İntihar nədir? İntihar insanın acizliyidir. İntihar insanın özünün dərd-qəm içində olduğu bir vaxtda duyğularına təslim olduğu bir qaçış yoludur. Təbii ki, insan hər gün özünü yüksək emosiyada hiss edə bilməz. İnsan hər yeni gün yeni bir şey öyrənir, görür, eşidir, bu ona pozitiv və ya neqativ təsir bəxş edir. Heç kəs deyə bilməz ki, nəsə pis bir hadisə onun hisslərinə mənfi tərzdə toxunmur. Təsir edir, hətta onun həmin günkü enerjisini düşürdür, asanlıqla müsbət əhval-ruhiyyə ilə günə başlamış şəxsin emosiyasını mənfiyə çevirə bilir. Bəs intihar halları necə olur? İntiharı düşünən insan özü o neqativ hadisələrin obrazına çevirilir. Bir insan bəzən elə bir hadisə yaşayır ki, özünü çıxılmaz vəziyyətdə hiss edir, doğru qərarlar verə bilmir, özünü qaranlıq bir otağın içində dustaq olmuş hissə qapılır, heç bir çıxış yolu olmadığını düşünür. Bu zaman o psixoloji düşüncələr onu günü-gündən əridir və belə bir yalnış qərar verir. Bəli, intihar tamamilə səhv addımdır. Ən başlıcası günahdır, Allah-Təalanın verdiyi cana qıymağa heç bir bəndə cəsarət etməməlidir. Lakin intihar halları getdikcə artır. İnsanlar həyatın onlara yüklədiyi çətinliklərə tab gətirmək, mübarizə aparmaq əvəzinə, bu seçimi edirlər.
Fransız filosofu Emil Dürkheym “İntihar” adlı əsərində intiharın səbəblərini açıqlamışdı və o, psixoloji faktorlara əsaslanaraq onu sosial həyatla əlaqələndirmişdir. Haqlı olaraq, Dürkheym intiharı eqoistik, altruistik, anomik, fatalistik kimi kateqoriyalara bölmüşdür. Onun araşdırması intiharın səbəblərinə aydınlıq gətirir. Həqiqətən də, intiharda eqoisizm vardır. İlk çətinlikdə özünü depressiyaya vuran, həyata üsyan edən və nəhayət bu üsyanlar çoxaldıqca intihara sürüklənən çox insan var. Axı niyə? Səbəb nədir? Çox vaxt səbəb kimi şəxsin mənəvi duyğulara məğlubiyyəti göstərilir: “Sevdiyim insan məni tərk edir və ya sevmir, başqasını sevir”. Əslində bu məsələdə qəliz heç nə yoxdur. Sizi sevmirsə, demək sizin taleh yolunuz onunla bağlı deyil. Bu qədər bəsitdir. Unutmayın, sizi sevən yanınızda olar, sizi arxada gözü yaşlı qoyub getməz. siz intihar edib dünyadan getsəniz, onda o şəxs sizi sevəcəkmi? Əlbəttə, xeyr. Bunun nə sizə, nə də ona faydası var. Əksinə, qarşınızdakı şəxsə günah yükü qoyacaqsınız, onu vicdan əzabına məhkum edəcəksiniz. Həm özünüzü, həm də o insanı məhv etmiş olarsınız. Məgər sevgi budur? Bu əsasda Hötenin “Gənc Verterin iztirabları” əsərindən bir-iki kəlimə söhbət açmaq yerinə düşər. Həmin romanda Verter adlı gənc özünü sevgi qurbanı edir, yalnış sevgiyə tutulur və özünü bu caynaqdan çıxarda bilmir, nəticəsi isə acınacaqlı olur. Yəni ilk olaraq, sevərkən sevdiyiniz insanı məntiqlə seçin, özünüzə doğru olacaq şəxsi əvvəlcədən beyninizdə canlandırın, daha sonra o şəxs qarşınıza çıxdıqda onu qəlbinizə alın. Sizə uyğun olmayan insanla sırf sevgi məcərası yaşayasınız deyə həyatınıza almayın, hər gələnə könül qapınızı açmayın. Yadda saxlayın, bu həyatda heç kim amma heç kim əvəzedilməz deyil.
