23.11.2019 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş “Azad Ruhun Psixologiyası” adlı elmi-psixoloji konfrans keçirildi.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra söz Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi rəhbəri, direktoru, AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyevə verildi.
Bəxtiyar Əliyev konfrans iştirakçılarını salamlayıb konfransın işinə uğurlar diləməklə öz çıxışına başladı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2019-cu ilin “Nəsimi ili” elan edildiyini və bunun təsadüf olmadığını qeyd etdi. “Nəsimi özünün də qeyd etdiyi kimi tək Azərbaycana deyil, tək bu dünyaya deyil, ümumiyyətlə cahana sığmayan böyük bir mütəfəkkir, şair, filosof, alimdir. Hələ əsrlər keçəcək, yenə də Nəsimi irsi, onun yaradıcılığı öyrəniləcək, Nəsimini dərk etmək üçün hələ çox çalışmaq lazım gələcək. Çünki şair öz əsərlərində varlığın və yoxluğun nədən ibarət olduğunu araşdırmağa, insanın daim kamilləşməsinə, özünü dərk etməsinə sanki istiqamət verir” fikirlərini səsləndirdi.
Ardınca söz AMEA-nın Fəlsəfə İnstitutunun Sosiologiya şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Rəfiqə Əzimovaya verildi.
Rəfiqə xanım konfransda iştirakından dolayı məmnunluğunu bildirdi. Öz çıxışında Nəsimi poeziyasının fəlsəfi məsələlərinə toxundu, Nəsiminin “Mən” qəzəlindən beytlər səsləndirib hər kəsi öz “mən”ini dərk etməyə, qəzəlləri yalnız əzbər söyləmək yox, beytlərdəki mənaları duyaraq, hiss edərək söyləməyə səslədi. “Nəsiminin böyüklüyü bəşərilik ideyasıdır” fikrini səsləndirərək bu bəşəriliyin Qurani-Kərimdən başladığını qeyd etdi.
Sonra çıxış üçün söz Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi Psixologiya kafedrasının müdiri, psixologiya elmləri doktoru, professor Ramiz Əliyevə verildi.
Professor bu və bu kimi tədbirlərin əhəmiyyətini qeyd edərək çıxışını bu istiqamətdə davam etdirdi, öz çıxışında Nəsimini müasir dövrlə əlaqələndirdi.
Ardınca Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, filologiya elmləri doktoru Yaqub Babayev çıxış etdi, Nəsiminin edamı ilə bağlı verilmiş əmri səsləndirdi, Nəsiminin qəbrinin bir neçə yerdə olması ilə bağlı səsləndirilən fikirlərə aydınlıq gətirdi. Şairin müxtəlif qəzəllərini səsləndirib hər bir beytin sətiraltı mənalarını iştirakçılara çatdırdı. Filoloq Nəsiminin əxlaqı ilə, mədəniyyəti ilə, xarakteri ilə, yaradıcılığı ilə bizim müasirimiz olduğunu qeyd etdi.
Sonra Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov “Nəsimi və müasirlik” mövzusu ilə çıxış edərək, öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanvar ayının 11-də 2019-cu ilin “Nəsimi ili” elan edilməsi ilə bağlı sərəncam imzaladığını qeyd etdi, həmin sərəncama əsasən ölkəmizdə və ölkəmizdən kənarda böyük söz ustasının 650 illiyinə həsr olunmuş bir sıra tədbirlərin həyata keçirildiyini bildirdi. Elnur Rüstəmov “Nəsimi yaradıcılığı bu gün də aktualdır, inanıram ki, sabah da öz aktuallığını qoruyub saxlayacaq. Çünki Nəsimi yaradıcılığında qaldırılan problemlər heç vaxt köhnəlmir, burda insanın mənəvi, daxili dünyasından bəhs edilir, elə suallar qoyulur ki, biz hər zaman onlara cavab axtarırıq” – deyə öz çıxışına davam etdi. Sədr çıxışında həmçinin, Nəsimi yaradıcılığında şəxsiyyət anlayışına toxunub “Mən” konsepsiyası və onun izahına yer ayırdı, bu gün də müasir sosial psixologiyanın həmin məqamlara istinad etdiyini vurğuladı.
Konfransı Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru, psixologiya elmləri doktoru Elxan Bəylərov “Nəsimi poeziyasında psixoloji aspektlər: azad ruhun psixologiyası”, Azərbaycan Respublikası Təhsil İnstitutunun Psixologiya və Yaş Fiziologiyası şöbəsinin böyük elmi işçisi, muzterapevt Bahar Bəylərova-Ələkbərova “Nəsimi yaradıcılığında sözün, ritmin vəhdəti, ruhun pərvazı” mövzularında öz maraqlı çıxışları ilə davam etdirdilər.
Tədbirin aparıcısı və Psixologiya Elmi-Tədqiqat İnstitutunun Könüllü Fəaliyyət Qrupunun üzvlərinin ifasında Nəsiminin “Etməgil” və “Sığmazam” qəzəlləri səsləndirildi.
İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş “Azad Ruhun Psixologiyası” adlı elmi-psixoloji konfrans Sami Yusufun ifasında səsləndirilən “Sığmazam” qəzəlinin video-klipi ilə sona çatdı.
Sonda konfrans iştirakçıları tədbir haqqında xoş təəssüratlarını bizimlə bölüşdülər.
İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş “Azad Ruhun Psixologiyası” adlı elmi-psixoloji konfrans
“Doğru” hesab etdiyimiz “yanlış” düşüncələr: düşüncə xətaları
Uşaq Psixologiyası Kursumuzun dördüncü modulu