Neyroanatomiyada beyində bir – biri ilə rəqabət halında olan sistemlər dedikdə niyəsə həmişə məntiqlə emosionallıq misal olaraq göstərilir. Hətta qadınlarda və kişilərdə hansının güclü olduğunu göstərmək üçün mübahisələrə girilir. Bu haqda çox danışıldığından mən bu məqaləmdə bu mövzuya toxunmayacam. Niyyətim məqalə boyunca beynimizin başdan – başa rəqiblər kompleksindən ibarət olduğunu gözlər önünə sərməkdi. Bununla bağlı ilk bariz örnək hamımıza yaxşı məlum olan beyin yarımkürələri ilə bağlıdır. Yarımkürələr ” korpus kallosum ” adlanan sinir lifləri ilə bir – birinə bağlanmışdır. Bu sinir liflərinin rolu ilə bağlı uzun müddət sabit fikir olmuşdu. Beləki, 1950- ci ilə qədər kimdənsə bu sinir liflərinin funksiyasını soruşsaydınız sizə deyəcəkdi ki, iki beyin yarımkürəsi arasında rabitə rolunu oynayır. Amma Roger Sperry və Ronald Meyers adlı iki neyrobioloq etdikləri bir əməliyyatla hər kəsi ağzı açıq buraxdılar. Bu iki alim meymunların və pişiklərin korpus kallosumlarını kəsdilər. Bilirsiniz nə oldu? Heç bir şey olmadı. Heyvanlar, tamamilə normal davrandılar, sanki bu sinir liflərinin heç bir önəmi yoxdur. Bu təcrübədən sonra split brain adı verilən əməliyyatlar aparılmağa başladı. 1961- ci ildən etibarən epilepsiya xəstələrinin beyin yarımkürələrini bir – birinə bağlayan bu sinir liflərini əməliyyat vasitəsilə kəsməyə başladılar. Çünki tutmanın bir yarımkürədən digərinə keçməsini əngəlləyən bu əməliyyat epileptiklərin son ümidi idi. Bu əməliyyatdan sonra onlar tamamilə normal bir həyat sürürlər. Baxmayaraq ki, beyinlərinin yarısı digər yarısından ayrılmışdı, amma yenə də nəyisə xatırlaya öyrənə, sevə, gülümsəyə, rəqs edə bilə və əylənə bilirdilər. Amma çox qəribə də bir şey olurdu. Öyrənmə prosesində bir yarımkürə nəyisə öyrənsə də, digəri bundan hələ də xəbərsiz olaraq qalırdı. Və ən əsası, bu insanlar eyni anda iki fərqli işi görə bilirdilər. Bu normal bir beyinin əsla izn verməyəcəyi bir şeydi. Beyin yarımkürələri bir – birindən ayrılmış insanlar eyni anda hər iki əlləri ilə müxtəlif yazıları yaza bilir, müxtəlif şəkilləri çəkə bilirlər. Bilirik ki, sağ əlimiz sol beyin yarımkürəmizdən, sol əlimiz isə sağ beyin yarımkürəmizdən əmr alır. Beyin yarımkürələri bir – biri ilə əlaqədar olan insanlar sağ əlləri ilə üçbucaq çəkərkən, sol əlləri ilə də kvadrat çəkə bilməzlər. Amma split – brain əməliyyatından keçmiş insanlar bunu asanlıqla edirlər. Çünki onların beyin yarımkürələri bir birindən asılı olmadan öz həyatlarını yaşayırlar. Beyin yarımkürələri hər biri eyni problemi həll edən, amma həll yolları bir az fərqli olan iki rəqib komanda kimidir. Bu kəşfinə görə Roger Sperry Nobel mükafatı almışdır. Məsələ burasındadır ki, beyin yarımkürələrini iki fərqli siyasi partiya kimi düşünmək lazımdır. Eyni məsələ üzərində baş sındırmalarına baxmayaraq həll yollarını müxtəlif istiqamətlərdə görürlər. Əgər bu partiyalardan biri süquta uğrayıb dağılsa bir şey dəyişməyəcək. Ölkənin işləri yenə öz axını ilə gedəcək. Sadəcə ölkəni idarə etmək üçün istifadə olunan üsullar fərqli olacaq. Eyni şey beyin yarımkürələri üçün də keçərlidir. Bir yarımkürəni əməliyyatla kəsib götürsələr belə digər yarımkürə bütün işləri öz öhdəliyinə götürərək bizi vəziyyətdən çıxara biləcək. Rasmussen ensefalitindən qaynaqlanan epilepsiya xəstəliyinin müalicəsində istifadə olunan bu əməliyyat 8 yaşına qədər olan uşaqların üstündə aparılır. Və uşaq həyatının geri qalan hissəsini normal