“Ağ atlı oğlan” və “Porsche”li Ağaəli

18222309_1515160765182200_1182204208112062937_n
Mənim balam bal dadır

Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, tanınmış psixoloq Elnur Rüstəmovun Ailem.az-a məqaləsini təqdim edirik.

Balama qurban inəklər.

Balam nə vaxt iməklər?

Həyat düşüncələr üzərində bərqərar olur. Düşüncələr də gördüklərimiz, eşitdiklərimiz və oxuduqlarımızdan formalaşır. Yuxarıdakı misra şifahi xalq ədəbiyyatındandı. Bəli, biz balalara hər şeyi qurban demişik və nəticədə bəzən özümüz də qurbanlıq olmuşuq. Bəlkə də yeri deyil, ancaq ağlıma gəlmişkən qoyun onu da deyim. Qurban məsələsi. Yəqin bilirsiniz qurbanlığın tarixini. Detallara varmıram. Bildiyim qədər hər 3 səmavi dində qurbanlıq mövcuddu. Tədqiqatçılar səmavi dinlərdən də qabaq qurbanlıq ayinin mövcud olduğunu qeyd edirlər. Hətta bir çox ölkələrdə insanları belə, qurban verirdilər. Şübhəsiz məqsəd Allahın, Yaradanın könlünü almaq idi. Səmavi dinlərdə, konkret olaraq İslam dinində qurbanlıq başqa anlam daşıyır. Yəni insanın Allaha bağlılığı, həm də yardımlaşma, insanların bir-birinə bağlanması kimi dəyərləndirilir. Həqiqətdə də elədi. Nə isə, bu məsələni uzatmaq istəməzdim. Çünki demək istədiyim başqa şeydi. “Porsche” məsələsi, ağ atlı oğlan məsələsi. Nağıllarda ağ atlı oğlan xilaskar kimi verilir. Əslində o oğlan da “xilaskardı”. Necə bir “xilaskar?” Onu sonda biləcəyik.

Bəli, biz indiki yeniyetmələr kimi olmadıq. Heç indi böyüyən uşaqlara da bənzəmirik. Davranış, valideynə münasibət, elə valideynin də uşağa münasibəti baxımından. Çox şey dəyişib. Elə özümüz də. Dünənki ata öz atasının yanında uşağını qucağına almazdı. Öz aləmində və cəmiyyətin dəyər sistemində bu, “tərbiyəsizliyə” bərabər bir hal idi. Uşaq yıxılsa belə, götürməyə icazəni gözləyərdi. Şübhəsiz, biz bunu o dövrün bütün ailələrinə şamil etmirik. Ancaq ümumi şəkildə vəziyyət belə idi. O, o dövrlər idi. Fərqli dövr idi.

İndiki yeniyetmə isə fərqlidi. Ailəyə etiraz edər, qonşunu eşidər, şanson mahnılara qulaq asar, bütün həbsxanada yatanların avtoritet olduğunu düşünə bilər. Oxumadan da yaşamağın mümkünlüyünü iddia edər. Ətrafda oxumayıb da özünə şərait quran insanların neçə obyektinin olduğunu, hansı marka avtomobil sürdüyünü, hətta o avtomobilin seriya nömrəsinə qədər söyləyə bilər. Bəli, o, yeniyetmədi, yaşına və enerjisinə görə bu həyatda oxumadan, təhsil almadan da hər şeyi əldə etməyin mümkünlüyünü düşünür, bu istiqamətdə valideynləri ilə günlərlə mübahisə edir. Bu günün yeniyetmələri tam fərqli bir zamanda və şəraitdə böyüyürlər. O yeniyetmənin yaşında bizim bütün oyuncaqlarımız taxtadan idi. Olsa-olsa bir velosipedimiz olardı. O da ki, ev işlərində kömək etməyimiz üçün alınırdı.

Uşaqlar ata-anadan çox zəmanəyə oxşayarlar! Hz. Əli.

Bəli, zəmanəmizin uşağı başqa cür düşünür. Bu gün ailələrdə əvvəlki illərlə müqayisədə uşaq sayı azdı. Qabaq indiki qədər problemli uşaqlar dünyaya gəlmirdi. Qabaq ailələrdə indiki qədər mübahisələr yaranmırdı. Qabaq boşanma indiki qədər deyildi. O dövrün yeniyetmələri bir-birinin paltarını geyinib böyüdülər. O vaxt valideyn uşağı cəmiyyət üçün böyüdürdü. Bu gün isə özü və yaxınları üçün böyüdür. Ailədə uşaq sayı azaldıqca, uşaqların eqoları böyüyür, kaprizləri artır. Öncə hiperaktivlik, sonra isə davranış pozuntusu fonunda. Bugünün bir qism valideynləri də problemlilik baxımından uşaqdan geri qalmır. Əsəbidi, qaçaraq həyat yaşayır, uşağın gələcəyini düşünüb də onunla az zaman keçirir. Bir az da qabağa getsək, “uşaqla bacarsa, bacarsa tək özüm bacararam” düşüncəsi ilə məsələyə yanaşır. Psixoloqu qəbul etmir, qəbul etsə belə, “öz şərtləri” daxilində psixoloqun uşağını “düzəltməyini” az qala “sifariş” edir. Bir sözlə, bəzən psixoloqa “xəstənin xəstə etdiyini gətirir”. Bəzən də o valideyn “uşağım böyüyər, hər şey  düzələr” prizmasından məsələyə yanaşır. Uşaq böyüyür, ancaq heç nə düzəlmir. Çünki valideyn uşağın düzəlməsi istiqamətində addım atmır, atsa belə, yanlış addımlar atır. Uşağın istəklərini yerinə yetirməklə onun düzələcəyini düşünür. Ancaq uşağın istəyi azalmır, əksinə, artır. Proses zəncirvari prosesdi. Vay o gündən valideyn o zəncirin bir həlqəsinə ilişsin. Dartıb aparacaq. Necə ki, aparır da, apardı da.

Gəlin etiraf edək ki, bu gün Ağaəlilər cəmiyyətdə az deyil. Adı bir qədər arxaik addı. Ehtimal etmək olar ki, babasının adıdı. Ata o adı oğluna qoyanda nələr fikirləşmişdi, bir Allah bilir. O ataya da asan deyil. Hələ rəhmətə gedən ana və ortalıqda qalan 2 körpə balanı demirəm. O ayrı bir DƏRDdi. Sözlə ifadə edilməyəcək DƏRD. Ağaəli “qurbanlıq” oldu. İstəmədən, yatıb yuxusuna belə girməyəcəyi bir hadisənin qurbanı oldu. İnanıram, valideynlər bundan sonra övladlarına qarşı münasibətdə bir qədər diqqətli olacaqlar.

Elnur Rüstəmov

Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq

http://aile.lent.az/m/news/16033

Share to Odnoklassniki