” Sağlam yuxu rejimi – Sağlam həyat tərzi”
24 saatlıq günlük yaşamımızın orta hesabla 30-35%-ni yuxu saatı təşkil edir.
Yuxu ilə bağlı bir çox alimlər müxtəlif fikirlər səsləndirmişlər. Onlardan bir neçəsinə nəzər salaq:
Bir qrup alimlər yuxunu fiziki amillərlə əlaqələndirir və belə hesab edirlər ki, yuxu zamanı beyindəki qanın bir çox hissəsi bədənin müxtəlif nahiyələri arasında paylanır.
Bəzi alimlərin düşüncəsinə görə isə cismi fəaliyyət nəticəsində bədəndə xüsusi maddə cəmlənir və əsəb sisteminə təsir göstərərək insanda yuxu halını meydana gətirir. Həmin maddə bədən tərəfindən tamamilə sorulana qədər bu hal davam edir. Buna əsasən də həmin alimlər yuxunu kimyəvi amil kimi dəyərləndirirlər.
Digər bir qrup alimlər isə yuxunu əsəb amili ilə əlaqələndirirlər. Belə ki, insan beynində yerləşən fəal əsəb sistemi əzaların hərəkətini təmin edir və çox yorğunluq nəticəsində yorularaq sönür. Onlar hesab edir ki, bu da əsəb amilidir.
Bütün bu müddəalar hər nə dərəcədə yuxunu kifayət qədər izah etməsə də, bütün bu amillərin də təsiredici olduğunu inkar etmək olmaz.
Yuxu beyin fəaliyyət normasının minimal səviyyəyə enməsi və ətraf mühitə qarşı reaksiyaların zəifləməsi ilə müşayiət olunan təbii fizioloji prosesdir. Bütün canlı varlıqlar öz güclərini bərpa etmək və həyat fəaliyyətini davam etdirmək üçün istirahətə ehtiyac duyurlar.
Yuxuda anabolizm proseslərinin ( bir orqanizmin başqa orqanizmə məxsus qida maddələri hesabına yaşaması) səviyyəsi artır, katabolizm ( enerji mübadiləsi və ya dissimilyasiya) isə aşağı enir. Normal yuxu dövrü təxminən hər 24 saatdan bir təkrarlanır və bu dövr “sirkad ritmi” adlandırılır. Bioloji ritmin sirkad forması bir növ işıq və temperaturun təsirilə ontogenez dövrdə ( fərdi inkişaf) orqanizmin qazandığı bioloji saatlar vasitəsilə həyata keçirilir.
Yuxu prosesi iki mərhələdə baş verir: ləng yuxu və tez yuxu.
Dərin yuxuya getməzdən öncə 10 dəqiqə ərzində yarıyuxulu vəziyyətdə oluruq ki, bu birinci mərhələdir.
Ləng yuxu mərhələsində əzələlər boşalır, tənəffüs sakitləşir, ürək döyüntüləri yavaşıyır, göz alması hərəkətsiz vəziyyətdə olur.
Tez yuxu mərhələsində isə beynin bioelektrik fəaliyyətinin əyrisində kiçik və sürətli dalğalar gözə çarpır. Bu mərhələdə gözün hərəkəti baş verir, qan təzyiqi yüksəlir, nəbz və tənəffüs sürətlənir, maddələr mübadiləsi güclənir. Ləng və tez yuxu mərhələləri dövri olaraq bir-birini əvəz edir. Tez yuxu mərhələsi 20 dəqiqə davam edir və sutkalıq yuxunun 1,5 – 2 saatını təşkil edir. Bu mərhələdə dərin yuxuya gedirik, bədənimiz və beynimiz gün ərzində baş verənlərdən dincəlir. Bu müddət ərzində yuxu görmürük. Buna bəzən delta yuxusu da deyirlər.
Bu mərhələlərdə pozulma olarsa, problemlər yaranmağa başlayır.
Yuxu pozulmalarına yata bilməmək, yuxuya getməkdə çətinlik, və ya gecə yarısı oyanıb təkrar yuxuya gedə bilməmək nəzərdə tutulur. Bunlar ən çox görülən yuxu pozulmalarıdır.