şəkildə yaşayır. Bu əməliyyata hemisferektomi adı verilib və kifayət qədər uğurlu üsuldur. Çünki beyin yarımkürələri anatomik cəhətdən demək olar ki, eynidir. Beyinin rəqiblər sistemi bununla da bitmir. Yaddaş bizim həyatımızın özəyini təşkil edir. Günlük yaşantılarımız hipokampus və temporal lob adlanan beyin bölgələrində toplanarkən, travma xarakterli xatirələrimiz amiqdalada toplanır. Postravmatik Stress Pozuntularında flashback kimi ani göz önünə gələn acı xatirələr məhz amiqdalada toplanır. Amiqdalada toplanan xatirələri silmək və unutmaq çətindir. Təcavüz qurbanlarının və müharibə iştirakçılarında olduğu kimi flash kimi yanıb – sönən anılar amigdalanın işidir. Göründüyü kimi 19- cu əsrdə hökm sürən frenoloji ideyası tamamilə iflasa uğrayıb. Çünki biz indi bilirik ki, beyində frenolojinin iddia etdiyi kimi bir işdən bir bölgə məsuliyyət daşımır. Əksinə, bir işi bir çox beyin bölgəsi fərqli üsullarla yerinə yetirir. Çünki biologiya tək bir həll yolu ilə nadirən kifayətlənir. Əksərən, təbiət yeni üsullar icad etməyə çalışır. Çünki təbiətin laboratoriyasındakı işlər bizim laboratoriyalardakı kimi getmir. Süni intellekt hazırlamağa çalışan alim məsələn, enerji qaynağı problemini həll etdikdən sonra növbəti mərhələyə keçir. Amma canlılarda milyonlarla mutasiyalar olduğu üçün təbiət yeni varyasiyalar icad edərək problemi yaradıcı bir şəkildə həll edir. Eyni iş üzərində daima çalışdığından daha təkmil sistemlər yaranır.
Beynimizdəki eyni işdən məsuliyyət daşıyan müxtəlif bölgələr təkamül nəticəsində müəyyən ardıcıllıqla yaranmış və hər biri özündən əvvəlkindən daha üstündür. Amerikada aparılan bir təcrübə nəticəsində məlum olmuşdur ki, Alzheimer xəstəliyi olan bir çox insanlar həyatları boyu bunun fərqinə varmırlar. Bu insanlar intellektual işlərlə məşğul olduqları üçün xəstəlik nəticəsində beyinlərinin bir hissəsi məhv olsa belə digər hissələr məhv olan hüceyrələrin işini öz öhdəsinə götürüb. Buna neyropsixologiyada koqnitiv rezerv deyilir. Çantasında bir çox alət olan usta çəkicini itirsə belə digər alətlərdən çəkic kimi istifadə edə bilər. Məsələn mismarı baltanın küt tərəfi ilə də vurmaq mümkündür. Beyin də eynən bu şəkildə işləyir. Birincili görmə korteksinin bir hissəsi zədələnən zaman insan görmə sahəsinin bir qismini itirmiş olur. Məsələn gözünün ancaq sağ tərəfində olanları görən bir xəstəni götürək. Onun gözünün sol tərəfində bir üçbucaq tutub əlimizdə hansı fiquru tutduğumuzu soruşaq. O görə bilmədiyini desə də, onu bezdirənə qədər əlimizdə nə olduğunu təxmin etməsini istəyək. O ən sonunda bezib ağlına gələn ilk təxmini edəcək. ” Üçbucaq görürəm “. Bəli, bəli düz tapacaq. Çünki gözü görməsə belə gözünün qarşısında duran obyekt subkortikal zonanı qıcıqlandırıcaq. Kor görüşü adlanan bu hadisə görmə qabiliyyəti itsə belə korteks altı bölgələrin işi səhnə arxasından aparmalarını sübut edir. Bu neyroanatomik cəhətdən heç də təəccüblü deyil. Çünki ilanlar da korteksə sahib olmasalar da görürlər. Düzdür bizim qədər yaxşı görmürlər, amma görürlər. Bütün bunlardan çıxan nəticəni Marvin Minskynin sözləri ilə ifadə etmək istəyərdim. ” Biz bir bütün olaraq əslində xırda çoxluqların toplamıyıq. Bu xırda çoxluqlar bir – birinə zidd olan, rəqabət aparan və bəzən bir – birilərinin işinə kömək edən hissələrdi.” Hansı ki, kəllə qutumuzun içərisində, qaranlıq otağında gizlənən kainatın kəşf edilmiş ən möhtəşəm nəsnəsini əmələ gətirir.
Fuad Əsədov
Psixoloq