EMOSİONAL İNTELLEKT UĞUR MƏNBƏYİ KİMİ

Instagram_psixologiya_institutu_74600024_263000901314289_1673705001263211094_n
Həyatda uğur qazanmaq hər kəsin istəyidir. Gündən-günə dəyişən dünyada öz duyğularını, eyni zamanda digər insanların duyğularını anlamaq, bu duyğuları idarə edərək onları nizamlamaq isə hər kəsin edə biləcəyi bir fəaliyyət deyil. Bildiyimiz kimi, insan zəkasının əsasını təşkil edən intellekt haqqında əsaslı və qəbul olunmuş bir nəzəriyyə yoxdur. Lakin buna baxmayaraq, intellektin müxtəlif modelləri irəli sürülmüş, araşdırmalar, təcrübələr aparılmışdır.
İntellekt dedikdə hər kəsin ağlına ilkin olaraq İQ , yəni məntiqi zəka göstəricimiz gəlir. Məntiqi zəka əlbəttə ki, biliklərin qazanılması və onların istifadəsi üçün çox önəmlidir. Lakin İQ-sü yüksək olub həyatda uğuru və xoşbəxtliyi tapmayan insanlar da var. Əgər İQ-sü yüksəkdirsə, bilikləri yaxşı qavrayırsa, belə bir sual meydana çıxır : O zaman niyə onlar uğurlu deyil? Cavabı isə çox sadədir. Çünki insanın həyatda uğur qazanması üçün yalnız məntiqi zəka kifayət etmir. Bunun üçün bizə emosional intellekt lazımdır.
Emosional intellekt emosiyalarımızı, eyni zamanda digər insanların emosiyalarını anlama, onları idarə edə bilmə qabiliyyətidir. Məhz emosional intellekt vasitəsilə emosiyalarımızı idarə edə bilə, stress, aqressivlik kimi mənfi emosiyalardan xilas ola, düşdüyümüz istənilən vəziyyətdə özümüzü situasiyaya adaptasiya edə bilərik.
Araşdırmalara görə məlum olur ki, emosional intellekt anlayışı ilk dəfə Peter Saloyevin işlərində öz əksini tapmışdır. O öz həmkarı John Mayer ilə birlikdə 1990-cı ildə emosional intellektlə bağlı ilk formal nəzəriyyənin əsasını qoydu. Burada emosional intellekt “gündəlik həyatımızda effektli bir şəkildə duyğuları tanıma, başa düşmə, istifadə etmə və tənzimləmə qabiliyyəti” kimi təsvir edilirdi. (Yale Center for Emotional İntelligence,2013) Onların bu işləri, yazdıqları kitablar, araşdırmalar və s. həm elm sahəsində, həm də cəmiyyətdə böyük marağa səbəb oldu.
Saloyev və Mayerin işlərindən sonra çox uzun müddət keçmədən digər psixoloqlar, tədqiqatçılar da bu mövzu üzərində işləməyə başladılar. Bu psixoloqlardan biri Daniel Goleman idi. O, 1995-ci ildə ən çox satılan Emosional İntellekt kitabını nəşr etdirdi.
Daniel Golemana görə, intellektin 5 əsas komponenti mövcuddur. Bunlar özünüdərk, özünütənzim, sosial bacarıqlar, empatiya və motivasiyadır.
1.Özünüdərk.
Özünüdərk insanın öz duyğularını tanıması, anlaması, eyni zamanda bu duyğuların digər insanlara necə təsir etdiyinin fərqində olması ilə əlaqəlidir. Özünü tanıyan, emosiyalarını, onların davranışlarla əlaqəsini bilən insan istənilən şəraitdə digər insanların da ona olan münasibətini anlaya bilir. Belə insanlar hər zaman öz sərhədlərini, imkanlarını bilir, insanların davranışlarından dərs çıxarma qabiliyyətinə də sahib olurlar. Özünüdərki inkişaf etdirmək üçün gündəlik yaşadığımız vəziyyətlərdə, stress və ya digər hallarda necə düşündüyümüzü, davranışlarımızı bir qeyd kimi yazmaqla və ya insanların davranışlarımıza verdiyi reaksiyanı müşahidə edərək özümüzə nəticə çıxara bilərik.
2. Özünütənzim.
Özünü və öz duyğularını tanımaq insana uğurlu olması üçün yetərli deyil. Eyni zamanda həmin duyğuları  tənzimləməyimiz və idarə etməyimiz mühümdür. Bu real emosiyalarımızı gizlətmək, fərqli formada göstərmək mənasına deyil, sadəcə həmin emosiyaları doğru zamanda, doğru formada ifadə etmək mənasına gəlir. Özünütənzimə sahib olan insanlar öz emosiyalarını situasiyaya uyğun idarə edə, olduqları mühitə tez adaptasiya ola bilirlər. Bu insanlarda vicdan hissinin də güclü olduğu vurğulanır. Öz davranışlarının başqalarına necə təsir etdiyi, bu təsirdəki məsuliyyət hissi onları daima düşündürür. Özünütənzimi inkişaf etdirmək üçün səhv etmişiksə, bunun məsuliyyətini ala və insanlarla həmin vəziyyətdə daha anlayışlı olmağa səy göstərə, nəfəs texnikalarından istifadə edə bilərik.
