Payız fəsli gələr-gəlməz ətrafımızdakı insanların bəzilərində əhval-ruhiyyə düşkünlüyü,apatiya,halsızlıq,əzginlik hiss edirik.Bu cür əhval-ruhiyyə dəyişkənliyi mövsümi depressiyanın bir növü olan “Payız depressiyası”na çevrilə bilər.
Alimlərin araşdırmasına görə Payız depressiyasının səbəbi kimi əsasən tutqun,yağışlı hava göstərilir.Əgər payızın gəlişi ilə sizdə darıxdırıcı əhval-ruhiyyə hiss olunursa, deməlii adı çəkilən mövsümi depressiyaya düşmək ehtimalınız var.Və bunun qarşısını almaq üçün müəyyən qabaqlayıcı tədbirlər görmək lazımdır.Payız depressiyası yaşayan insan neqativ hiss və emosiyaların təsiri ilə öz davranış və hisslərini çətinliklə idarə edir.
Payız depressiyasının simptomları əsasən aşağıdakılardır:
-Günahkarlıq hissi;
-darıxma hissi;
-qorxu;
-həddindən artıq yorğunluq hissi;
-yüksək emosionallıq;
-yuxu pozuntuları;
-əhval-ruhiyyənin qəflətən dəyişməsi;
-kalorili qidalara meyl;
Payız depressiyasını necə uzaqlaşdıra bilərik?
İlk növbədə qidalanmamıza fikir verməliyik.
Qida rasionumuzda daha çox mövsümi meyvə və tərəvəzlərə üstünlük verməli,həmçinin Serotonin hormonunun yaranmasına kömək edən qidalardan-banan,sitrus meyvələr və zülalla zəngin qidalar-ət və süd məhsullarının daha çox qəbuluna üstünlük verməliyik. Ümumi qəbul edilmiş antidepressant,xoşbəxtlik qidası hesab edilən –şokolad istədiyinizdə,lakin kilo alma ehtimalınız olduğuna görə norma daxilində qəbul edə bilərsiniz.Eyni zamanda C və B qrup vitaminləri ilə zəngin qidalara üstünlük verməlisiniz.Bunların arasında daha çox qreypfrut depressiv simptomları zəiflədir,yüksək əhval-ruhiyyəni və əmək qabiliyyətini bərpa edir.Qara çay və kofeni bitki çayları(kəklikotu,nanə,cökə yarpağı) ilə əvəz etməniz arzu olunandır.Bu bitkilərin dəmləmələri sinir sisteminə müsbət təsir göstərir.
Payız depressiyası zamanı fiziki məşğələlər vacibdir.Buna yüngül formalı qaçışlar,sürətli yerişlər,idman zallarında məşqlər, üzgüçülük məşqləri aid ola bilər. Əgər üzgüçülük məşqlərinə getmək imkanınız yoxdursa, suyun insan orqanizminə və ruhuna göstərdiyi müsbət təsiri nəzərə alaraq alternativ variant kimi kontrast duş (isti-soyuq) qəbul edə bilərsiniz.Təmiz havada vaxt keçirmək vacibdir.İş otağınızda və evinizdə otağın işıqlandırılmasına diqqət edin.Yuxu normanıza fikir verin.Belə ki,gecə yuxusu 8 saatdan az olmamalıdır.Əgər hər hansı səbəbdən gecə az və yaxud narahat yatmısınızsa,növbəti gün mütləq balansı bərpa edin. Mümkün daxilində günorta 0.5-1 saat “yuxunuzu alsanız “ lap əla olar.Gününüzün ən az 20 dəqiqəsini sevdiyiniz kitabın mütaliəsinə həsr edin.Həftənin 1 gününü özünüzü informasiya qəbulu və sosial şəbəkələrdə keçirməkdən azad edin.Ən azından 1 gün olmasa da axşam saatlarınızı buna həsr edə bilərsiniz.Yoqa və meditativ məşğələlər depressiya ilə ən gözəl mübarizə üsullarıdır.
Nəhayət pozitiv düşüncənizin sizi tərk etməsinə imkan yaratmayın. Komediya filmləri izləyin,sevdiyiniz,sizə xoş təsir bağışlayan insanlarla ünsiyyət qurun,zarafat edin,gülümsəyin,ürəkdən gülün,çünki gülüş stress yaradan Adrenalin və Kortizol hormonlarının yaranmasının qarşısını alır.Unutmayaq ki,iqlimimiz 4 fəsildən ibarətdir və hər fəslin özünə məxsus gözəlliyi var.Mövsümdən asılı olmayaraq əhvalınızı yüksək tutub,payızın gözəlliklərini duymağa çalışın!
Leyla Əsədova
Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu