“Doğru” hesab etdiyimiz “yanlış” düşüncələr: düşüncə xətaları

  • Home
  • Xəbərlər
  • “Doğru” hesab etdiyimiz “yanlış” düşüncələr: düşüncə xətaları
74480499_580784232689081_455082399538085888_o

Bəzi mənfi düşüncələrin sizi yorduğunun fərqindəsinizmi? Əgər fərqindəsinizsə, o zaman bunun səbəbinin nə olduğu da sizi maraqlandırır. Gündəlik həyatımızda onlarla hadisə yaşanır, yeni insanlarla tanış olur və məqsədlərimiz üçün müəyyən işlərdə çalışırıq. Lakin heç də hər kəs o hadisələrə, insanların düşüncələrinə, eyni zamanda etdikləri iş zamanı öz potensialına müsbət yanaşma tərzi nümayiş etdirmir. Kiçik bir hadisədən böyük bir problem formalaşdırır, elə olmadığı halda insanlar tərəfindən sevilmədiyini düşünür və get-gedə bu düşüncələr içərisində itib-batır. Bu, bizim həyatımızı mənfi emosiyalara yönəldən, yoran və insanlarla ünsiyyətimizdə, işlərimizdə çətinlik yaradan düşüncə xətalarıdır.
Düşüncə xətaları hadisənin olduğundan fərqli qavranılması ilə əlaqədardır. Bununla bağlı ilk dəfə psixiatr Aaron.T.Beck araşdırmış, daha sonra isə onun tələbəsi David D.Burns bu araşdırmaları davam etdirmişdir. Burns “İn the Feeling Good Handbook” kitabında düşüncə xətaları və onların aradan qaldırılması yolları ilə əlaqədər qısa hikayələr yazmışdır.
Hər birimiz həyatımızın hər anında düşünürük və daima düşünəcəyik. Düşüncə xətası olmayan bir düşüncə tərzini də yalnışlıqla düşüncə xətası kimi qəbul etsək, o zaman bu növbəti bir xətamı olacaq? Məhz bunları fərqləndirmək üçün düşüncə xətalarını, onların özünü necə büruzə verdiyini araşdıraq. Düşüncə xətalarının çox forması olsa da, ən əsas müşahidə olunanlarla tanış olaq.
1. “Hər şey və ya heç nə” tərzində düşünmə. Bu düşüncə zamanı insan özü üçün ən mükəmməl seçdiyi şey olmadıqda bunu tamamilə bacarıqsızlıq kimi görür. Məsələn : “Əgər imtahandan ən yüksək balı ala bilməsəm, işəyaramaz bir insanam” və ya “Məni kimsə tənqid edirsə, deməli məni heç sevmir” və s.
2. Həddindən çox ümumiləşdirmə. Bu düşüncə xətasında şəxs baş verən kiçik bir problemdə “hər zaman, hər kəs, əsla” kimi ifadələrdən istifadə edir. Bu zaman baş vermiş tək hadisəyə əsasanaraq digər bütün hadisələr üçün də ümumiləşdirmə edir. Məsələn : “Bütün tərsliklər mənim başıma gəlir”, “Heç bir işi bacara bilmirəm”, “Heç kəs haqqımda yaxşı düşünmür” və s.
3. Zehni filtr. Bu zaman insan yaşanılan hər hansı vəziyyətdə yalnız bir detal üzərində düşünüb digər detalları göz ardı edir. Çox sayda düzgün seçim varkən bir yalnış seçimə fokuslanır. Məsələn : “Hər hansı çıxış zamanı hər kəs təqdimatı bəyənsə də, dəyər verdiyi insanın mənfi bir fikri üzərində daima düşünür və özünü pis hiss edir.
4. Emosional nəticə çıxarma. Bu düşüncə xətası zamanı insanlar mənfi bir duyğu yaşadıqları zaman hadisələri qiymətləndirərkən real olanı göz ardı edirlər. Məsələn: “Bir insandan xoşum gəlmədi, demək ki yaxşı bir insan deyil”, “Qorxuram, deməli təhlükəli bir vəziyyət var” və s.
5. Şəxsiləşdirmə və günahlandırma. Bu zaman şəxs ətrafında baş verən hadisələrin onunla heç bir əlaqəsi olmadığı halda öz üzərinə götürür və mənfi hallar olduqda özünü günahkar hesab edir. Məsələn : “O xoşbəxt deyilsə, mən səbəb oldum”, “Övladım yüksək bal almadı, deməli mən yaxşı ana deyiləm” və s.
6. “Olmalıdır” ifadələri. Bu düşüncə xətasında insan dəyişməz olan qərarlar ilə qiymətləndirmə edir və bunun əsasında müəyyən gözləntiləri olur. İnsanlar həm özləri, həm də ətrafındakı insanlar üçün müəyyən qaydalar qoyur və buna əməl olunmasını tələb edir. Bu qaydalar yerinə yetirilmədiyi halda baş verə biləcək mənfi hadisələri daha da böyüdərək düşünür. Məsələn : “İnsanlar məni hər zaman olduğum kimi qəbul etməlidirlər” , “Dostlar bir-birini danışmasalar belə anlamalıdır”, “Hər zaman güclü görünməliyəm” və s.
7. Böyütmə və ya kiçiltmə. Bu zaman şəxs baş vermiş hadisədə mənfi informasiyalara fokuslanaraq onu böyüdür, müsbət informasiyaları görməzdən gəlir. Eyni zamanda bəzən bir hadisədə yönəldiyi mənfi düşüncələr keçmişdəki mənfi informasiyalar və hadisələri də xatırladır. Məsələn, imtahanda bir tələbə bir fənndən az bal aldısa, yalnız onu düşünür və gözündə böyüdür. Digər imtahanlardan yüksək alsa da, onları önəmsəmir, asan fənnlər olduğunu düşünərək gözündə kiçildir.
8. Nəticələrə qaçma. Bu zaman insan gələcəkdə baş verəcək hadisə və ya insanların onun haqqında olan düşüncələri ilə bağlı fikirlər söyləyir. Problem odur ki, bu fikirlər reallıqda olub-olmaması məlum olmayan,sadəcə öz içimizdə,hisslərimizlə formalaşdırdığımız duyğulardır. Bu əvvəlcədən baş verəcək olanlara mənfi yüklənmə yarada, eyni zamanda insanlarla münasibətdə də çətinliklərə səbəb ola bilər.
9.Pozitiv düşüncəni göz ardı etmək. Mənfi fikirlərlə özümüzü yoraraq müsbət fikirləri özümüzdən uzaqlaşdırırıq. Kimsə iltifat edirsə, onun nə isə çıxarımın olduğunu və ya sadəcə özünü nəzakətli g0stərmək istədiyini insanlar var. Halbuki həmin tərif həqiqətən də şəxsin bacarığına görə edilmişdir.
10. Məsələyə yalnız öz mövqeyindən baxmaq. Əgər biz hər hansı məsələyə adekvat yanaşa bilməsək, yalnız öz anladığımız kimi münasibət göstərib, qarşı tərəfin fikirlərini nəzərə almasaq, o zaman düşüncə xətası yaşamış olacağıq. Çünki hər bir şəxsin öz duyğu,düşüncə,məsələyə baxma tərzi ola bilər. Bu düşüncə xətası empatiya ilə bağlıdır. Düzgün empatiya qurduqda bu düşüncə xətasından uzaqlaşa bilərik.

Müəllif: Aysel Əliyeva
Bakı Dövlət Universiteti
SABAH qrupları, Psixologiya ixtisası,
lll kurs tələbəsi.

Share to Odnoklassniki