusiyyətlər Corona Pandemiyasının hazırki vəziyyətdə insanların həyatında yaratdığı vəziyyəti təsvir edir.
Böhran halı o zaman təhlükəli olur ki, şəxs bu vəziyyətdən çıxa bilmir , böhran halını qəbul etmək və onunla mübarizə aparmaq iqtidarında olmur. Hazırda problemin dünya üçün yeni olması və bundan sonrakı gedişatın naməlumluğu insanların psixoloji gərginliyini artırır,qorxu və stress vəziyyətinin yaranmasına səbəb olur. Bilindiyi kimi, qorxu və həyəcanı yaradan əsas faktor qeyri-müəyyənlikdir. Bununla yanaşı, xəstəliyin özü ilə gətirdiyi yeni həyat şərtləri, karantin rejimi, məhdudluqların qoyulması da insanlara öz təsiri göstərməkdədir. Mütəxəssislər karantinə psixoloji reaksiyaların əsasən mənfi olduğunu qeyd edirlər. Müşahidə edilən araşdırmaların nəticələri göstərir ki, sərbəstliyin itirilməsi, yoluxma qorxusu və vaxt müddətinin uzadılması tez-tez post-travmatik stress, yuxusuzluq və qəzəbə səbəb olan bir mühit yaradır. Bu nəticələr karantindən sonra aylar və illər sonra xəstələr və tibb işçiləri arasında müşahidə edilə biləcək.
Bu araşdırmada olan tədqiqatçılar mənfi ruhi sağlamlığın karantin risklərini azaltmaq üçün bir neçə vacib üsullar təklif edirlər. Karantin lazımi ehtiyatları təmin etməklə mümkün qədər qısa olmalıdır. Xəstələrə daha çox vaxt ayırmaq lazımdır, çünki tənhalıqda onların psixi sağlamlıqları daha da pisləşir
İnsanların uzunmüddətli izolasiyadan necə xilas olacağını və “psixi pandemiya” nın mövcud vəziyyətinə uduzmamaqları üçün insanları bilməlidir ki, psixikada qoruyucu bir mexanizm var – uyğunlaşma. Hətta konslager məhbusları qeyri-insani şəraitə uyğunlaşdılar və qaz kameraları qarşısında bir-birlərinə zarafatlar söyləyirdilər. Beləliklə, heç bir şey edilməsə də, gec-tez çaxnaşma azalacaq. Çaxnaşmaya uyğunlaşma çaxnaşmanı öldürəcək. Hal-hazırda vacib məsələ odur ki, hər kəs məlumat mənbələrini süzgəcdən keçirməlidir. Ümumiyyətlə, müşahidələrimizəə görə, həmişə panikaya meylli olanlar ən yüksək təşviş və aşağı rasional düşüncəyə malik, melanxolik olan insanlardır. Onların planetdəki faiz nisbəti olduqca çoxdur. Bu gün ümumi çaxnaşma atmosferini yaradanlar məhz onlardır (8).
Birmənalı olaraq qeyd etməliyik ki, hazırkı dövrdə böhran vəziyyətinin elementləri insanların həyatında özünü bu və ya digər dərəcədə biruzə verir və daxili böhran kimi səciyyələnir.
Daxili böhran xarici münaqişələrlə müşayiət oluna bilər, lakin münaqişəli inkişafın aradan qaldırılması yeni vasitələrə yiyələnməkdən keçir, yeni həyat sferalarının mənimsənilməsi, imkanların genişlənməsi meydana çıxır. Əgər yeni tələbat xarici sosial tələblər tərəfindən boğularsa, böhran bu zaman kəskinləşə və uzana bilər. Böhrandan çıxışın necə – konstruktiv və ya dekonstruktiv olacağını müəyyən etmək üçün böhran situasiyasını təhlil etmək zəruridir. Bu zaman psixoloji böhranın məzmuna, şəxsin böhrana münasibətinə, böhranın uzunluğu və inkişaf müddətinə diqqət yetirmək lazımdır.