“Ailəmdəki problemlər məni bezdirir, dözə bilmirəm” – bu da bir digər intihar səbəbi. Unutmayaq ki, heç kim rahat güzəran, gül-çiçək içində yaşamır, heç kim əziyyəti dadmadan nəsə əldə etmir. Tutaq ki, siz intihar edib həyatdan köçdünüz ailədəki problemlər həll olacaqmı? Xeyr. Belə deyə bilərəm ki, çətinliklər olmasa, önümüzə manelər çıxmasa bu həyatın heç bir dadı qalmaz. Yəni nəsə istədiyimiz bir şey uğrunda mübarizə aparmasaq, həyatımızda hər şey su kimi öz axarında getsə, onda da həyatı monoton adlandıracayıq. Yəqin ki, hamının ətrafında elə insanlar var ki, həyatdan nazarı olur, sıxıcı görürlər. Əslində həyat monoton deyil, sadəcə onu görməyi bacarmaq lazımdır, onu kəşf etməyi bacarmaq lazımdır. Bir də bu cür düşünək: Siz həyatınızdan məmnun deyilsiniz, ancaq sizin bəyənmədiyiniz o həyatı arzulayanlar var bu dünyada, sizin yerinizdə olmaq istəyən necə-necə insan var bu həyatda. Belə deyim ki, həyatımızı əslində özümüz mənasız edirik, bir növ nankorluq edirik.
Nəticə etibarilə, intiharı edən insanlar bunları çarəsizlik kimi görür, insanın qarşılıqsız sevgisi çarəsizlik deyil, həyatında müvəqqəti çətinlik yaşamaq çarəsizlik deyil, nə vaxtsa düzələcəyini biləcəyin bir şey çarəsizlik deyil! Buraxın artıq özünüzü bu cür boş şeylər üçün həyatın dərin quyularına atmağı, dərd ocağına salmağı, intihar kimi məntiqsiz bir işə əl atmağı. Xəstə yatağına bağlı olan əksər insan həyata doymaq istəyir, o çarəsiz deyilmi, sizcə? Məgər çarəsizliyi yaşayan o insanın ümidləri qədər sizdə həyata qarşı ümid yoxdurmu? O insanda yaşamaq əzmi, həyat sevgisi var, özünü sevir, əzizlərini sevir, hər halına şükür etməyi bilir. İndisə özünüzə baxın sağ-salamatsınız, nəfəs alırsınız, sadəcə həyatınızda nəsə yolunda getmir, çətinlik çəkirsiniz. Bu intihar səbəbi deyil axı! Siz həyatı tərk etsəniz, o çəkdiyiniz dərdin dərmanını tapacaqsınızmı? Nəsə dəyişəcək? Xeyr, siz həyatdan getsəniz, hər şey eynilə axarındakı kimi davam edəcək, amma sizi hər gün yad edən əzizlərinizin qəlbi ağrayacaq. Özünüzə sual verin: “Sevdiklərimə belə dağ boyda dərdi yaşatmağa, ana-atama övlad sancısı çəkdirməyə, bacı-qardaşımı mənsiz qoymağa dəyərmi?” Dəyməz elə deyilmi? Həqiqətən də dəyməz. İnanın, bu hərəkət Rəbbinə qarşı gəlməyə, bu bağışlanmaz günahı etməyə dəyməz. Açın gözlərinizi, həyata baxın, buraxın dünyəvi dərdləri, hər nədisə vaxtı çatanda əlbəttə düzələcək. Düzəlmirsə, demək ki, sizin üçün xeyirlisi deyil, həmişə özünüz üçün xeyirlisini istəyin. Sizə ziyan verəcək şeyi arzulamayın. Mənim tək məsləhətim bu ola bilər sizə.
Bu yazılardan belə nəticə əldə etmək olar ki, intihar edən insanlar daşıdıqları canın əslində kimə aid olduğunu unudurlar. Əllərini səmaya açıb çəkdiyi mənəvi iztirablardan xilas olamağı istəmək və ya bunun üçün psixoloji dəstək almaq yerinə özlərinə bu yolu layiq bilirlər. Unutmayın, əgər bu dünyada mövcudsanız, bunun bir səbəbi vardır. Çünki heç bir şey səbəbsiz yaranmayıb, əlbəttə ki, sizin də bu həyatda bir rolunuz var. O rolunuzu tapın. Həyat ssenaridisə, siz o filmin personajlarısınız. Ancaq bir obraz kimi filmin rejissoru da sizsiniz. Qərarlar sizə aiddir, pis və ya yaxşı işlər etmək sizə aiddir. Allaha yaxın və ya uzaq olmaq, ona qarşı günah etmək yenə də sizə aiddir. Axı bu yaşam sizə yaşamağınız üçün verilib, özünüzə qəsd etməyiniz üçün yox, həyatı özünüzə zindan etməyiniz üçün yox. Həyata məntiqsiz yanaşmayın. Hər kim özünü o qaranlığa düşmüş hiss edərsə, Yaradanın yaratdıqları, ona nəsib etdiyi gözəllikləri görməyə çalışsın, üsyan yox, intihar yox, həyata eşq elan etsin, şükür etsin. Canımız bizə verilən əmanətdir, əmanətə xəyanətlə cavab verməyək! Həyatımızın qəhrəmanı olaq, qatili olmayaq! Canımızın qəsdinə durmayaq!
Gülnar Nəzərova