Yuxusuzluğun ən çox rast gəlinən növü psixolofizioloji olandır. Bu bütün yuxu pozulmalarının əlaməti olaraq ortaya çıxır, qorxu, stress kimi faktorlar baş verərkən əmələ gəlir, bütün diqqət yata bilməmək üzərində mərkəzləşir.
Xroniki olaraq yata bilməmək və ya yuxunu davam etdirə bilməmək idiopatik yuxusuzluq vəziyyəti adlanır.
Bu zaman yataqda olarkən yuxuya getmək vaxtı çox uzun çəkir, yatdıqdan sonra isə yuxu qısa oyanmalara parçalanır. Buna səbəb nevroloji pozulmalardır, onların yüngül və şiddətli dərəcələri olduğu kimi idiopatik yuxu pozulmaları da yüngül, ağır, hətta şiddətinə dayanılmaz dərəcələrdə ola bilirlər.
Daha kəskin hallarda xəstələr iş görə bilməyəcək vəziyyətə düşürlər.
Yuxusuzluq tez-tez rast gəlinən və müalicəsi mümkün olan bir xəstəlikdir. Vaxtında müalicə olunmazsa, bir çox klinik-psixoloji problemlərə yola aça, həmçinin ölümlə nəticələnə bilər.
Yuxusuzluq kimi həmçinin, çox yatmağın da bir çox zərərləri vardır:
☑️Beyini zəiflədir. Yaşlı qadınlarla aparılan araşdırma zamanı 9 saatdan çox, 5 saatdan az yatdıqda beyinin 2 il zəiflədiyi müəyyən olunub.
☑️Depressiyanın inkişafına səbəb olur. Araşdırmalar zamanı 7-9 saat aralığında yatan şəxslərin 27%-də, 9 saatdan çox yatanların isə 49%-də depressiv əlamətlər müşahidə edilmişdir.
☑️Piylənmə və kökəlməyə yol açır. 8 saatdan çox yatan adamların daxili orqanlarının ətrafında piylənmə prosesi gedir.
☑️Şəkər riskini artırır. 8 saatdan çox yatan insanlarda gizli şəkər xəstəliyi və ya digər insanlara nisbətən şəkər riskinin 2 dəfə yüksək olduğu məlum olub.
☑️Hamilə qalmağı çətinləşdirir. Koreyada araşdırma mərkəzlərindən biri süni mayalanma üçün müraciət edən 650-dən çox qadının 9-11 saat yatdığını müəyyən edib.
☑️Erkən ölümə səbəb olur. 8 saatdan az, 10 saatdan çox yatmaq yatanların erkən ölmə ehtimalı yüksəkdir. 8 saatdan çox yatan insanlarda ölüm riski digərlərinə nisbətən 1,3 dəfə yüksəkdir.
İş günlərində 4-5 saat yatıb həftə sonu bütün günü yatıb istirahət etməklə yuxu rejiminizi təmin etdiyinizi düşünürsünüzsə, bunun yanlış addım olduğunu qeyd etməliyik.
Harvard Səhiyyə Məktəbi ilə Afina Universitetinin müəllimləri 6 ildən artıq müddətdə 26-86 yaş arasında olan 23681 nəfər üzərində təcrübə aparmışlar. Nəticədə müəyyən olunub ki, gündüzlər iş arasında qısamüddətli yatan adamlar, bizim dillə desək, “gözünün acısını alanlar” ürək xəstəliklərinə daha az tutulurlar. Belə adamlarda ürək xəstəlikləri gündüzlər yatmayan şəxslərə nisbətən 37% az müşahidə olunmuşdur. Alimlər belə hesab edirlər ki, qayğılar və narahatlıqlarla yüklənmiş gün ərzində qısal müddətli yuxu fasiləsi stress və yorğunluğu bədəndən çıxarmaq üçün əla vasitədir.
Sağlam bədən, sağlam ruh və sağlam beyinə sahib olmaq istəyiriksə, sağlam yuxu rejimini həyat tərzimizə çevirməliyik.
Müəllif: Marketinq və İctimaiyyətlə Əlaqələr şöbəsinin mütəxəssisi, psixoloq Leyla Əliyeva