Böhranın vəziyyəti intellektual və emosional sahələrdə baş verən özünüdərk prosesinin gələcək inkişafını təmin edir, münaqişənin həlli isə şəxsiyyətin inkişafının göstəricisi kimi çıxış edir. Lakin, digər tərəfdən, böhran əsəb pozğunluqlarına səbəb ola bilər. Beləliklə, çətinlik meydana gəlir, problem əvvəlki fəaliyyət üsullarının pozulmasına səbəb olur, gərginlik yaranır, problemin həllinin köhnə üsullarının yoxlanılması gedir, əgər onlar adaptiv deyilsə, gərginlik güclənir. Sonrakı mərhələdə problemin dərki üçün xarici və daxili resursların cəlb edilməsi baş verir ki, bunun da nəticəsi aşağıdakılar olur: problemin yenidən nəzərdən keçirilməsi və vəziyyətdən çıxış; vəziyyətin mümkün yollarla həllinin qeyri-mümkün olması və sistemin növbəti pozuntusu, problemin həllindən uzaqlaşma və ya destruktiv çıxış.
Hazırda dünyada sürətlə yayılmağa davam edən yeni tipli koronavirus (COVİD-19) infeksiyasının bugün Azərbaycanda geniş yayılmasının qarşısını almaq üçün qətiyyətli tədbirlər görülür. Kifayət qədər maarifləndirmə işi aparılsa da, sosial mediada yayılan, etibarlı mənbələrə söykənməyən məlumatları doğru xəbər kimi qəbul etmək və inanmaq psixoloji gərginliyə səbəb olur. Mütəxəssislər qeyd edir ki, əhval-ruhiyyə nə qədər pessimizmə köklənsə, virusa yoluxmaq riski də bir o qədər yüksək olar.
Məsələ ondadır ki, Koronavirus dünyanı qeyri-müəyyənliyə qərq edib və pandemiya ilə bağlı davamlı xəbərlər neqativ emosiyalara səbəb olur. Bütün bunlar insanların zehni sağlamlığına, xüsusən narahatlıq və OKB kimi şərtlərlə yaşayanlara zərər verir. Bəs psixoloji sağlamlığımızı necə qoruya bilərik? Xəbərlərdən narahat olmaq başa düşüləndir, lakin bir çox insan üçün bu vəziyyət mövcud psixi sağlamlıq problemlərini daha da pisləşdirə bilər. Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun yayılması zamanı zehni sağlamlığınızı qorumaq barədə tövsiyələr verəndə sosial mediada müsbət qarşılanmışdı. Aldığınız xəbərləri məhdudlaşdırın və oxuduqlarınıza qarşı diqqətli olun. Sosial media ilə aranıza məsafə qoyun və narahatlıq yaradan şeylərdən uzaq durun.
Yeni növ koronavirusla (COVİD-19) bağlı əhalinin əksəriyyətində təşviş müşahidə edildiyindən, bu müddət ərzində diqqət yetirməli olan nüanslar (7):
Sosial media və KİV-də pandemiya təhlükəsi ilə bağlı informasiya axınına məruz qalmaq həyəcan və təşvişə səbəb ola bilər. Həmçinin müxtəlif informasiya ilə yüklənmək koqnitiv (informasiyanı mənimsəmək qabiliyyəti) və duyğusal yorğunluq yarada bilər. Buna görə valid mənbələrdən müəyyən məlumatlarla kifayətlənmək tövsiyə edilir;
Ətrafınızda azyaşlılar olarkən virus haqqında müzakirələrə diqqətli yanaşmaq lazımdır. Çünki, uşaqlar görmədikləri xəstəlik haqqında həyəcan müşahidə edirlərsə, daha kəskin reaksiya verə bilirlər. Bu səbəbdən uşaqlara əməli addımlar (müntəzəm olaraq əlləri yuyub təmiz saxlamaq kimi) öyrətmək lazımdır. Bu onların virusa yoluxma riskini azaltmaqla yanaşı, vəziyyətə nəzarət hissini də artıra bilər;
Övladlarınıza virusun qarşısını almaq naminə infeksiyaya nəzarət, özünüqoruma qaydalarının aşılanması böyük əhəmiyyət kəsb edir. Uşaqlar dünyanı etibar ediləcək məkan kimi qavramağa ehtiyac duyurlar. Bu qavrayış böyüklərin davranış və hissləri ilə birbaşa bağlıdır.