3. Sosial bacarıqlar.
Sosial bacarıqlara digər insanlarla xoş ünsiyyət, onlarla ortaq cəhətlər tapa bilmə qabiliyyəti, digər insanlara liderlik etmək, problemli situasiyalarda konflikti sonlandıra bilmə bacarıqları və s. aiddir. İnsanlar sosial bacarıqlar nəticəsində əlaqələrini genişləndirə, insanlarla münasibətlərini hörmət, anlayış içərisində davam etdirə bilər. Sosial bacarıqları inkişaf etdirmək üçün insanlarla empatiya qabiliyyətlərini inkişaf etdirmək, mənfi əlaqələr mövcuddursa, bunun səbəbini araşdıraraq, bədən dili və nitqimizdə müəyyən dəyişikliklər etmək, motivasiyaverici və maraqlanaraq danışmaq, əgər lideriksə, işçilərlə məqsədimizin bir olduğunu göstərmək üçün bərabər çalışmaq və s. kimi fəaliyyətlər edə bilərik.
4. Empatiya.
Empatiya başqalarının necə hiss etdiyini, eyni zamanda müəyyən vəziyyətlərdə necə reaksiya verəcəyini anlama qabiliyyətidir. Empatiyaya sahib olmaq üçün insan ilk öncə öz-fərqindəliyə sahib olmalıdır. Çünki öz hiss və duyğularını anlamayan insan başqa insanları da düzgün anlaya bilməz. Özünü, öz duyğularını anlayıb, hansı vəziyyətdə necə və niyə reaksiya göstərdiyinizi başa düşdüyünüz zaman, digər insanlar sizdən fərqli olsa da, onları anlaya biləcəksiniz. Empatiyanı inkişaf etdirmək üçün özümüzü başqalarının olduğu vəziyyətdə hiss edə bilərik. Hətta elə bir vəziyyəti yaşamamışıqsa belə, həmin insanın yaşadığı duyğuları yaşadığımız başqa bir vəziyyətdə necə hiss etdiyimizi xatırlaya bilərik. Önyargıdan uzaq olmalıyıq ki, insanları daha düzgün tanıya və anlaya bilək. Məsələn, ilk baxışda soyuq və ya ünsiyyətə meyilli olmayan biri kimi görünən insanlar əslində ünsiyyət prosesi yaratsanız, canayaxın və xoş ünsiyyətli ola bilər.
5. Motivasiya. Emosional intellektə sahib insanlarda əsasən daxili motivasiya üstünlük təşkil edir. Daxili motivasiya öz məqsədlərinə, hədəflərinə çatma istəyi, sağlam olmaq və s. kimi daxili tələbatlarla əlaqəlidir. Bu insanlar xarici motivasiyaya meyilli olmurlar. Məsələn ,varlı olmaq, tanınmaq, bəyənilmək xarici motivasiyalara aiddir. Belə insanlar daxili motivasiyaya təkan verən şeyləri tapır, öyrənir, hədəflərinə çatmaq üçün daima çalışırlar. Qərarlılıq və təşəbbüskarlılıq da bu insanlara xas xüsusiyyətlərdir. Motivasiyamızı artırmaq üçün müəyyən işə başlarkən hansı məqsədə yönəldiyimizi xatırlaya, əgər bir məqsədimiz yox idisə, yeni hədəflər qoyaraq həvəslə davam edə bilərik. İstənilən maneədə müsbət düşüncədə qalmağı bacarmalıyıq və digər insanlara motivasiya vermək üçün onlarla bərabər çalışmaq, onlara özlərini daha dəyərli hiss etdirmək olar.
Hal-hazırki dövrdə də emosional intellektlə bağlı tədqiqatlar aparılır. Düşünürəm ki, həm İQ, həm də EQ həyatımızda bir-birini tamamlayan iki əsasdır. Çünki savadlı və dünyagörüşlü olmaq hər dövrün tələbidir, lakin qazandığımız bilikləri daha faydalı istifadə etməsək, insanlarla münasibətlərimizin təbiiliyini itirsək, o biliklər də yox olar. Emosional intellekt uğur mənbəyidir, o mənbəyi qorumaq və inkişaf etdirmək isə bizə bağlıdır.
Müəllif: Aysel Əliyeva
Bakı Dövlət Universiteti
SABAH qrupları, Psixologiya ixtisası,
 lll kurs tələbəsi,
ll Könüllü Fəaliyyət Qrupunun üzvü

 

Share to Odnoklassniki