POSTTRAVMATİK STRESS POZUNTUSU

Без названия

İfrat qorxu , çarəsizlik yaradan qəfildən baş verən hadisələrin insanda yaratdığı təsirlərə psixoloji travma deyilir. İnsan həyatında xoşagəlməyən, bizi incidən çox hadisələr olur lakin bunların hamısını psixoloji travma hesab etmək olmaz.
Bir hadisənin psixoloji travma adlandıra bilməyimiz üçün o hadisə mütləq qorxulu, dəhşətli olmalıdır və həmin baş verən hadisədə özümüz və ya yaxınlarımızın ölüm təhlükəsi yaşamış olmalıdır. Daha aydın olması üçün izah edim ki, bir doğmamızın anidən avtomobil qəzasında vəfat etməsi, uzun müddət xəstə olduqdan sonra vəfat etməsindən daha travmatik hadisədir.

Yol-nəqliyyat qəzaları, yanğın, qasırğa, daşqın, zəlzələ, sel, oğurluq, soyuq və ya odlu silahlardan istifadə edilməsi ilə bağlı real təhlükə, hərbi əməliyyatlar, atəş altında qalma, bombalanma, aktiv hərbi toqquşmalar, qaçqın düşmək və məcburi köçmə halları, seksual xarakterli əməllər , zorlama, yaxud zorlamaya cəhd ciddi travmatik hadisələr hesab olunur. Bu travmalardan sonra insanlarda ən çox rast gəlinən 2 xəstəlik isə depressiya və posttravmatik stress pozuntusudur.

Təkrar canlandırma: Şəxs başına gələn hadisəni tez-tez özündən asılı olmadan ilk gün yaşadığı kimi təkrar canlandırır. Buna “fləşbək” deyilir. Məsələn müharibə iştirakçısı olan şəxs sanki yenidən ordaymış kimi müharibə səhnələrini beynində canlandırır. Bəzən bunu o qədər real canlandırırlar ki, orda yaşadığı həyəcanı, ürəkdöyünməni təkrar hiss edir hətta ordakı insanlarla belə xəyalən danışa bilərlər. Bu hallar yuxugörmə zamanı da baş verə bilər.

Bəzən bu stressi yaşayan insanlar hadisələrin olduğu yerlərdən qaçır, həmin ərazidən, şəhərdən uzaq durmağa, həmin travmatik mövzu haqqında ümumiyyətlə danışmamağa çalışırlar. Bir çox hallarda hadisənin ən qorxulu yerlərini aylar, illər sonar nə qədər çalışsalar da xatırlaya bilmirlər. Belə stressləri keçirən şəxslərdə daim gərginlik üstünlük təşkil edir. Onlar elə bilirlər ki, həmin qorxduqları hadisə hər an təkrar baş verə bilər. Ani qapı açılması, kiminsə onları qəfil çağırması, telefon zəngləri onları diksindirə və şiddətli qorxu keçirməsinə səbəb ola bilər.

Bir çox hallarda depressiya ilə birlikdə rast gəlinən bu xəstəlik zamanı antidepressant istifadə edilməsi əla nəticələr verir. Müalicənin effektli olması üçün həkimin təyin etdiyi doza və müddətə əməl etmək lazımdır. Ən az dərman qədər effektli ola biləcək digər metod pasiyenti psixi maarifləndirmək və psixoterapiyadır.

Fəxriyyə Kazımi

ENM Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

Share to Odnoklassniki