Sosial özünütəcrid dönəmində COVİD-19 virusu ilə bağlı təlaşa düşməmək, xofa qapılmamaq, təmkinli davranmaq üçün nələrə diqqət etmək lazımıdır:
Karantin zamanı sosial münasibətlərə önəm vermək, sevdiyiniz insanlarla virtual əlaqə yaratmaq sizi psixoloji olaraq daha dözümlü edəcək. Əgər özünüzü yalnız hiss edirsinizsə, düşünün ki, dünyanın 170 ölkəsində hər kəs mövcud şəraitlə ilə əlaqədar evdə qalır;
Evdə keçirdiyiniz vaxtı səmərəli etmək üçün yeni fəaliyyətlərə başlamaq sizin psixi sağlamlığınıza müsbət təsir göstərəcək. Bunlara kitab oxumaq, idman və musiqi ilə məşğul olmaq, dil öyrənmək, onlayn kurslarda iştirak etmək və s. kimi fəaliyyətlər aid ola bilər;
Evdə qalmaq sizə həm də yazmaq, yaratmaq, yeni ideyalar, maraqlı layihələr üzərində işləmək kimi imkanlar verir;
Sosial izolyasiya zamanı cəmiyyətə ən çox təsir edən faktor bu dönəm ərzində sosial fəaliyyətin məhdudlaşdırılması və pandemiyanın gedişatı ilə əlaqədardır. Çünki virusun doğuracağı nəticələrin məchul qalması, insan təbiətinə ən çox narahatlıq doğuran nüansla – situasiyaya nəzarət edilə bilinməməsi – ilə bağlıdır. Bu zaman insanlarda təşvişlə yanaşı, qorxu, aqressiya, özünü dəyərsiz hiss etmə kimi hallar müşahidə edilə bilər. Bunun qarşısını almaq üçün ilk olaraq mövcud şəraitin fövqaladə hal olduğunun qəbul etmək gərəkdir;
Sosial mühitdən uzaq olmağı özünüzlə və sevdiyiniz insanlarla daha çox vaxt keçirməyiniz üçün əlverişli fürsət kimi dəyərləndirin. Hər kəsin həyatında etmək istədiyi, lakin zaman ayıra bilmədiyi bəzi fəaliyyətlər var ki, bu fəaliyyətlər həmin şəxsin özünü qiymətləndirməsində xüsusi rol oynayır. Xüsusi karantin vəziyyəti buna nail olunması üçün əla fürsətdir;
Psixoloqların insanlara bu situasiya ərzində tövsiyə etdiyi məqamlardan biri də imkan olduqca hədəflərinizi xatırlamağınızdır, çünki hədəflər bizi yaşamağa sövq edən ən böyük motivasiyadır (bu günlərin müvəqqəti olduğunu özünüzə tez-tez xatırladın);
Xüsusi vurğulamaq lazımdır ki, mövcud şəraitdə fiziki fəaliyyətin kəskin azalması orqanizmdə stress hormonunun (kortizol) çoxalması ilə nəticələnə bilər. Buna görə də hər gün istisnasız şəkildə fiziki fəaliyyətlə məşğul olmaq tövsiyə olunur. Fiziki fəaliyyətin xoşbəxtlik hormonunun (endorfin) ifrazına səbəb olduğu elmə məlumdur;
Karantin zamanı günləri (mümkünsə həftələri) planlamağınız tövsiyə olunur ki, gün ərzində boşluğa düşməyəsiniz (“vaxtım çoxdur, amma heç vaxtım yoxdur” kimi). Hətta, karantindən sonra nələr edəcəyinizi planlaşdırmağınız belə sizə xoş təsir edəcək(9).
