“Adam intihar etdiyi halda deyirlər, yatıb-durmadı”

  • Home
  • Müsahibə
  • “Adam intihar etdiyi halda deyirlər, yatıb-durmadı”
IMG_6697

2017-ci ilin arxada qoyduğumuz iki həftəsi ərzində  ölkədə intihar edənlərin statistikası məlum olub. Belə ki, ayın birinci yarısında 19 nəfər intihar edib, 6 nəfər isə intihara cəhd etsə də, həyatı xilas edilib.

Bu ilin ilk intihar hadisəsi Hacıqabulda yeni il axşamı qeydə alınıb. Hadisə rayonun Nəvahi stansiyası adlanan ərazidəki restoranlardan birinin yaxınlığında baş verib. 1979-cu il təvəllüdlü yerli sakin Nüsrət Ramiz oğlu Baxşıyevin meyiti asılmış vəziyyətdə aşkarlanıb. Ümumiyyətlə, intihar daha çox bölgələrdə baş verib və əsasən də gənclər arasında geniş yayılıb.

Cəlilabadda 19 yaşlı Tünzalə Əliyeva, Neftçalada 18 yaşlı Coşqun Bəşirov, Şəki şəhər sakini 1996-ci təvəllüdlü Murad Əliyev, Şəmkridə 1977-ci il təvəllüdlü Maisə Musayeva, Qubada 1974-cü il təvəllüdlü Eldar Eldarov, Biləsuvarda 1985-ci il təvəllüdlü  Elşən Nəciyev  müxtəlif üsullarla intihar edib.

Həmçinin  bir neçə gün əvvəl  Azərbaycan Dövlət Pedoqoji Universitetinin Coğrafiya fakültəsinin 4-cü kurs tələbəsi Lerik rayon sakini, 1995-ci il təvəllüdlü Cahangirov Məlik Nizaməddin oğlu bulvar ərazisində özünü dənizə ataraq, Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Mustafazadə Rəşad Əlixan oğlu isə “Ulduz” stansiyasına daxil olarkən özünü qatarın altına ataraq intihar edib.

Son zamanlar artan intihar hadisələri ilə bağlı Minval.info saytına danışan psixoloq Elnur Rüstəmov deyib ki, insanların bu həddə çatmasının bir çox səbəbləri var: “İntihar özü sosial-psixoloji problemdir. Bu, təkcə  insan faktoru deyil, həm də bioloji hadisədir. Bizi narahat edən əsas məsələ isə intihar hallarının son zamanlar daha da artamasıdır. Siz intihar edən qruplara baxsanız, burada yaşlı da, cavan da, kasıb da, varlı da, problemi olan da var, olmayan da…  Məsələ burasındadır ki, biz informasiya əsrində yaşayırıq. Bu gün beynimiz həddindən artıq ifrat informasiya ilə yüklənir.  Bu informasiyalar da beynimizdə mövcud olan hər hansı bir problemin dərinləşməsinə gətirib çıxarır. Bu da insanlar arasında bir çox psixoloji problemlərin yaranmasına səbəb ola bilir. Nəticədə insanların beynində intihar fikirlərinə yol açır.  Bəzən insanlar intiharı imitasiya edirlər. O qədər bu haqda xəbərlər oxuyurlar və eşidirlər ki, intihar artıq insanlar üçün adiləşmiş olur.  Bütün insanlar informasiyanı eyni qaydada qəbul edə bilmirlər. Hərənin psixologiyasına bir cür təsir edir. Ona görə də intihar hadisəsi çox zaman bəzi ölkələrdə ictimaiyyətə qapalı olur. Hətta bizim cəmiyyətdə də bəzi ailələrdə intihar halları olanda gizlədirlər. Məsələn, adam intihar etdiyi halda deyirlər, yatıb-durmadı”.

“Bunun səbəblərindən biri də maddi sıxıntılardır”

Elnur Rüstəmov intihar hallarında insanların maddi sıxıntılarının da böyük rol oynadığını vurğulayıb: “Bu gün insanların intiharının ən böyük səbəblərindən biri də onların bir-birinə biganəliyi, onların bir-birindən uzaqlaşmasıdır. Bunun səbəblərindən biri də maddi sıxıntılardır. Hər kəsin öz şəxsi qayğıları var. Biz urbanizasiyada, şəhər mühitində yaşayırıq, insanların tələbatı da çoxdur. Hər kəs öz qayğıları ilə məşğuldur. İnsan öz qayğıları ilə baş-başa qaldıqda digər insanlarla da olan mənəvi bağlantıları qopur.  Düşünürəm, bu,  zaman-zaman tənzimlənəcək. Bu gün həsədlə baxdığımız Amerika da,  Avropa da nə vaxtsa bu mərhələni keçib. Məsələn, 19-cu əsrin əvvəllərində Avropada, ABŞ-da kütləvi intihar hadisələri artmağa başlamışdı. Hətta o vaxt Nyu-York ştatında bununla bağlı qanun da qəbul edilmişdi ki, intihar edənlər  cinayət məsuliyyətinə cəlb olunsunlar”.

“Biri də yazmayıb ki, sənin üçün yaşayaram”

Psixoloq onu da qeyd etdi ki, ölkədə intihar hallarının qarşısını almaq üçün maarifləndirmə aparılmalıdır və cəmiyyətdə psixoloqlara inam formalaşmalıdır: “Bizdə də çox yaxşı olardı ki, belə halların qarşısını almaq üçün,  pessimist düşüncələrdən  uzaqlaşmaq üçün maarifləndirmə işləri aparılardı. Siz bizim şifahi xalq ədəbiyyatına, yazılı ədəbiyyata baxsanız, görərsiniz ki, əsərlərimiz “ölərəm sənə”, “yaşamaram sənin üçün” kimi fikirlərlə doludur. Hamısı ölüm üzərinə qurulub. Biri də yazmayıb ki, sənin üçün yaşayaram. Bütün pessimist düşüncələrimiz hamısı daha qədim zamanlardan gəlir. Bütün bu düşüncələr hamısı yenilənməlidir, insan mücadilə aparmalıdır, yaşamalıdır. Kimin problemi yoxdur ki? Düşünən insanın  problemi olmalıdır.

Bilirsiniz, cəmiyyətdə psixoloqlara da münasibət birmənalıdır. Məktəblərdə ciddi mənada psixoloq çatışmazlığı var. Həmçinin, bəzən ailələrdə tərbiyə metodu düzgün qurulmur. Gərək, insanlar özləri də yeniliyə, inkişafa maraqlı olsunlar. Bir elmi məqalə yazılır, onu cəmi beş, hansısa bayağı bir müğənnini isə neçə min insan oxuyur. Və yaxşı olardı ki, cəmiyyətdə maariflənmə, bu yöndə təbliğat işləri aparılsın. Bizim mənəvi dəyərlərimiz təbliğ olunmalıdır”.

Leyla Əfqan

http://minval.info/psixoloq-adam-intihar-etdiyi-halda-deyirl-r-yatib-durmadi/3173

Share to Odnoklassniki