Sonda qeyd edək ki, İnsan inkişafının müxtəlif dövrlərində yaranan böhran halları sadə məsələ deyil və öz mürəkkəb psixoloji strukturu və təzahür formalarına görə bir birindən fərqlənir. Böhran həyatın adət edilmiş axarını pozur, insanın gündəlik həyat fəaliyyətinə təsir edib onu sistemdən çıxarır. İnsan yaşadığı dövrdə baş verən böhranlar indiyə qədər onun üçün əhəmiyyətli olan və həyatının özəyini təşkil edən dəyərləri yenidən mənalandırılmasını tələb edir və onu əhatə edənlə münasibətləri, əlaqələri həyat tərzini dəyişməyə sövq edir. Böhranın müvəfəqiyyətli həll olunması və bu problemin öhdəsindən uğurla gəlmək insan üçün həyati əhəmiyyətli məsələ hesab olunur. Bu zaman bu amil insan üçün yeni, müsbət keyfiyyətlərin yaranmasına səbəb olur.
Beləliklə, həyat böhranı şəxsin həyatını ali, aktual formada, daxilində dərin qarşıdurmanın dərki və bu qarşıdurmadan çıxmanı bildirir ki, bu da insanın bütün fiziki, psixi, intellektual və mənəvi qüvvəsinin cəmləşdirilməsini tələb edir. Bu da öz növbəsində insanın inkişafında yeni bir mərhələnin əsasını qoyur. Bu baxımdan Vıqotskinin fikirləri diqqəti cəlb edir. L.S.Viqotski qeyd edir ki, böhranın hər bir neqativ simptomunun arxasında pozitiv məzmun gizlənib ki, bu da yeni, ali formaya keçməkdir (5, s.75).
Psixoloji böhran yaşayan şəxs bu vəziyyətdən çıxmağı bacarmazsa, bu hal onda digər psixoloji problemlərin yarananmasına gətirib çıxara bilər. Bu baxımdan şəxs bu vəziyyətdən çıxa bilmirsə psixoloji yardımdan yararlanmalı və bu halın ona edə biləcəyi mənfi təsirlərindən qorunmalıdır. Böhranların uğurla aradan qaldırılması sistemə çevrilərək, tədricən müəyyən şəxsi keyfiyyətlərin formalaşmasına, insanın xüsusi həyat ideologiyasının meydana çıxmasına, bir növ qalib ssenarisinin yaranmasına gətirib çıxarır. Böhranlardan uğurlu çıxış təcrübəsini toplayaraq, insan özünə və şəraitə qalib gələrək yaşamağı öyrənir. Əgər insan şəraiti idarə edirsə, böhranı doğuran problemdən azad olur və bu problemin yaşanması onu daha mükəmməl, psixoloji cəhətdən adekvat və inteqral edir.
Qeyd edək ki, biz sanki böyük sosial eksperimentin içindəyik. Bu eksperimetin həm iştrakçısı, həm də müşahidəçisiyik. Problemin cəmiyyətə edtdiyi sosial-psixoloji təsirləri fərq etməmək, demək olar ki mümkünsüzdür. Hazırkı şəraitdə demək olar ki, yer kürəsindəki hər bir insanın pandemiyanın həyatına etdiyi təsirlərlə bu və ya digər dərəcədə məruz qalmışdır. Bu vəziyyətin destruktiv xarakter daşımaması üçün hər bir fərd hadisələrə təmkinlə yanaşmalı, mütəxəssislərin verdiyi tövsiyyələrə əməl etməli və mövcud vəziyyətdə tək özü ümün deyil, ətrafı üçündə daşıdığı məsuliyyətin fərqində olmalıdır.
Azərbaycan hökuməti Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrini və beynəlxalq təcrübəni nəzərə alaraq, əhalinin sağlamlığının qorunması və virusun yayılmasının qarşısının alınması üçün sistemli mübarizə aparan qabaqcıl ölkələr sırasındadır və bu tədbirlər lazımi səviyyədə həyata keçirilir. Yaşanılan böhran halının zərərlərini minimuma endirmək və özündən sonra struktiv xarakter daşıması üçün vətəndaş olaraq hər bir şəxs həyata keçirilən tədbirlərə qoşulmalı, öhdəsinə düşən vəzifələri yerinə yetirməlidir.
KORONA VİRUSU (COVİD 19) MÜASİR DÖVRÜN PSİXOLOJİ BÖHRAN FAKTORU KİMİ
Xülasə
Psixoloji böhran halları fərdin özünə və ətrafdakılara zərərvermə təhlükəsi yarandıda, müəyyən çətinliklərlə üzləşdikdə, yaxudda psixotrop və narkotik maddələrin təsirindən və s bu kimi səbəblərdən yarana bilər. Hal-hazırkı dövrdə krizis və ekstrimal şəraitdə psixloji xidmətin təşkili məsələləri çox aktualdır. Elmi ədəbiyyatda psixoloji böhranlara geniş şərh verilməsinə baxmayaraq onun araşdırılması ha-hazırda da elmin maraqlandığı məsələlərdəndir.
Müasir dövrda Korona virusunun yayılması da insanlar arasında Böhran hallarının özünü daha çox göstərməsinə gətirib çıxarmışdır. Məqalə çərçivəsində hazırkı dövrdə aktual olan bu mövzunu araşdırdıq.
КОРОНА ВИРУС (COVID 19) КАК
СОВРЕМЕННЫЙ ПСИХОЛОГИЧЕСКИЙ КРИЗИСНЫЙ ФАКТОР
Резюме
Психологический кризис существует, когда индивидуум угрожает причинить вред самому себе, другим, или не связан с реальностью под влиянием реакции наркотиков или психоза. В настоящее время психологическая помощь в кризисных и чрезвычайных ситуациях становится все более и более востребованной. В литературе широко описаны возрастные кризисы, кризисы, возникающие в межличностных отношениях и так далее. С этой точки зрения кризис представляет собой здоровое состояние развивающегося человека, что, однако не приуменьшает тягостности самого переживания. Распространение коронавируса в наше время также привело к возникновению новых кризисов среди людей. В рамках статьи мы исследовали эту тему, которая актуальна сегодня.
CORONA VIRUS (COVID 19) AS A MODERN PSYCHOLOGICAL CRISIS FACTOR
Summary
A psychological crisis exists when an individual is threatening harm to himself/herself, to others, or is out of touch with reality because of a drug reaction or psychosis. Currently, psychological assistance in crisis and Emergency situations are becoming more and more in demand. In literature age crises are widely described, crises arising in interpersonal relationships and so on. From this point of view, the crisis represents a healthy state of a developing person, which, but does not undermine the painfulness of the experience itself. The spread of the Coronavirus in modern times has also led to more crises among people. As part of the article, we explored this topic, which is relevant today.
ƏDƏBİYYAT SİYAHISI
Qədirov. Ə.Yaş psixologiyası. Bakı, Maarif, 2003
E.İ.Şəfiyeva, Somatik xəstəliklərin klinikasının psixoloji problemləri, Bakı, 2013, s.258
N.V.İsmayılov, Tibbi psixologiya və psixoterapiya (dərslik), Bakı 2003, s.385
Вахромов Е.Е. Психологические концепции развития человека: теория самоактуализации. – М.: Международная педагогическая академия, 2001
Миронов А. Кризис духовных ценностей на социокультурном пространстве современной России // Соц.-гуманит. знания. – 2007. – № 2. –С.39-52.